İraqdakı kütləvi etirazlar bütün ölkəyə yayılıb. Verilən məlumatlara görə, etirazlar başlayandan bəri ölənlərin sayı qədər 65 nəfərə çatıb.
İraqın nüfuzlu şiə ruhani liderlərindən Muqtada al-Sadr ölkədə etiraz aksiyalarının intensivləşməsinin ardınca hökuməti istefaya çağırıb.
Sadr oktyabrın 4-də verdiyi bəyanatda deyib ki, son dörd gündə 40 nəfərin ölümünə səbəb olmuş zorakılıqların dayandırılması naminə “hökumət istefa verməli və BMT-nin nəzarəti altında erkən seçki keçirilməlidir”.
Bağdadda gündüz saatlarında atışma səsləri eşidilirdi. Təhlükəsizlik qüvvələri mərkəzdəki Təhrir meydanına can atan etirazçı qrupların qarşısını almağa çalışırdı.
Oktyabrın 1-dən bəri İraqın paytaxtı və başqa şəhərlərində kommunal xidmətlərin bərbadlığına, işsizliyə və korrupsiyaya qarşı zorakı etirazlar davam edir.
Bağdadda naməlum snayperlərin güllələri iki polis zabitinin və iki mülki şəxsin həyatına son qoyub.
Televiziya ilə müraciətində baş nazir Adel Abdul-Mahdi etirazçıların “haqlı tələblərinə” cavab veriləcəyini vəd edib, lakin deyib ki, İraqın problemlərinin həll edilməsi üçün “möcüzəli vasitə” yoxdur.
Bu arada İraqın ən yüksək vəzifəli şiə lideri – böyük ayətüllah Ali al-Sistani hər iki tərəfi “nə qədər ki gec deyil” zorakılığa son qoymağa çağırıb.
Sistani iqtisadi və antikorrupsiya islahatlarını həyata keçirə bilməyən siyasətçiləri tənqid edib və hökuməti “öz vəzifələrinin icrasına” çağırıb