Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

MTN zabiti işə düzəlmək üçün rüşvət verməsindən danışır


Pul
Pul

Keçmiş MTN əməkdaşı Faiq Muxtarov Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilir. O, 300 min manat və 103 min dollar pulunun ələ keçirildiyini deyir. İddia edir ki, tanışı Azad Əliyev onu MTN-dəki işinə bərpa etdirmək və birgə biznes qurmaq adıyla bu qədər pulunu alıb aldadıb.

A.Əliyev CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham edilərək həbs olunub. Hazırda onun məhkəməsi gedir.

İddia olunur ki, A.Əliyev keçmiş MTN zabiti də daxil olmaqla, adamlara yüksəkvəzifəli məmurlarla qohum olduğunu deyərək onları aldadıb, işə düzəltmək, universitetə qəbul etdirmək, birgə iş qurmaq adlarıyla pul alıb.

A.Əliyev özünü qismən təqsirli bilib. Deyib ki, bir neçə adamdan iş görmək üçün pul alsa da, sonradan iş alınmayıb. Aldığı borcları da qaytara bilməyib. Amma onlarla razılığa gəlib.

«Camaat MTN-dən qaçırdı ki, gözə görsənməsin»

A.Əliyev yalnız sabiq MTN-çi Faiq Muxtarovla bağlı ittihamı qəbul etməyib. Deyib ki, o da F.Muxtarovu məhkəməyə verib:

***Buna da bax-Keçmiş MTN-çilərin işi: General xanım peşman oldu?

«Faiqlə şərikli biznes işi görəcəkdik. Onun özü MTN işçisi olub. Mən guya ondan MTN-ə işə düzəltmək adı ilə pul almışam, sonra bir neçə dəfə də iş görmək adıyla verib. Əgər bir dəfə veribsə, işini də görməmişəmsə, ikinci, üçüncü dəfə niyə verirdi? Faiq özü məndən 230 min pul alıb. Həmin pulu ona görə verdim ki, Faiqin gətirdiyi malların rüsumunu ödəmək lazım idi. Əgər deyildiyi kimi, mən Faiqdən 400 min alsaydım, burada olmazdım. Faiqin qardaşı Daxili İşlər Nazirliyində işləyir. Faiq deyir ki, guya mən ondan vəzifəli şəxslərə vermək üçün rüşvət almışam. Mənim öz şirkətimə 20 milyonluq mal gəlirdi. Mən bu qədər işin içində gedib Faiqdən 10 mini niyə almalı idim? Guya aldığım pulu MTN-ə rüşvət kimi verəcəkdim. Camaat iş görəndə MTN-dən qaçırdı ki, gözə görsənməsin. Mən dəli idim ki, iş görüm, sonra da aparım pulu MTN-ə verib gözə girim? Mən mülki qaydada Faiq Muxtarlını məhkəməyə vermişəm. Bu ayın 17-də məhkəmənin hökmü çıxacaq».

F.Muxtarov da zərərçəkmiş qismində danışıb. Deyib ki, MTN-dəki işinə bərpa olunmaqdan ötrü rüşvət verməyə razılaşıb, buna görə cəzasını çəkməyə də hazırdır:

***Buna da bax-Eldar Mahmudovun vəkili etiraz edir: 'İndi bu adam hər kəsi günahkar biləcək'

«Vəzifəli şəxslərin adını çəkirdi. Bəziləri ilə qohum, bəziləri ilə sinif və ya əsgər yoldaşı olduğunu deyirdi. Mən Bakıya tikinti materialları gətirirdim. Dedi ki, gömrükdə adamları var. Özünün də tikinti şirkəti var. Mənim mallarımı daha ucuz qiymətə gömrükdən keçirəcəyini dedi. Bu da mənə sərf edirdi. Armatur gətirəndə hər tonunda 15 min güzəşt edəcəyini dedi. Bunun üçün 100 min verdim. Amma mallar gecikdi. Keşlədə qatarların dayandığı yük yerindən öyrəndim ki, rüsum ödənmədiyindən malı buraxmırlar».

Sabiq MTN-çinin sözlərinə görə, növbəti dəfə A.Əliyev deyib ki, qum-çınqıl monopoliyasını Ziya Məmmədovdan alıb onun şirkətinə verirlər, buna görə 250 min pul lazımdır. Həmin vaxt Müdafiə Nazirliyində tender olacağını da söyləyib: «Mən də öz adamımı Müdafiə Nazirliyinə göndərdim. Orada ona dedilər ki, tender yoxdur. Həmin adama daha sonra polkovnik Sabir Əliyev adlı bir nəfər zəng edib, deyib ki, siz tenderi udmusunuz. O nömrəyə zəng elədim ki, polkovniklə özüm danışım, səsindən tanıdım ki, Azadın özüdür».

MTN-ə işə bərpa məsələsinə gəlincə, deyir ki, Azad ona nazirliyin kadrlar idarəsinin rəisi ilə qohum olduğunu söyləyib.

Məhkəmə davam edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG