Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Moldova Rusiyaya Qərblə münasibətlərini dəyişməyəcəyini deyir


Moldovanın xarici işlər naziri Nicolae Popescu (solda) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov sentyabrın 11-də Moskvada görüşüblər
Moldovanın xarici işlər naziri Nicolae Popescu (solda) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov sentyabrın 11-də Moskvada görüşüblər

Moldovanın xarici işlər naziri Nicolae Popescu Moskvaya səfəri zamanı deyib ki, onun hökuməti Avropa İttifaqı və NATO ilə razılaşmalarına heç bir dəyişiklik etməyəcək.

Popescu bu bəyanatı sentyabrın 11-də Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurası xarici əlaqələr komitəsinin sədri Konstantin Kosachyov-la danışıqları əsnasında verib.

Nazir əlavə edib ki, Moldova habelə Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində keçmiş sovet respublikaları ilə azad ticarətə dair sazişini də dəyişmək niyyətində deyil.

Keçmiş sovet respublikası və Avropanın ən yoxsul ölkəsi olan Moldova Avropa İttifaqı və NATO-ya üzv olmağa can atır.

Moskva isə əksinə keçmiş sovet respublikalarını özünün rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına qoşmağa calışır. Rusiyanın bu qurumuna Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Bundan əvvəl sentyabrın 11-də Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşən Popescu jurnalistlərə demişdi ki, Rusiyanın Moldovanın separatçı Dnestryanı bölgəsinə dəstəyi Kişinyovla Moskva arasında münasibətlərin əsas əngəli olaraq qalır:

"Rusiyanın Moldova Respublikasının Dnestryanı bölgəsindəki hərbi varlığı bizim ölkəmizin konstitusiyasında təsbit edilmiş neytrallıq prinsipinə ziddir və mən danışıqlar zamanı vurğuladım ki, Rusiya qoşunlarının ölkədən çıxarılması Moldova Respublikasının ən yüksək prioriteti olaraq qalır”.

Lavrov Popescu ilə danışıqları “yaxşı və işgüzar” adlandırıb.

Lavrov habelə onun təbirincə deyilərsə, “Moldovanın Rusiya ilə dialoqu dirçəltməyə canatımını” təqdir edib.

Dnestrayanıdakı rusiyayönlü separatçılar Moldovadan ayrıldıqlarını 1990-cı ildə elan ediblər.

Onlar ehtiyat edirdilər ki, Moldova SSRİ dağıldıqdan sonra Rumıniya ilə birləşə bilər.

Bunun ardınca separatçılarla hökumət qoşunları arasında iki il davam edən müharibədə min nəfər həlak olub.

Bu münaqişə Rusiya öz qoşunlarını separatçılara dəstək üçün bölgədə yerləşdirdikdən sonra dondurulub.

Hazırda 1400 Rusiya hərbçisi Dnestryanıdakı sovet zəmanəsindən qalma silah anbarlarına keşik çəkir.

Moskva qoşunlarının Moldovadan çıxarılmasına dair çağırışlara məhəl qoymur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG