Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 18:25

Molière-in əsərlərini özü yazdığı təsdiqlənir


Molière
Molière

Artıq bir əsrdir ki, XVII əsrdə yaşayıb-yaratmış fransız dramaturq və şairi Molière-in əsərlərinin əslində başqa, daha təhsilli bir şəxs tərəfindən yazılmasına dair iddialar mövcuddur. Bu iddianı qaldıranlar Moliere-in «Tartüf» və «Mizantrop» kimi tanınmış şedevrləri yazacaq qədər təhsilli olmadığını əsas gətirirdilər.

Ancaq indi fransız alimləri bu ziddiyyəti birdəfəlik həll etdiklərini deyilər. «The Guardian» yazır ki, onlar xüsusi alqoritmin köməyi ilə bütün bu əsərlərin doğrudan da 1622-ci ildə doğulmuş, əsl adı Jean-Baptiste Poquelin olan Molière tərəfindən yazıldığını müəyyən ediblər.

Molière-in atası kral sarayının təyin olunmuş mebel ustalarından biri idi. Ancaq oğlu atasının peşəsini davam etdirməkdən imtina edərək səhnə həyatını seçib, ömrünü aktyorluğa, qastrollara və pyeslər yazaraq kitab şəklində buraxmağa həsr edib. Onun əsərləri Fransa teatrının simasını dəyişdirib.

Alimlər araşdırmanı necə apardı

1919-cu ildə fransız yazıçısı Pierre Louÿs belə bir iddia qaldırıb ki, şair Pierre Corneille Molière-in əksər əsərlərinin əsl müəllifidir. O zamandan bəri Molière-in təhsil səviyyəsi, həddindən artıq məşğul olması, günümüzə gəlib çatan əlyazmalarının azlığı haqda sualların müzakirəsi səngiməyib.

Paris Universitetinin professoru Florian Cafiero və Paris Dəqiq və Humanitar Elmlər Universitetindən Jean-Baptiste Camps təsadüfən bu müzakirələrə qoşulublar. Onlar tədris etdikləri kompüter filologiyası kursunda tələbələri həvəsləndirmək istəyiblər. Bu zaman öz linqvistik təhlillərini əyani nümayiş etdirmək üçün Molière və Corneille nümunəsinə müraciət ediblər. Cafiero deyir ki, bu zaman onlar hansı nəticələrlə qarşılaşacaqlarını bilmirmişlər.

Bir neçə üsuldan istifadə edən alimlər nəticələrinin əksər alimlərin fikrindən köklü fərqləndiyini görüb problemi daha dərindən araşdırmaq qərarına gəliblər.

Alimlər «Molyer niyə böyük ehtimalla öz əsərlərini özü yazıb» (Why Molière Most Likely Did Write His Plays) adlı məqalələrində belə yazırlar: «Molière-in istedadının gec çiçəklənməsi, təhsil və dünyagörüşünün az olması ehtimalı və əlyazmaların azlığı bu bir əsrlik mübahisəyə yol açan arqumentlərdəndir. Bu iddialar sistematik rədd edilib. Ancaq əldə olan arxivlərin seyrəkliyi hələlik bu müzakirənin bitməsinə imkan verməyib». Məqalə «Science Advances» adlı açıq jurnalda dərc edilib.

Onlar Molière, Pierre Corneille, qardaşı Thomas və dövrün digər əsas dramaturqlarının pyeslərini təhlil edib, bu zaman dildən istifadə, qafiyə, qrammatika və söz formalarına xüsusi diqqət yetiriblər.

Fərqli hipotezlər

Alimlər əvvəlcə Molière-in öz qaralamalarını Pierre Corneille-ə verməsi, onun bu yazılar üzərində işləməsi haqda hipotezi nəzərdən keçiriblər. Əgər iki yazıçının əsərləri arasında qafiyə, sözlər, əlavələr və qrammatika baxımından oxşarlıq tapılsaydı, o zaman bu hipotez təsdiqlənərdi. Ancaq onlar aşkar ediblər ki, Molière tərəfindən imzalanmış bütün pyeslər eyni topluya aiddir və Corneille-in pyeslərindən çox fərqlənir. Bu səbəbdən onlar bu hipotezi inkar olunmuş hesab edirlər.

Alimlər daha sonra Molière-in öz pyeslərinin nə məzmununu, nə də nəzmini özü yazmadığı, sadəcə, aktyor kimi onları məşhurlaşdırmasına dair hipotezi araşdırıblar: «Əgər bu doğru olsaydı, onda əlimizdəki bütün dəlillər Molière-in leksikonu, yaxud «Molyerin tərzi» kimi bir şeyin olmadığını göstərərdi». Ancaq onların alqoritmi Molière-in pyesləri ilə digər müəlliflərin əsərləri arasında açıq-aşlar fərqlərin olduğunu ortaya çıxarıb.

«Bu, Molière tərəfindən imzalanan bütün əsərlərin Pierre Corneille, yaxud burada nəzərdən keçirilən müəlliflərdən hər hansı biri tərəfindən yazılması haqda iddianı rədd edir», - alimlərin məqaləsində deyilir.

Cafiero və Camps Molière-in pyeslərinin hər hansı başqa bir müəllif tərəfindən yazılmadığını sübuta yetirmədiklərini etiraf ediblər. Ancaq onların sözlərinə görə, bu tədqiqat bütün bu pyeslərin böyük ehtimalla bir nəfər tərəfindən yazıldığını göstərir.

XS
SM
MD
LG