Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:17

MTN-ə görə Maliyyə Nazirliyi kompensasiya ödəməlidir


Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi

Vaxtilə MTN əməkdaşları tərəfindən qanunsuz həbs olunduğu, iki ilə yaxın həbsdə saxlandıqdan sonra təqsirsizliyi məhkəmə qərarı ilə təsdiqlənən Mətləb Mustafayev indi ona dəymiş maddi və mənəvi ziyana görə kompensasiya tələb edir. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevi ayrı-ayrılıqda məhkəməyə verən M.Mustafayev mayın 10-da bu proseslərdən birində qismən qələbə qazanıb. Səbail Rayon Məhkəməsi onun general M.Şıxəliyevə qarşı iddiasını qismən təmin edib. O, MTN generalına qarşı iddiada 63 min manat kompensasiya tələbi irəli sürsə də, məhkəmə məbləği 5 min müəyyənləşdirib. Qərara əsasən, Maliyyə Nazirliyi M.Mustafayevin qanunsuz həbsinə görə bu məbləği ona ödəməlidir.

İddiada Maliyyə Nazirliyi də cavabdeh qismində qoyulmuşdu. M.Mustafayev səbəbini də belə izah edir ki, E.Mahmudov, M.Şıxəliyev mühüm dövlət vəzifələrini tutublar. Onların elədikləri qanunsuzluqlara görə ziyanı da dövlət ödəməlidir.

«Demişdi ki, o ifadəni verməsəm...»

Qərardan öncə məhkəmədə M.Mustafayev çıxış edib, iddiasını belə əsaslandırıb:

***Buna da bax-Eldar Mahmudovun vəkili bəlli oldu: 'Onun məcburi gətirilməsinə ehtiyac yoxdur'

«Haqqımdakı cinayət işinin materiallarındakı saxtakarlıqlar, sənədlərə edilən düzəlişlər, tarix uyğunsuzluqları və s. göstərir ki, bu adamlar məqsədli şəkildə məni şərləyib həbs ediblər. Həbsimin təşkilatçıları və əsas icraçılarından biri məhz istintaq idarəsinin sabiq rəisi Mövlan Şıxəliyev olub. Bu adam mənim 21 ay həbsdə saxlanmağıma bais olub. Sənədlərdən görünür ki, bu şərləmə əməliyyatı birbaşa Eldar Mahmudovun göstərişi, Elçin Quliyevin, Mövlam Şıxəliyevin təşkilatçılığı və iştirakçılığı ilə edilib. ​Mənim həbsimdən sonra Eldar Mahmudov mərhum qardaşım Malik Mustafayevə təzyiq edirdi. Tələb edirdi ki, Elçin Quliyevin (Antiterror Mərkəzinin sabiq rəisi-red.), Mövlan Şıxəliyevin tələb etdikləri ifadəni verim. Demişdi ki, əgər o ifadəni verməsəm, nəinki məni, bütün qohum-əqrəbamızı həbs etdirəcək. Qardaşım bütün bu təzyiqlərdən özünü asdı...».

Malik Mustafayev də MTN polkovniki olub. O, qardaşının həbsindən az sonra intihar edib.

MTN generalı M.Şıxəliyev bildirib ki, istintaqda qəbul olunan qərarları prokurorluq araşdırıb: «Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi».

Mətləb Mustafayev Əmlak Məsələləri Dövlət Komitəsində, «Azərsu»da çalışıb. O, məhkəmədə bildirib ki, həbsindən öncə «Azərsu»dan da E.Mahmudovun sifarişiylə çıxarılıb.

***Buna da bax-MTN işi: 'Deyirdi, bu ölkədə prokuror da bizik, məhkəmə də'

M.Şıxəliyevin vəkili iddianı əsassız hesab edib və təmin edilməməsini istəyib.

Lakin qısa müşavirədən sonra hakim Nurəddin Bağırov iddianın qismən təmin olunması barədə qərarı elan edib.

Xatırlatma

M.Mustafayev həbsdə olan sabiq MTN generallarından Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevlə bağlı cinayət işində zərərçəkmişdir. Cinayət işinin materiallarında yazılıb ki, onun evinə silah atıb qanunsuz həbs ediblər.

M.Mustafayevin həbsindən sonra onun MTN-də işləyən qardaşı, polkovnik Malik Mustafayev intihar edib. Keçmiş general E.Quliyev həm də onu intihar həddinə çatdırmaqda ittiham olunur.

M.Mustafayev qanunsuz silah saxlama ittihamı ilə iki il azadlıqdan məhrum edilib, apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan, vəzifəli şəxslərin həbsindən sonra Ali Məhkəmə Mustafayev haqqında hökmü ləğv edib. Bakı Apellyasiya Məhkəməsi isə işə yenidən baxıb ona bəraət verib.

M.Mustafayev Dövlət Əmlak Komitəsində, «Azərsu»da çalışıb. Onun iddiasına görə, E.Quliyev mərhum Malik Mustafayevi yanına çağırıb, ondan tələb edib ki, «qardaşın vəzifəli şəxslər haqqında məlumatlar versin».

E.Quliyevin vəkili isə bildirib ki, Mustafayev qardaşlarının həbsində və ölümündə hüquqlarını müdafiə etdiyi şəxsin günahı yoxdur. Vəkilin sözlərinə görə, M.Mustafayevin evində əməliyyat-axtarış tədbiri keçirilməsi barədə göstərişi nazir E.Mahmudov vermişdi.

E.Mahmudov 2015-ci ildə işdən çıxarılıb. Bundan sonra nazirlik iki yerə ayrılıb. Qurumun bir sıra yüksəkvəzifəliləri isə həbs olunub. Onların əksəriyyəti vəzifə səlahiyyətlərini aşma, hədə qorxu ilə tələb etmə və digər ittihamlarda təqsirli bilinərək uzunmüddətli həbs cəzalarına məhkum ediliblər.

XS
SM
MD
LG