Cavad Hüseynov təxminən 30 ildir tikinti və təmir işlərində çalışır. İşlədiyi obyektlərin bir çoxunda onunla əmək müqaviləsi bağlanmayıb. O da gündəlik, aylıq qazancını alıb ailəsini dolandırıb, gələcək pensiyası barədə çox düşünməyib: "Neçə ildir işləyirəm, heç vaxt fikirləşmirdim ki, bu illər pensiya hesabımda necə görünəcək. Əsas odur ki, ayın sonunda pulumu alım, evin xərclərini ödəyim".
Onun sözlərinə görə, işəgötürəndən əmək müqaviləsi tələb etmək də həmişə mümkün olmur: "Müqavilə tələb edəndə deyirlər ki, istəmirsənsə, yerinə başqası var. Ailəm var, uşaqlarım var, işsiz qalmaq istəmirəm. Ona görə də çox vaxt razılaşmışam, demək olar, ancaq müqaviləsiz çalışmışam. Bu qədər işləmişəm, bəs sabaha nə qalacaq? Pensiya yaşına çatanda bu illəri rəsmiləşdirə biləcəm, yoxsa hər şey batacaq?".
Bu narahatlıq, əslində, minlərlə insanın ortaq dərdidir. Qeyri-rəsmi əmək bu günü xilas etsə də, gələcəyin sosial təminatını kölgədə qoyur.
Əmək müqaviləsi yoxdursa...
"Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsinə əsasən, sığorta stajı insanın sadəcə neçə il işləməsi ilə deyil, həmin illərdə onun adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə hesablanır.
Yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas meyarlardan biri fərdi hesabda yığılmış pensiya kapitalının kifayət qədər olmasıdır. Hazırda minimum əmək pensiyası 320 manatdır. Qanunla 12 il pensiyaödəmə müddəti müəyyən edildiyi üçün 144 ay ərzində (320 manat × 144) 46 min 80 manat pensiya kapitalı minimum pensiya təminatına imkan verir. Əgər şəxsin fərdi hesabındakı pensiya kapitalı bu məbləğə yetmirsə, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün azı 25 il sığorta stajı tələb olunur.
2026-cı il iyulun 1-dən həm kişilər, həm də qadınlar üçün pensiya yaşı bərabərləşib, 65-ə yüksəlib. Hazırda əhalinin 10.5 faizini (1 milyon 103.3 min nəfər) pensiyaçılar təşkil edir.
Müqaviləsiz çalışdığı üçün pensiya hüququ qazanmayan yaşlı vətəndaşlar isə ayda cəmi 220 manatlıq sosial müavinətlə kifayətlənməli olurlar. Yəni, müqaviləsiz işləyən şəxs sosial sığorta haqları ödəməyibsə, onun pensiya kapitalı da formalaşmır.
İqtisadçı Rəşad Həsənov deyir ki, məcburi dövlət sosial sığorta haqqı ödəyən sahibkarlar və torpaq mülkiyyətçiləri üçün də sığorta stajı formalaşa bilər. Onun sözlərinə görə, ölkədə 1 milyon 700 mindən artıq torpaq mülkiyyətçisinin əhəmiyyətli hissəsinin əmək müqaviləsi yoxdur. Bu şəxslər torpaq mülkiyyətçisi kimi sosial sığorta haqqı ödəməklə sığorta stajı toplaya bilərlər. İqtisadçı vurğulayır ki, "həmin ödənişlər böyük məbləğlər olmasa da, xüsusilə regionlarda yaşayan insanlar üçün müəyyən maliyyə yükü yaradır".
Qeyri-rəsmi məşğulluğun miqyası nə qədərdir?
Hələ 2017-ci ildə qeyri-rəsmi məşğulluğun monitorinqi və statistik göstəricilərinin hazırlanması tapşırılsa da, aradan keçən 9 ildə Azərbaycanda bu sahənin dəqiq miqyasına dair heç bir rəsmi məlumat açıqlanmayıb.
İqtisadçı R.Həsənov da qeyri-rəsmi çalışanların dəqiq sayının bəlli olmadığını, lakin bu göstəricinin ən azı 1.5–2 milyon nəfər olması ehtimalının çox yüksək olduğunu bildirir. Belə ki, Azərbaycanda təxminən 5 milyon nəfərlik əmək qüvvəsi olduğu halda, oxşar iqtisadiyyatlarda bunun 3.5-4 milyonu muzdla çalışan şəxslərdir. Hazırda isə ölkədə təxminən 1.8 milyon nəfərin əmək müqaviləsi var. İqtisadçı hesab edir ki, bu müqayisə əmək bazarında 1.5-2 milyon nəfərin öz əməyini rəsmiləşdirmədiyini və ya qanuni əmək bazarına cəlb edilmədiyini göstərir.
Bəs illər sonra həmin iş dövrünü rəsmiləşdirmək olarmı?
Məsələni AzadlıqRadiosuna şərh edən, adının çəkilməsini istəməyən hüquqşünasın sözlərinə görə, keçmiş əmək fəaliyyətini bərpa etmək nəzəri baxımdan mümkündür. İşçi faktiki əmək münasibətlərində olduğunu sübut edə bilsə, məhkəməyə müraciət edə bilər. Lakin burada həm iddia müddəti, həm də sübut bazası həlledici rol oynayır. Yəni, iddia müddəti ötürülməyibsə, məhkəmədə iddia qaldırıb həmin münasibətləri tanıtmaq nəzəri olaraq mümkündür.
Hüquqşünas vurğulayır ki, illər keçdikcə faktiki işlədiyini sübut etmək daha da çətinləşir. Çünki işçinin harada, nə qədər müddət və hansı şərtlərlə çalışdığını təsdiqləyən sənədlər, bank çıxarışları, yazışmalar və digər sübutlar çox vaxt olmur: "Hətta məhkəmə bunu qəbul etsə belə, həmin dövrün sosial sığorta sisteminə daxil edilib-edilməyəcəyi tamamilə ayrı bir məsələdir".
Dövlət nə edir və nə edə bilər?
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) əmək müqaviləsini işçinin gələcək pensiyasının əsas zəmanəti sayır, qanunvericilik isə müqaviləsiz işçi çalışdıran işəgötürənləri ciddi cəzalandırır. Vergi Məcəlləsi bu pozuntuya görə il ərzində 2 min manatdan 6 min manatadək maliyyə sanksiyası, İnzibati Xətalar Məcəlləsi isə 25 min manatadək cərimə nəzərdə tutur. Müqaviləsiz işçi sayı 10 nəfəri keçdikdə isə məsələ artıq cinayət məsuliyyəti müstəvisinə keçir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən ilin sonunda Azərbaycanın qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsindəki uğurlarını "əlamətdar" adlandırıb. O, 2017-ci ildən bəri ölkədə əmək müqavilələrinin sayının 44 faiz, özəl sektorda isə 536 min artdığını deyib: "Bu gün biz artıq 1.9 milyon əmək müqaviləsinin olduğunu müşahidə edirik. Amma bu islahatlara başlayanda müqavilə sayımız cəmi 1.3 milyon idi".
İqtisadçı R.Həsənov hesab edir ki, əsas məsələ qeyri-rəsmi məşğulluğun kökündə duran səbəbləri aradan qaldırmaqdır. Onun fikrincə, yüksək fiskal və vergi yükü, eləcə də bazardakı rəqabət mühiti bir çox sahibkarı qeyri-rəsmi fəaliyyətə sövq edir.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) da bildirir ki, qeyri-rəsmi çalışanların problemini təkcə cərimə və nəzarətlə həll etmək mümkün deyil, sosial sığortaya qoşulmağı sadələşdirən və ödəniş yükünü azaldan mexanizmlər də mühüm rol oynayır. Məsələn, Uruqvaydakı "Monotributo" sistemi fərdi çalışanlara sadələşdirilmiş ödənişlə həm vergi, həm də sosial müdafiə sisteminə qoşulmaq imkanı verir. Ölkədə qeyri-rəsmi məşğulluq 2001-ci ildəki 42.8 faizdən 2022-ci ildə 21 faizə düşüb.
BƏT-in təhlillərinə görə, dünyada 2.1 milyard insan qeyri-formal çalışır; bu göstərici ən az inkişaf etmiş ölkələrdə 88.6 faizə çatır. Qurum vurğulayır ki, kölgə iqtisadiyyatını bitirmək üçün yeni, keyfiyyətli iş yerləri yaratmaq və iqtisadi məhsuldarlığı qaldırmaq lazımdır. Bu isə o deməkdir ki, Azərbaycan inzibati təzyiqlərlə kifayətlənməyib, kiçik biznesi və fərdi çalışanları qanuni fəaliyyətə həvəsləndirən real iqtisadi mühit qurmalıdır.