Keçid linkləri

2026, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:17

'Əkinçi'siz və 'Molla Nəsrəddin'siz bir xalq, bir millət və bir mədəniyyət olaraq biz kimik?

"Molla Nəsrəddin" jurnalı. 1910
"Molla Nəsrəddin" jurnalı. 1910

Bu gün "Molla Nəsrəddin" dərgisinin 120 yaşı tamam olur. AzadlıqRadiosu bu dərginin Azərbaycan mədəniyyətində, ictimai-siyasi həyatında rolu barədə görkəmli mədəniyyətşünas alim, filosof Rəhman Bədəlovun ölümöncəsi bitirdiyi "Birgə həyat, ortaq tale: Həmidə xanım və Mirzə Cəlil" kitabından (çap prosesindədir) bir parçanı oxucuların diqqətinə yetirir.

Rəhman Bədəlov

118 il ötüb (bu sətirləri 2024-cü il, fevralın 15-də yazıram). Bu gün, heç bir şişirtməsiz, həmin taleyüklü olayın – "Molla Nəsrəddin" dərgisi fenomeninin önəmini anlayırıqmı?

Anlayırıqmı ki, ruhumuzun ölməzliyindən, bir xalq və millət kimi yetkinlik dərəcəmizdən 800 il öncəki mədəni olaylar deyil, elə bir əsrdən bir az çox yaşı olan "Molla Nəsrəddin" dərgisi danışır? Anlayırıqmı ki, söhbət "800 illik mədəniyyət"dən gedəndə, biz artıq "biz" olmaqdan çıxır, sırf mifologiyaya, özümüzə ucaltdığımız heykələ — özünüaldatma və özünəvurğunluq abidəsinə çevrilirik? Bu sətirləri yazanda 118 yaşını haqlamış "Molla Nəsrəddin" dərgisi nə keçmişdə donub qalıb, nə də həyatdan qaçaraq muzeydə gizlənən bir yaddaşa çevrilib. Bu dərgi özünü-özlüyünü qoruya bilənlərdən ötrü insani təmasın, şəxsi iştirakın xoş istiliyini bugünədək saxlayıb.

Anlayırıqmı ki, məsələ rəqəmlərdə deyil, rəqəmlər həmişə "aldadır", axı. Musa peyğəmbərin yəhudiləri Misirdəki əsirlikdən filan vaxt yox, bəhmən vaxtda qurtarmaları haqqında hansı gerçək yəhudi bəhsə girər? Axı hansı gerçək avropalı axeylərin Troyanı filan vaxt deyil, bəhmən vaxt dağıtdığına dair mərc qoşar? Axı bunlaradək troyalılar axey gəmilərini Troya civarlarında yandırıb məhv edilə bilərdilər, amma axeylər ölmədilər, tab gətirdilər.

Anlayırıqmı ki, "Molla Nəsrəddin" dərgisi də, Mirzə Cəlil də çağımızın Molla Nəsrəddinidir və gözlənilmədən bizi qabaqlayıb? Anlayırıqmı ki, hətta bu gün, o gündən bir əsrdən də çox vaxt sonra yenə Mirzə Cəlili, çağın Molla Nəsrəddinini ölümə məhkum edən, tində-döngədə-dalanda başına güllə sıxan, "ədalətli" görünmək üçün yalançı məhkəmələr quran adamlar tapılar? Anlayırıqmı ki, o halda ah çəkib, uf deyib, yenə unudacaq, özlüyümüzdə də düşünəcəkdik ki, burnumuzu belə işlərə soxmağa dəyməz, axı hakimiyyət bizdən ağıllıdır, bizim işimiz öz ailəmizin, yaxınlarımızın can güvənliyini qorumaqdır?!

"Molla Nəsrəddin"in nə demək olduğunu anlayırıqmı? Anlayırıqmı ki, nə vaxtlarsa özümüzdə cəsarət tapmışıq və o səbəbdən gücümüz, iradəmiz, kişiliyimiz yenə cəsarət göstərməyə yetər?

2024-cü il, yanvarın 24-dəki bloqumda bunları yazmışdım: "Yenə əvvəlki kimi düşünürəm ki, bizim XIX əsrin ikinci yarısında öz adı olan millətə çevrilməyimiz bir möcüzədir. "Möcüzə" mənim üçün, sadəcə, bir metaforadır: biz nə qədər bilgi əldə etsək də, o dövrə dair nə qədər qaynaq üzə çıxarsaq da, bunun necə baş verdiyi, necə mümkün olduğu sualına qəti cavab tapa bilməyəcəyik. Bu "möcüzə"nin içində məndən ötrü daha iki "möcüzə" var: "Əkinçi" və "Molla Nəsrəddin"".

"Molla Nəsrəddin" dərgisi barədə danışmaq və yenə "möcüzə" sözündən yararlanmaq istəyirəm. İnanıram və əminəm ki, bu dərginin çapının necə baş tutmasını heç bir rasional arqument açıqlaya bilməz. Bu üzdən, öz ölçü-biçili arqumentlərimə deyil, heyrətimə, sevincimə, coşquma söykənməyə çalışacağam. Bu dərginin nəşri, bir anlamda, mənim milli kimliyimi doğruldaraq təsdiqləyib.

"Molla Nəsrəddin" jurnalı. 1906
"Molla Nəsrəddin" jurnalı. 1906

Mətnimizə qayıdaq.

Mirzə Cəlil sonralar Həmidə xanıma belə deyəcək: "Çoxdan satirik dərgi nəşr etmək istəyirdim. Bir dəfə Tiflisin mərkəzi küçələriylə gəzəndə qəfildən ağlıma "Molla Nəsrəddin" adı gəldi. Sevindim və qərara gəldim ki, dərgiyə bundan yaxşı ad tapa bilmərəm. Bundan sonra dərginin nəşri üçün ciddi çalışmağa başladım".

Düşünməyə dəyər, axı yalnız adamın adından yox, yenidən doğulmağından (eynən "ölüm" və yenidən "doğulmaq"dan və həmin adamın təcəssüm etdirdiyi hamımızdan), bu adamın özünə yeni sima düşünməsindən, həmin simanın onun canına-qanına, ağrı-acısına, taleyinə (həm də bizim taleyimizə) hopmasından söhbət gedir. Ancaq o özünə təkcə yeni sima seçməyib, xalqın meydan itoynadanının, məsxərəcisinin köhnə maskasını da götürüb. Hərdən bir az lağlayıcı, amma xeyirxah, hərdən tikanlı, suçlayıcı təlxək maskasını. Bu təlxək heç bir iyerarxiyanı, heç bir sinif məhdudiyyətini tanımır. Daha kəskin deyək. Bir anlamda, o, artıq Mirzə Cəlil deyil, yeni Molla Nəsrəddindir. Küçə-meydandan, bazardan gələn yeni Molladır. Bizə hökm edən, əvəzimizdən düşünən, duyan və qərar verən, sanki bütün müsəlmanları yönəldəcək cilovları Allahın özündən alan, beləcə, bizləri tabeliyində saxlamaq üçün hakimiyyətə kömək edən, çoxsaylı mollalardan çox fərqli bir Molla.

Hansı bir andasa yenə gözünü açıb "Allahu əkbər!" nidasını eşitməzdən əvvəl Mirzə Cəlilin ağlına gəldi, ya sadəcə ağlına gəlmədi, ona yetişmiş bir düşüncə hakim oldu. O, Qori Seminariyasına nədən bütün varlığıyla, qab-qacağı sındırıb ata-anasını qorxudacaq qədər çılğınca can atdığını çox aydın anladı. Anladı ki, özünün ikinci "mən"iylə - Molla Nəsrəddinlə görüşmək üçün bunu istəyir. Qori Seminariyasında oxuyarkən, çox arzusu gerçək oldu, ancaq hamısı deyil. Seminariyadan qovulmamağı, ibtidai sinif müəllimi adını almağı, kənd müəllimi olmağı yetərli saydı. O, kənd müəllimi oldu və hətta bir kənddə 10 ildən çox müəllimlik etdi. Bu illər hədər keçmədi, Mirzə Cəlil yetkinləşdi, həyatı anlamağa başladı. Amma-ancaq-lakin bunlar lap önəmli deyildi. Lap önəmli olan getdikcə öz missiyasını – müqəddəs vəzifəsini daha aydın təsəvvür etməsi, öz ikinci "mən"iylə - Molla Nəsrəddinlə görüşmək üçün yolunu sapdırmamasıydı. Bunu belə uzun-uzadı deməyimin səbəbi odur ki, Tiflisin küçələriylə gedərkən Mirzə Cəlilin qəfil ağlına gələn o düşüncənin işığını görək, o işığın bir ömürboyu öləziyəməyəcəyini, sonra da yolumuzu aydınladacağını anlayaq, axı bu işıq, bu ayılma bizim əvəzimizə və bizdən ötrü olub. Bunu bir sehr-tilsim, bunu bir möcüzə, "bəşər ağlının" hiyləgər oyunu saymırsınızsa, sizinlə mübahisə etməyəcəyəm.

Ancaq bu, "möcüzə" adlandırdığımın təkcə bir tərəfidir və onun məni birinci "möcüzədən" də çox heyrətə salan ikinci tərəfi də var.

Cəlil Məmmədquluzadə bir qrup Azərbaycan ziyalısı ilə birgə.
Cəlil Məmmədquluzadə bir qrup Azərbaycan ziyalısı ilə birgə.

Bütün bilinməyənləriylə yanaşı, bir şəxsin bioqrafiyası hər hansı xalqın, millətin bioqrafiyasından qat-qat az möcüzədir. Axı birinci halda söhbət ayrıca insandan gedir, bilirik ki, onun beyni var, hər hansı bilgini də beyninin genetik proqramına uyğun alıb cözəcək. İkinci haldasa belə bir bilgi daşıyıcısı yoxdur. Yunqa, "kollektiv kortəbiiliyə" inanmaq olar, ancaq bu, metaforadır, bir bənzətmədir, axı. Demək, şübhə də qalır, inamsızlıq da və heç bir həssasdan həssas, incədən incə qurğuyla "kollektiv kortəbiiliyi" üzə çıxarıb ölçmək olmur.

Sözün qısası, bir dərgi kimi "Molla Nəsrəddin" olayı bizi, azı, iki "möcüzə" barədə düşünməyə vadar edir: bir möcüzə olaraq Mirzə Cəlil, onun ömürboyu sürən üsyanı və "möcüzə" kimi həmin dərgini dəstəkləyən, həmin dərginin ayıltdığı bizlər haqqında. Bu iki "möcüzə"dən hansının daha çox və daha böyük möcüzə olmasına dair suala, çətin ki, cavab tapa biləm.

Birinci "möcüzə" haqqında yetərincə danışılıb, dönə-dönə yenə söz açılacaq. İkinci "möcüzə"dən danışmağa çalışım. Məncə, bu "möcüzənin" iki ünsürü var – müəlliflər və abunəçilər. Və dərgini söyən gah məzəli, gah da amansız böyük bir "ordunu" da unutmayaq. Bizim ellərin onlarsız bir günü də olmaz. Sadəcə, mat qalırsan ki, onlar keçmişdə də, indi də dərgiyə üstün gələ bilmədilər və "Molla Nəsrəddin" dərgisi hər zaman baş qaldıran həyat xofumuzun acığına öz varlığını qoruyub saxlaya bildi.

XS
SM
MD
LG