Keçid linkləri

Təcili xəbərlər
2020, 09 İyul, Cümə axşamı, Bakı vaxtı 06:08

MSK şikayətlərə baxır


MSK

Bu gün, fevralın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir. İclasda əvvəlcə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən daxil olmuş müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına (DSK) göndərilməsinə qərar verilib.

Beş məntəqədə səsvermənin nəticələri ləğv edilib

Sonra 30 saylı Suraxanı birinci seçki dairəsinin 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qərar qəbul edilib.

Bu qərar namizəd Samirə Rəfullayevanın şikayətinə baxılandan sonra verilib.

MSK-dan iclasın gedişi ilə bağlı «Turan» agentliyinə bildirilib ki, sözügedən seçki məntəqələrində qanun pozuntularını təsdiq edən videogörüntülər var: «Araşdırma zamanı 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib».

Bir qədər sonra isə bu dairədə daha bir məntəqənin ləğv edildiyi açıqlanıb. Verilən məlumata görə, qərar qəbul olunandan sonra yenidən deputatlığa namizədin təqdim etdiyi videogörüntülərə baxılıb. Bundan sonra isə 1 saylı seçki məntəqəsində də səsvermənin nəticələrinin etibarsız sayılması səsə qoyulub və qəbul edilib.

MSK həmin dairədə lider namizəd olaraq Sevinc Fətəliyevanı açıqlayıb. Qərara, hələlik, ondan və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

MSK daha üç məntəqədə nəticələri etibarsız sayıb

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 19-da 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar da qəbul edib.

İclasda namizədlərdən Q.Yusibov və İ.Salamovun şikayətlərinə baxılıb.

Qurumdan bildirilib ki, şikayətçilər 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib. Lakin araşdırma aparılandan sonra yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyinin məlum olduğu açıqlanıb.

3 məntəqədə nəticələrin ləğvi dairədə yekun nəticəni dəyişməyib.

MSK həmin dairədə lider namizəd kimi V çağırış Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Aydın Mirzəzadəni açıqlayıb.

İki məntəqənin də nəticələri ləğv edildi

MSK iclasında 51 saylı Qusar seçki dairəsi üzrə daxil olmuş şikayət və müraciətlərə də baxılıb. Amma onların DSK-ya göndərilməsinə qərar verilib.

Habelə, 90 saylı Ağdaş seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qərar qəbul edilib.

Qurumdan bildirilməsinə görə, verilən şikayət ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, 6 və 7 saylı seçki məntəqələri istisna olmaqla, digər seçki məntəqələrində qanunun tələbləri pozulmayıb.

MSK bu dairədən Cavid Osmanovun qabaqda olduğunu açıqlayıb.

İclas davam edir.

MSK-nın bundan əvvəlki iclaslarında 4 dairədə və əlavə bir sıra məntəqələrdə seçkilərin nəticələri ləğv edilib. Onlarla müraciət isə baxılması üçün DSK-lara göndərilib.

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

XS
SM
MD
LG