Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 15:36

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində yenə cərimə kamerasına (kars) salınıb.

Bu haqda AzadlıqRadiosuna ilahiyyatçının vəkili Yalçın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, martın 6-da aldığı beşgünlük «kars» cəzası başa çatandan sonra ona yenə üçgünlük cəza verilib. Bayramda ailə üzvləri onunla görüşmək istəsələr də, onlara bildirilib ki, M.Səmədov yenə cərimə kamerasındadır, bu dəfə iki aylıq.

BU CƏZA MAKSİMUM 15 GÜN OLA BİLƏR

Amma vəkil deyir ki, qanunda iki aylıq «kars» müddəti yoxdur. Cəzaların İcrası Məcəlləsinə görə, bu cəza maksimum 15 gün ola bilər.

«Məsələnin qəlizliyi ondadır ki, bayramla əlaqədar iş günləri olmadığına görə Mövsüm Səmədovla görüşüb, baş verənləri öyrənmək də mümkün deyil. Onunla ən tez martın 27-də görüşə bilərəm», – Y.İmanov bildirib.

Müdafiəçi hesab edir ki, bütün bu baş verənlər M.Səmədovu yenidən Qobustandakı qapalı həbsxanaya qaytarmaq planının tərkib hissəsidir: «Əgər yaxın vaxtlarda Mövsüm Səmədovun saxlanma rejiminin dəyişdirilməsi üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyi məhkəməyə müraciət eləsə, bizim üçün gözlənilməz xəbər olmayacaq. Çünki adamın «barakda namaz qılırsan», «antisanitariya şəraiti yaradırsan» kimi bəhanələrlə ardıcıl cəzalandırılması, fikrimizcə, məhz buna hesablanıb».

Novruz bayramı ilə əlaqədar ölkədə iş günü olmadığından Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

XATIRLATMA

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar.

M.Səmədov 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ilahiyyatçını 12 saylı cəzaçəkmə müəssisəsindən 2 ilini həbsxana rejimində keçirməsi üçün Qobustana köçürüblər. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG