ANSP-ress turistlərin Gürcüstana axını və nəticədə Azərbaycanın itirdiyi valyutaya diqqət çəkir:
“2015-ci ildə Gürcüstana Azərbaycandan 1 milyon 392 min adam qonaq gedib. Qonaqların 1 milyonunun Gürcüstanda yaşayan azərbaycanlılara heç bir dəxli olmayan turistlər olduğunu anlamaq olur. Bunu Azərbaycan turizm sektorunun il ərzində təxminən 300 milyon dollar itirməsi kimi dəyərləndirmək olar. Azərbaycana Gürcüstandakı kimi turist axını müşahidə edilmir. Gələn turistlərin sayı isə çox azdır .
Sayt yazır ki, 2015-ci ildə Azərbaycan büdcəsinin neftin ucuzlaşmasından doğan çətinlikləri xaricə istirahətə gedən turistlərin ölkədə qalmasını aktuallaşdırır:
“Qiymətlər o qədər ucuz olmalıdır ki, Azərbaycan da Gürcüstan kimi kiçik büdcəli turistlərin axın etdiyi ölkəyə çevrilməlidir. Bu, hər il ölkədən çıxan yüz milyonlarla dolların qarşısının alınması və əlavə vəsaitlərin cəlbi deməkdir”.
Deputat Azərbaycan hökumətinə çıxış yolunu göstərdi
“Neft pullarını geninə-boluna xərcləməyə öyrəşmiş israfçı hökumət modeli”ndən, “neftsiz də yaxşı qazanmağı, qazandığınını səmərəli şəkildə istifadə etməyi bacaran çevik və qənaətcil hökumət modeli”nə keçmək lazımdır”.
BunuYeni Müsavat” qəzetinə müsahibəsində Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli deyib. O müshibədə gömrükdəki yeni qaydalara, monopoliya və gətirilən mallara görə əlavə rüsumların alınmasına son qoyulması barədə yayılan məlumatlara münasibətini bildirib.
Millət vəkilinin fikrincə, islahatlar qaçılmazdır: “Biz beynəlxalq standartlara cavab verən səviyyədə bir Gömrük Məcəlləsi qəbul etmişik. Qalır onu həmin səviyyədə də tətbiq etmək. Əlbəttə, bu sahədəki inhisarçılıq meylləri və digər çatışmazlıqlar aradan qalxsa, gömrük və vergi sistemində paralel surətdə maksimum şəffaflıq təmin edilsə, bu islahatlar ölkəmizin inkişafına yalnız müsbət tərəfdən təsir göstərər, iqtisadi fəallıq yüksələr, xarici ticarətdə kiçik və orta biznesin rolu və töhfəsi artar, qiymətlər aşağı düşər, büdcəyə daxilolmalar artar və s.”.
“ANS bu işdə öz xidmətini təklif edir”
“Azadlıq” qəzeti Kris Smitin “Azərbaycan Demokratiya Aktı» qanun layihəsini ANS-in erməni diasporunun işi kimi təqdim etməsinə Milli Şuranın sədri Cəmil Həsənlinin reaksiyasını dərc edib:
“Bu qanun layihəsinin erməni diasporu ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, Azərbaycan hakimiyyəti vəziyyətdən çıxış yolu aramaq əvəzinə qanun layihəsini erməni diasporu ilə əlaqələndirib, daxili auditoriyanı ona qarşı “səfərbər” etmək istəyir və ANS də bu işdə öz xidmətini təklif edir. Smit konqresin təcrübəli bir üzvüdür, o, 35 ildir Nyu Cersidən konqresə üzv seçilir. Bir şeyi nəzərə almaq lazımdır ki, Kris Smitin rəhbərlik etdiyi Helsinki komissiyası insan haqları və demokratiya məsələlərinə məsul olan bir komissiyadır və 2004-cü ildə “Belarus Demokratiya Aktı” da bilavasitə konqresmen Smitin təşəbbüsü ilə qəbul edilmişdi. Həmin qanuna görə Belarusda 200 nəfər rəhbər işçiyə və onların ailə üzvlərinə sanksiyalar tətbiq edilmişdi”.
Daha sonra Milli Şura sədri ANS-ə “Bəlkə “Belarus Demokratiya Aktı” da erməni diasporunun təsiri ilə qəbul edilmişdi” sualını ünvanlayır və fikrini belə davam etdirir:
“Məsələ burasındadır ki, hazırda Azərbaycanda siyasi mülahizələrlə həbs edilmiş insanların sayı Rusiya və Belarusyadakı siyasi məhbusların birgə sayından çoxdur. Qanun layihəsi də məhz bu zərurətdən irəli gəlmişdir… Lakin “Azərbaycan Demokratiya Aktı» qanun layihəsinin hədəfi yalnız siyasi məhbusların azad edilməsi deyil, orada insan azadlığı, söz azadlığı, azad seçki və demokratik islahatlar aparılmasının geniş bir dairəsi nəzərdə tutulur”.