Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:06

Daha 135 vərəsəyə birdəfəlik müavinət veriləcək


Müavinətləri ala bilməyənlər noyabrın 13-də etiraz aksiyası keçiriblər
Müavinətləri ala bilməyənlər noyabrın 13-də etiraz aksiyası keçiriblər

Qarabağ uğrunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrindən daha 135 nəfərə birdəfəlik müavinət veriləcək.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində noyabrın 15-də keçirilmiş toplantıda məlumat verilib. Nazirlik bununla bağlı öz saytında məlumat yayıb.

Məlumata görə, toplantıda prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası müzakirə edilib.

Toplantıda qərara alınıb ki, daha 110 mərhum hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmə verilsin.

Bundan əvvəl, noyabrın 2-də Qarabağ uğurunda döyüşlərdə həlak olan hərbi qullqçuların vərəsələrindən 144 nəfərə birdəfəlik müavinət verilməsi qərara alınmışdı.

Fərman yeni veriləndə isə rəsmilər demişdilər ki, ilkin hesablamalara görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək. Ancaq ümumilikdə proses, hələ başa çatmayıb.

Narazı qalanlar...

Elə bu gün, noyabrın 15-də Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri isə Milli Məclisin önündə toplaşıblar.

Onlar bir sıra şüarlar səsləndirərək həlak olan yaxınlarına görə birdəfəlik müavinəti ala bilmədiklərindən şikayətləniblər. Həmin şəxslər deputatlarla görüşüblər.

Deputat Aqil Abbas onlara deyib ki, prezidentin bu məsələni həll edəcəyinə inanır:

“21 il dözmüsünüz, bir 2 ayda dözün. Hökumət də çalışır ki, bunu həll etsin...”

Bu insanlar bundan öncə də bir neçə dəfə həm Prezident Administrasiyasının, həm Milli Məclisin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar.

Noyabrın 13-də onları əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəbul edib. Ancaq bu qəbuldan şikayətçilər razı qalmayıblar.

Nazir də sonra jurnalistlərə deyib ki, müavinətdən ötrü müraciət edənlərin sənədləri düzgün olmalıdır:

“... Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra Qarabağ uğrunda döyüşlərdə həlak olan hərbi qulluqçuların bəzilərinin ailələrinin narazılığı eşidilməyə başlayıb. Həmin ailə təmsilçiləri deyiblər ki, müraciət edəndə onların bu müavinəti artıq aldıqları bildirilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb:

“1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” qanuna əsasən, varislərə 50 min – 200 min manat məbləğində sığorta ödənişi həyata keçirilib...”.

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir.

Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla bu məbləğin qalan hissəsi ödənilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG