Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 09:17

MTN polkovnikinə 4 il həbs verildi


MTN

Həbsdə olan MTN polkovniki, nazirliyin Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərov 4 il azadlıqdan məhrum edilib. Avqustun 7-də Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmə əsasən, M.Əsgərov CM-nin 182 (hədə-qorxu ilə tələb etmə), 311 (rüşvət alma), 341-ci (hakimiyyətdən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Məhkəmə belə nəticəyə gəlib ki, M.Əsgərovun sahibkar Vidadi Əzizovu həbs etməklə hədələyib ondan 350 min manat pul alması haqda ittihamda yazılanlar sübuta yetirilib.

***Buna da bax-MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'

Amma verdiyi pulu geri istəyən zərərçəkmiş V.Əzizovun 1 milyon 200 min manatlıq mülki iddiası təmin olunmayıb. Həmçinin, məhkəmə qərar verib ki, M.Əsgərovun həbsindən sonra onun üzərinə həbs qoyulmuş əmlakı ailəsinə qaytarılmalıdır.

Cəza məsələsinə gəlincə, hakimlər M.Əsgərova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq ediblər.

2015-ci ilin oktyabrında keçmiş MTN ətrafındakı qalmaqaldan sonra həbs olunan M.Əsgərov ümumiyyətlə, ittihamı qəbul etmir və özünü təqsirli bilmir. İttihama görə, zərərçəkmiş Əzizov ona göndərilmiş pulu bankdan götürərkən MTN əməkdaşları tərəfindən başına torba keçirilərək nazirliyə gətirilib. Orada M.Əsgərov ondan həbs olunmamasından ötrü üzərindəki pulun 300 min dollarını alıb. Bir müddət sonra isə biznesinə mane olmamaq adıyla daha 50 min dollarını da alıb.

***Buna da bax-MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

Amma M.Əsgərov deyir ki, ittihamda yazılanlar yalandır, V.Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır. Çünki Əzizov işadamı deyil, İran və digər ölkələrlə bağlı çirkli pulların yuyulmasıyla məşğul olub, xarici xüsusi xidmət orqanlarına casusluq edib. Onun sözlərinə görə, MTN-də də bu haqda kifayət qədər sübutlar var.

XATIRLATMA

«MTN işi» ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20 nəfər isə həbs olunub. Sonradan onlardan biri buraxılıb.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra onun bazasında iki qurum yaradılıb. Bunlar Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.

Həmin həbslərdən və qurumun ləğvindən öncə, 2015-ci il oktyabrın 18-də milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmışdı. O vaxt bu hadisələr hakimiyyətin nəzarət etmədiyi mətbu orqanlarında, əsasən, iki amillə izah edilirdi. Bir qisim təhlilçilər bunu «əmlak savaşı», başqa bir qisim təhlilçilər isə ölkə rəhbərliyinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması ilə izah edirdilər. Həmin vaxt Rabitə və İnformasiya Texnologiya Nazirliyində də bir sıra həbslər aparılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG