Keçid linkləri

2026, 01 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:00

Moskva metrosunda 'ən yeni' texnologiya vasitəsilə 140 miqrant saxlanılıb

Miqrantlar
Miqrantlar

Moskva metrosunda miqrantlara qarşı reyd zamanı 140-a yaxın əcnəbi saxlanılıb. Onları polis bölmələrinə aparıblar. Məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti yayıb.

Qurum bildirib ki, saxlanılan şəxslər ölkədə miqrasiya qanunvericiliyini pozaraq qalıblar, "nəzarət altında olan şəxslərin reyestri"nə daxil ediliblər. Onların ölkədən çıxarılması və Rusiyaya girişlərinin qadağan olunması planlaşdırılır.

DİN bu şəxslərin aşkarlanmasıi üçün "ən yeni" texnologiyadan istifadə etdiyini bildirir.

Məlumata görə, sistemin Rusiyanın regionlarında infrastruktur obyektlərində tətbiqi sayəsində belə nəticə əldə edilib. Söhbət aeroportlardan, dəmiryol vağzallarından, şəhər nəqliyyatı, çay limanları, Moskva metropolitenindən gedir.

DİN "ən yeni" texnologiyanın mahiyyətini açıqlamayıb. Əməliyyat çəkilişlərinin bulanıq görüntüləri yayılıb, polis əməkdaşlarının hansısa tətbiq vasitəsilə üztanıma yoxlaması apardığı görünür.

Qurum Moskva metropolitenində keçirilən sınağın səmərəli olduğunu açıqlayıb.

2025-ci il sentyabrın 1-dən Moskvada və Moskva vilayətində "Amina" tətbiqi rəsmən istifadəyə verilib. Əcnəbilər bu tətbiq vasitəsilə öz geolokasiya məlumatlarını DİN-ə ötürməlidirlər. Məlumat üç gündən artıq yenilənməyəndə miqrantları "nəzarət altında olan şəxslərin reyestri"nə salırlar. Amma onlara bu barədə ayrıca bildiriş göndərilmir.

2026-cı ilin yanvarında DİN "əcnəbi vətəndaşın rəqəmsal profili"nin yaradılması ilə bağlı qərar layihəsi dərc edib. "Meduza" yazıb ki, bu vahid məlumat bazasında hər bir əcnəbi haqqında ayrıca dosye yerləşdirilir.

Moskva metrosunda üztanıma sistemi isə 2020-ci ilin payızından aktivləşdirilib, şəhərin videomüşahidə kameraları şəbəkəsinə qoşulub.

"Forbes"un məlumatına görə, 2026-cı ilin ilk yarısında Moskvadan 16 min əcnəbi çıxarılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

XS
SM
MD
LG