Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

Həbsdəki keçmiş MTN-çilərdən biri də azadlığa çıxıb


"MTN işi" illustrativ foto
"MTN işi" illustrativ foto

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan keçmiş vəzifəli əməkdaşlarındandaha biri azadlığa buraxılıb.

Nazirliyin Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki qurumlardan birinə rəhbərlik etmiş Akif Əliyev mayın 4-də Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasından azadlığa çıxıb. Həbsdən çıxan kimi də onun birbaşa Fəxri Xiyabana –prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət etməyə yollandığı bildirilir.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən, nazir Eldar Mahmudovun işdən çıxarılması və bu qurumun xeyli vəzifəlisinin həbsilə nəticələnən əməliyyatdan az sonra Akif Əliyev də həbs olunmuşdu. O, Bakı Hərbi Məhkəməsinin hökmüylə 5 il azadlıqdan məhrum edilmişdi. A.Əliyev hədə-qorxu ilə tələbetmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada və səlahiyyət həddini aşmada ittiham edilib.

Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, təxminən bir ay öncə Ali Məhkəmə onu dəyişib və Akif Əliyevin cəzası 3 il 6 aya endirilmişdi.

A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarənin rəisi Akif Çovdarov-la birlikdə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilən A.Çovdarov da Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Hətta onun oğlu Ruslan Çovdarov və qızı Aida Qasımova da ataları haqqında hökmdən onların adına olan əmlakların müsadirəsi hissəsilə əlaqədar şikayət etmişdi. Amma A.Çovdarov ötən ilin dekabrında saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən Ali Məhkəməyə məktub göndərərək, kassasiya şikayətini geri götürmək istədiyini bildirib. Məhkəmə də onun ərizəsini nəzərə alaraq, şikayətin baxılmadan geri qaytarılması barədə qərar qəbul etmişdi.

Amma bir müddət əvvəl A.Çovdarov fikrini dəyişərək, yenidən kassasiya şikayəti verib.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar etdiyi açıqlanıb.

Qalanlarının işi bir neçə yerə ayrılıb. Mənimsmə,vəzifə səlahiyyətlərini aşma, insanların telefon danışqlarını dinləmə və başqa cinayətlərdə ittiham edilən bu şəxslərə müxtəlif cəzalar kəsilib. Bəzilər şərti cəza alıb, bir qisminə də müxtəlif müddətə həbs cəzaları verilib.

Həbs olunan keçmiş MTN-çilərin bir qismi artıq, azadlığa buraxılıb.

MTN isə 2015-ci ilin dekabrında ləğv edilib.Onun bazası əsasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG