Misirin devrilmiş prezidenti Muhammad Morsinin iyunun 17-də Qahirədə keçirilən məhkəmə dinləməsində halı pisləşib və o qəfəsdəki müttəhimlər kürsüsündən yıxılaraq vəfat edib.
Misirin dövlət prokuroru deyib ki, Morsi iyunun 17-də məhkəməyə müraciətini oxuduqdan sonra yıxılıb.
Morsi xəstəxanaya aparılsa da, orada vəfat etməsi rəsmən elan olunub. Bu barədə verilmiş məlumatda deyilir ki, Morsinin bədənində heç bir zorakılıq izləri yox idi.
Misir dövlət televiziyasının bildirdiyinə görə bu məhkəmədə Morsiyə qarşı casusluq ittihamı araşdırılırdı.
Bu ittiham ona qarşı Fələstinin islamçı Həməs qruplaşması ilə iddia edilən əlaqələrinə görə irəli sürülmüşdü.
67 yaşlı Morsi bir vaxtlar hazırda qadağan edilmiş Müsəlman Qardaşlığı hərəkatının aparıcı fiqurlarından idi.
O Misirin ilk demokratik seçkili prezidenti idi, lakin 2013-cü ildə baş vermis hərbi çevriliş nəticəsində devrilmişdi.
Morsi həmin vaxtdan bəri həbsdə saxlanırdı, hakimiyyət isə onun ölkədəki tərəfdarları üzərinə təqibləri gücləndirmişdi.
Müsəlman Qardaşlığı təşkilatı Misir iqtidarını Morsini bilərəkdən “tədricən öldürməkdə” ittiham edib.
Hərəkat bildirib ki, “Morsi təkadamlıq kamerada saxlanırdı, ona dərmanları verilmirdi, ona verilən yeməklər iyrənc idi və o özünün təməl insan haqlarından məhrum edilmişdi”.
Morsi ilə sıx bağlara malik Türkiyə prezidenti Recep Tayyip Erdoğan onu “şəhid” adlandırıb və bu ölümə görə Misir “tiranlarını” ittiham edib.