Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:04

MSK-nı məhkəməyə verən Z.Qurbanlı: 'Hüququm məhdudlaşdırılır'


Z.Qurbanlı
Z.Qurbanlı

Respublikaçı Alternativ Partiyasının (ReAL) üzvü Zaur Qurbanlı Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib. Səbəb isə ona imza vərəqəsinin verilməsi barədə qərarın ləğvidir.

Z.Qurbanlı 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd kimi parlament seçkilərinə qatılmaq istəyir. 20 saylı dairə seçki komissiyasının (DSK) qərarıyla 18 dekabrda Z.Qurbanlının namizədliyinin irəli sürülməsi və imza toplamaq üçün ona vərəqələrin verilməsi haqda qərar qəbul edilib. Amma dekabrın 29-da MSK Z.Qurbanlının üzərindəki məhkumluğu əsas gətirərək, bu qərarı ləğv edib. O da MSK-nın ləğv qərarından məhkəməyə şikayət verib.

Qanuna görə, bu cür qərarlardan şikayət birbaşa apellyasiya məhkəməsinə verilir. Z.Qurbanlının şikayətinə yanvarın 2-də Bakı Apellyasiya Məhkəməsində Həmid Həmidovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

«Passiv seçki hüququmu reallaşdıra bilmirəm»

Məhkəmədə Z.Qurbanlı deyib ki, heç bir cinayət törətməyib, təqsirsiz olduğu halda məhkum edilib. Onun sözlərinə görə, Avropa Məhkəməsi onun işində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci (Azadlıq hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozulduğunu təsdiqləyib: «Bizim hökumət də Avropa Məhkəməsinin mənim haqqımdakı bu qərarını icra edib. Avropa Şurası Nazirlər Komitəsinə qərarın icrası barədə məktub da göndərib. Bununla hökumət də mənim cinayət törətmədən məhkum olunduğumu etiraf edib. Buna baxmayaraq, törətmədiyim cinayətə görə hüquqlarım məhdudlaşdırılır. Passiv seçki hüququmu (namizəd ola bilmək-red.) reallaşdıra bilmirəm».

Z.Qurbanlı əlavə edib ki, Azərbaycanın Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərov qərarların icrası barədə Nazirlər Komitəsinə sentyabrda göndərdiyi məktubunda Ali Məhkəmənin Plenumunun onların işinə yenidən baxacağını da göstərib. Qeyd olunub ki, bir neçə iş, o cümlədən Z.Qurbanlının işi artıq Ali Məhkəməyə göndərilib: «Sentyabrın 12-də göndərilib və Ali Məhkəmənin Plenumu uzağı 12 dekabra qədər keçirilməliydi. Bizə bəraət verən, bütün hüquqlarımızın bərpasını tələb edən qərarın icrası məqsədilə haqqımızdakı cinayət işinə yenidən baxılmalıydı. Amma Plenum qanunsuz olaraq gecikdirilir, nəticədə biz seçkidən kənar saxlanılırıq».

«Dövlətin təqsiridir»

MSK-nın nümayəndəsi Ramiz İbrahimov deyib ki, bu, artıq MSK-nın yox, Ali Məhkəmənin işidir. Plenum onun haqqında əvvəlki hökmü ləğv etsə, məhkumluq üzərindən götürülsə, MSK bu məsələyə yenidən baxa bilər.

«Dövlətin öz qurumları arasında koordinasiyanın düzgün qurulmaması mənim təqsirim deyil, birbaşa dövlətin təqsiridir», – Z.Qurbanlı belə cavab verib.

Bakı Apellyasiya Məhkəməsi onun MSK-ya qarşı şikayətini təmin etməyib.

Z.Qurbanlı AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə şikayət verəcək. O xatırladıb ki, Avropa Şurası Nazirlər Komitəsi sonuncu dəfə dekabrın 5-də Azərbaycan hökumətinə çağırış edərək, Konvensiyanın 18-ci maddəsindəki hüquqlarının pozulduğu təsdiqlənmiş 8 nəfərin işinə ən geci dekabrın 31-nə qədər baxılmasını, o adamların həbsdən öncəki hüquqi vəziyyətlərinə qaytarılmasını istəmişdi.

Z.Qurbanlı «Nida» Vətəndaş Hərəkatının İdarə Heyətinin keçmiş üzvüdür. O, 2013-cü ilin martında Bakıda keçirilən «Əsgər ölümlərinə son!» aksiyasından sonra həbs olunmuşdu. Kütləvi iğtişaşların təşkili, silah-sursat saxlama («Molotov» kokteyli) hazırlama, saxlama ittihamıyla 8 il azadlıqdan məhrum edilən Z.Qurbanlı 2014-cü ilin dekabrında prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG