Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 22:29

Moskva üzərində 180 dron vuruldu – bütün hava limanları bağlandı

Moskvadakı neft emalı zavodundan qatı tüstü yüksəlir.
Moskvadakı neft emalı zavodundan qatı tüstü yüksəlir.

Ukraynanın dron hücumundan sonra təhlükəsizlik səbəbi ilə Moskvanın bütün əsas hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb. Məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) yayıb.

Rusiya rəsmiləri Moskvaya doğru uçan 180 Ukrayna dronunun vurulduğunu bildiriblər. Müdafiə Nazirliyi iyunun 18-də açıqlayıb ki, hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkənin müxtəlif regionları üzərində ümumilikdə 555 Ukrayna dronunu məhv edib.

"RİA Novosti" Daxili İşlər Nazirliyinə istinadla xəbər verib ki, dron zərbələri barədə məlumatlardan sonra Moskva dairəvi avtomobil yolunun neft emalı zavodu yaxınlığından keçən hissəsində hərəkət dayandırılıb. Ukrayna dronları bu həftə ikinci dəfə Moskva neft emalı zavoduna zərbə endirib.

Neft emalı zavoduna bir həftədə ikinci hücum

Moskva meri Sergey Sobyanin "Telegram" hesabında yazıb ki, paytaxt üzərində 60-dan çox dron vurulub. "Reuters" agentliyinə danışan şahid zavodun yerləşdiyi Kapotnya rayonunda alov və tüstü sütunlarının yüksəldiyini bildirib.

"Hava hücumundan müdafiə qüvvələri kütləvi hücumu dəf etməkdədir. Bir neçə dron Moskva neft emalı zavoduna çata bilib", – Sobyanin bəyan edib.

İyunun 15-də gerçəkləşən hücumdan sonra həmin zavodun fəaliyyəti müvəqqəti olaraq dayanmışdı.

Rusiya dünyanın üçüncü ən böyük neft istehsalçısı və iri yanacaq ixracatçısıdır. Ölkə benzin qıtlığını aradan qaldırmaq üçün bu ay dəniz yolu ilə yanacaq idxal etməyə hazırlaşır.

Kiyev isə Rusiyanın ballistik raket hücumuna məruz qalıb. Şəhər rəsmiləri bildiriblər ki, bu, paytaxtda həftə ərzində baş verən ikinci analoji hücumdur. Ukraynanın əksər bölgələrində hava həyəcanı siqnalı verilib.

Zelenski Trampla danışıb

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Fransada G7 toplantısı çərçivəsində ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və digər liderlərlə danışıb. O, bu təmasları müharibəni dayandırmaq məqsədi daşıyan "koordinasiya söhbəti" adlandırıb.

Tramp iyunun 17-də bildirib ki, Rusiya Ukraynadan daha çox əsgər itirir. O, həm Rusiya prezidenti Vladimir Putinin, həm də Zelenskinin müharibə ilə bağlı müəyyən addımlar atmağa hazır göründüklərini vurğulayıb.

Kremlin bu həftə verdiyi açıqlamaya görə, Putin son telefon danışığında Zelenski ilə mümkün görüş məsələsini Trampla müzakirə etməyib.

XS
SM
MD
LG