Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:49

Eldar Mahmudovun vəkili etiraz edir: 'İndi bu adam hər kəsi günahkar biləcək'


E.Mahmudov

Vaxtilə MTN əməkdaşları tərəfindən tutulub, 21 ay həbsdə qanunsuz saxlandığı məhkəmə qərarı ilə təsdiqlənən Mətləb Mustafayevə 5 min manatlıq kompensasiya kəsilsə də, bununla razılaşmır. Deyir ki, həbsində iştirakı olan hər kəs cəzalanmalıdır.

Sözügedən 5 min manat təzminat M.Mustafayevin MTN-in İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevə qarşı iddiası əsasında təyin olunmuşdu. Məhkəmə qərar vermişdi ki, həmin məbləği Maliyyə Nazirliyi ödəsin.

M.Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu, nazirliyin Hərbi Tibb İdarəsinin rəisi, ixtisasca stomatoloq general-mayor Məzahir Yaqubovu və MTN-nin İstintaq İdarəsinin müstəntiqi olmuş Elşən Murtuzovu da məhkəməyə verib. Sabiq nazirə qarşı iddia Yasamal Rayon Məhkəməsinə verilmişdi, oradan ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərildi.

***Buna da bax-MTN-ə görə Maliyyə Nazirliyi kompensasiya ödəməlidir

Mayın 30-da Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyev deyib ki, bu üç iddia ərizəsi ayrı-ayrılıqda daxil olub. E.Mahmudov və M.Yaqubova qarşı iddia ərizələri onun icraatına verilib, E.Murtuzova qarşı iddiaya baxmaq isə başqa bir hakim Rəşid Səmədova həvalə olunub. Amma hər üç şikayətin mahiyyəti eynidir, ona görə də birləşdirilib eyni icraatda baxılmalıdır: «Hər üç iddia ərizəsi birləşdirilib və bir icraatda baxılması qərara alınır. Hakim Rəşid Səmədovun icraatında olan şikayət də alınıb bu işə birləşdiriləcək».

«Bu nə məbləğdir?»

E.Mahmudovun vəkili Cavid Rzazadə müvəkkilinə qarşı iddia ərizəsinin icraata götürülüb baxılmasına etiraz edib. Bildirib ki, artıq M.Mustafayevin iddiası əsasında Səbail Rayon Məhkəməsində qətnamə çıxarılıb, Maliyyə Nazirliyinin üzərinə də ona təzminat ödəmək öhdəliyi qoyulub. Vəkilin fikrincə, eyni məsələ ilə bağlı yenidən araşdırma aparılıb qərar verilməsi qanunsuzdur:

***Buna da bax-Eldar Mahmudovun vəkili bəlli oldu: 'Onun məcburi gətirilməsinə ehtiyac yoxdur'

«Mətləb Mustafayevin Mövlan Şıxəliyevə qarşı iddiası əsasında 10 mayda çıxarılmış qətnamə var. Eyni iş üzrə ayrı-ayrı iddia ərizələrinin icraata götürülməsi mümkün deyil. Bundan əvvəlki qətnamə nəzərə alınmalıdır. Belə çıxır ki, iddiaçı indi ayrı-ayrı şikayətlər verib, bir-bir hamını günahkar biləcək».

M.Mustafayev isə sabiq nazirin vəkilinə deyib ki, qanunsuz həbsində əli olan hər kəsi məhkəməyə verəcək: «Məni Eldar Mahmudovun sifarişi ilə işdən çıxarıblar. Sonra da onun sifarişi, Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin göstərişi ilə evimə silah atıb, həbs ediblər. 21 ay qanunsuz həbsdə saxlanmışam. Bu müddətdə özüm, ailə üzvlərin nə qədər iztirab çəkib. İndi məhkəmə Mövlan Şıxəliyevə qarşı iddia üzrə 5 min manat cərimə kəsir. Bu nə məbləğdir? Mən vəkilə pul ödəmişəm, başqa xərclərim çıxıb, mənəvi zərər çəkmişəm. Evinə qoyulan tapançaya görə ekspertiza xərcləri də məndən tutulub. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi mənim haqqımda bəraət hökmü çıxaranda bunları nəzərə almadı, qərarda bu adamlar haqqında tədbir görülməsi barədə heç nə yazılmadı».

***Buna da bax-MTN işi: 'Deyirdi, bu ölkədə prokuror da bizik, məhkəmə də'

General M.Yaqubov vaxtilə M.Mustafayev barədə rəy verib. Həmin rəyin saxta olduğunu iddia edən M.Mustafayev ona görə onu da məhkəməyə verib. Yaqubovun vəkili də ərizəyə baxılmasına etiraz edib: «Bu işlə bağlı başqa məhkəmənin qətnaməsi olduğuna görə iddia ərizəsi məhkəmə baxışına verilə bilməz».

Hakim E.Mehdiyev bildirib ki, bu məsələyə görə Səbail Rayon Məhkəməsinin təyin etdiyi 5 min manat dəymiş ziyana adekvat deyil. Amma digər tərəfdən də artıq məhkəmə qətnaməsi var: «Ona görə də məsələ bir daha araşdırılacaq, sonra qərar veriləcək».

Bu üzdən məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

M.Mustafayev sabiq nazir E.Mahmudovdan 137 min manat təzminat tələb edir.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri E.Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG