Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 22:38

Mobil operatorlar müxalifətin ittihamlarına cavab verdi


19 yanvar mitinqi
19 yanvar mitinqi

Müxalif qüvvələrin yanvarın 19-da keçirilən mitinqinə qatılanların bir çoxu polisə çağrıldı. Buna görə sosial şəbəkələrdə mobil operatorları qınayanlar, suçlayanlar oldu. Hətta onların xidmətindən istifadəni minimuma endirməyə çağırış edənlər də tapıldı.

AzadlıqRadiosu ölkədəki üç mobil operatora sorğu göndərib və yaranmış duruma aydınlıq gətirmək istəyib.

Sorğuda deyilir: «Aksiya iştirakçıları iddia edir ki, onların əlaqə nömrələrini polisə mobil operatorlar verib. Siz Daxili İşlər Nazirliyinin belə bir tələbiylə üzləşibsinizmi? İddia doğrudursa, müştəri ilə bağlı məxfi məlumatları paylaşmaqla qanunları pozmayıbsınızmı?».

Mobil operatorların cavabı

Hər üç mobil operator təxminən eyni cavabı göndəriblər. Onları olduğu kimi təqdim edirik.

«Azerfon» şirkətinin cavabı belədir: «Azerfon» şirkəti («Nar» ticarət nişanı) bütün abunəçilərinə aid məlumatların məxfiliyini qanunvericiliyin tələblərinə uyğun olaraq qoruyur. Abunəçilərin informasiya təhlükəsizliyinin, şəxsi məlumatların, hüquqlarının qorunması, məxfiliyinin təmin edilməsi «Nar» üçün prioritet məsələdir. «Nar» istifadəçiyə məxsus informasiyaları yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda rəsmi sorğu əsasında hüquq-mühafizə orqanlarına, məhkəmələrə və digər dövlət qurumlarına təqdim edə bilər».

«Bakcell»in yazılı cavabında oxuyuruq: «...ölkənin bütün telekommunikasiya operatorları abunəçilərə aid məlumatların məxfiliyini qanunvericiliyə uyğun olaraq qorumağa borcludurlar. Müştərilərə aid məlumatların məxfiliyinin və müştəri hüquqlarının qorunması «Bakcell» şirkətinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Abunəçi haqda məlumatlar hüquq-mühafizə orqanlarına, məhkəmələrə və digər dövlət qurumlarına ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qanunvericiliyin tələblərinə cavab verən sorğu əsasında verilə bilər».

Və nəhayət, «Azercell» cavab verir: «...şirkətimizdə mövcud qaydalara əsasən, elektron məlumat bazalarında abunəçilərə dair məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə 3-cü şəxslərə təqdim edilmir».

Ə.Məmmədli
Ə.Məmmədli

Cavablara hüquqşünas izahatı: «Bu o deməkdir, vermişik»

Bu cavabları necə başa düşmək olar? Hüquqşünas Ələsgər Məmmədli «Azerfon» şirkətinin cavabını belə izah edir: «Bu o deməkdir ki, biz həmin məlumatları hüquq-mühafizə orqanlarına vermişik. Bizdən bunu istəyiblər, məcburən vermişik. Çünki qanunvericilik onların üzərinə öhdəlik qoyur».

Mobil operatorlar hüquq-mühafizə orqanlarının sorğusunu cavabsız buraxa bilərdimi? Yoxsa bununla bağlı hansısa öhdəliklər var?

«Kommunikasiya haqqında qanunun 39-cu maddəsinə görə, müvafiq qurumlar həmin mobil provayder və operatorların avadanlıqlarına xüsusi izləmə cihazı yerləşdirirlər. Lazım olanda rəsmi qurumlar informasiyanı götürülməsini mobil operatorlardan istəyirlər. Gizli cihazların yerləşdirilməsi haqda informasiyanı istər mobil operator, istərsə də provayder gizli saxlamaq məcburiyyətindədirlər, bununla bağlı öhdəlikləri var. Açıq şəkildə «Məlumatı verdik» deyə bilməzlər. Buna görə də, onlar sizin sorğunuza qanundan çıxarış edərək cavab verirlər. Amma diqqət edəndə «Biz məlumatı verməmişik» sözü yoxdur», - Ə.Məmmədli söyləyir.

«Bu, artıq sui-istifadədir»

Hüquqşünasın sözlərinə görə, əməliyyat-istintaq keçirən qurumların tələbi qanunsuzdur və bu yerdə mobil operatorlardan çox hüquq-mühafizə orqanlarının üzərinə məsuliyyət düşür: «Operator onların rəsmi sorğusuna cavab vermək məcburiyyətindədir. Qanun onların üzərinə öhdəlik qoyur. Amma onlar bunu yalnız cinayət axtarış işlərində, cinayətin qarşısını almaq, qanunvericiliyin pozulmaması, günahsız insanların həyatını qorumaq məqsədilə istifadə edə bilərdilər. Bu halların heç biri yoxdursa, bu, artıq sui-istifadədir. İndiki halda razılaşdırılmış mitinqdə iştirak edənləri sırf siyasi mövqeyini ifadə etdiyinə görə təqib edirlər. Bu, siyasi təqibdir, qanunvericiliyin kobud şəkildə pozulmasıdır».

X.Bağırov
X.Bağırov

«90 yaşında kişini axtarıblar ki, mitinqdə olmusan»

Hüquqşünas, ReAL Partiyasının üzvü Xalid Bağırov isə «Azercell»in cavabını şərh edir. Onun qənaətincə, adıçəkilən mobil operatorun cavabı heç nə demir, «sadəcə, nağıl danışırlar» bildirir.

Həmin aksiyada iştirak edən hüquqşünas məlumatların ötürülməsinə əmindir və başına gələni nəql edir: «Mənim iki nömrəm var. Onlardan biri başqa şəxsin adınadır və 90 yaşında qoca kişidir. Gedib onu tapıblar ki, sən mitinqdə olmusan. O da deyib ki, mən evdən çıxa bilmirəm, mitinqdə necə görmüsünüz? Cavab veriblər ki, nömrən ora düşüb. Halbuki 11 ildir o nömrəni işlətmir. Təsəvvür edin də, nömrəylə gəlib adam tapıblar».

X.Bağırov da həmin məlumatların məxfi olduğunu, qanunvericilikdə nəzərdə tutulan hallarda verilə biləcəyini söyləyir: «Məsələn, istintaq məhkəmənin qərarı əsasında cinayət işləri ilə bağlı mobil operatordan məlumatlar götürə bilər. Ondan ötrü də müstəntiq vəsatət qaldırmalı, prokuror məhkəməyə təqdimat verməlidir. Bundan sonra məhkəmə baxıb qərar verməlidir. Bu şəkildə olmur, axı. Kütləvi şəkildə mitinqdə iştirak edənlərin nömrələri götürülübsə, bu deməkdir ki, ortada məhkəmə qərarı yoxdur. Özü də tək polis orqanlarına yox, DTX-ya da ötürüblər. Şəxsən mənim nömrəmlə bağlı dörd-beş orqan eyni vaxtda axtarış aparıb. Burda DTX da var, polis də var, yerli icra orqanları da...».

Hüquqşünas deyir ki, bu durumda mobil operatorları məhkəməyə vermək olar, «şəxsi məlumatların yayılması cinayət məsuliyyəti yarada bilər».

Digər hüquqşünas Ə.Məmmədlinin qənaətincə, qanunlar işləsəydi, bu sorğunu imzalayan, göndərən və bu prosesdə iştirak edən bütün səlahiyyətli şəxslər vəzifələrindən sui-istifadəyə görə məsuliyyətə cəlb edilməliydilər.

Rəsmi qurumların izahatı

AzadlıqRadiosu bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət ala bilməyib. Amma ötən həftə aksiya iştirakçılarının polisə çağrılması ilə bağlı rəsmi qurumlar məlumat yaydılar. Həmin məlumata görə, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının yaxınlığında «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinə zidd olaraq, razılaşdırılmış vaxtdan və ərazidən kənar qanunsuz küçə yürüşünə cəhd ediblər.

Birgə məlumatda aksiyanın təşkilatçılarının bu səbəbdən polisə dəvət edildikləri bildirilir.

L.Əliyeva və A.Əliyeva
L.Əliyeva və A.Əliyeva

«Azercell»in yarısı dövlətin, «Azerfon» prezidentin qızlarınındırsa...

Bir neçə il öncəki jurnalist araşdırmasına görə, Azərbaycanda telekommunikasiya bazarının 70 faizi prezident İlham Əliyevin ailəsinə məxsusdur. Rəsmilər o vaxt bu araşdırmaları təkzib etməmişdilər.

Ötən il ölkənin ən böyük mobil rabitə operatorlarından biri – «Azercell»in 50 faizdən çox payını Azərbaycanın dövlət şirkəti - «Azerbaijan International Telecom» alıb. Bu şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsusdur. Dövlət həmin payı 222 milyon avroya alıb.

AzadlıqRadiosunun və OCCRP-nin 2014-cü araşdırması iddia edirdi ki, «Azercell Telekom» MMC müxtəlif ofşor strukturlar və nümayəndələr vasitəsilə İ.Əliyevin qızlarına bağlıdır.

Bir neçə il öncə aparılan başqa bir araşdırmaya görə, ikinci mobil operator «Azerfon»a da İ.Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir. Panama dövlət reyestrindən əldə edilən məlumatlara görə, «Azerfon»un ümumilikdə 72 faizinə sahib olan hər üç şirkətin təsis sənədlərində İ.Əliyevin qızları - Leyla Əliyeva, Arzu Əliyevanın adlarına rast gəlinib.

«Azerfon» şirkətində təsisçilərlə bağlı məlumatlar və şirkətin rəqabətdə imtiyazlı durumda olması inkar edilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG