Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 17:35

Yarım milyard manat Beynəlxalq Bankın nəyinə gərəkdir?


►"Artıq bankın aktivinə 2 milyard manat daxil olub. Amma görünür, bu, yetərsizdir..."

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarları növbədənkənar ümumi yığıncaqlarında nizamnamə kapitalını 500 milyon manat artırmaq üçün əlavə səhm buraxmaq qərarına gəliblər.

Buraxılan səhmlərin əsas hissəsini almaq üçün Maliyyə Nazirliyi 400 milyon manatdan çox vəsait tapmalıdır.

Hökumət bu ilin büdcə kəsirini bağlamaqdan ötrü 400 milyon manat və 500 milyon dollar dəyərində istiqraz satmaq istəyir.

Məqsəd - maliyyə bazarından vəsait cəlb etməkdir. Amma mövcud şərtlərdə bu məqsədə çatmaq elə də asan olmayacaq.

Ekspertlər yeni səhm buraxılışının bankın özəlləşdirmə öncəsi sağlamlaşdırma tədbirlərini davam etdirildiyi bir vaxtla üst-üstə düşməsini birmənalı qarşılamırlar.

İqtisadçı ekspert Samir Əliyev AzadlıqRadiosuna deyib ki, hazırda bank tam dövlət nəzarətindədir və səhm buraxılışı barədə qərar da, heç sözsüz, Maliyyə Nazirliyinin təşəbbüsündən və ya ən azı, birbaşa dəstəyindən qaynaqlanıb:

“Dövlət ABB-nin zərərli aktivlərdən xilası üçün tələb olunan addımları atır. Artıq bankın aktivinə 2 milyard manat daxil olub. Amma görünür, bu, yetərsizdir və hökumət əlavə dəstək tədbiri kimi, dövlət büdcəsinin imkanlarını də işə salmaq istəyir”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ekspert emissiya qərarını beynəlxalq reytinq agentliklərinin ölkənin investisiya reytinqini aşağı salması fonunda ABB-nin investisiya reytinqinin qorunub saxlanması istiqamətində önləyici tədbir kimi də qiymətləndirir. Yəni hökumət mesaj verir ki, "ABB-nin arxasındayam."

“Düşünmürəm ki, yeni emissiyanın məqsədi...”

“Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin analitiki Cəfər İbrahimov Maliyyə Nazirliyinin yeni emissiyada payına düşən 400 milyon manatlıq səhmləri satın alacağına inanır:

“Düşünmürəm ki, yeni emissiyanın məqsədi səhmdar kapitalı hesabına bank investisiyalarının artırılması və ya kapital adekvatlığı probleminin həll edilməsidir. Məncə, hədəf bankın zərərli aktivlərinin sağlamlaşdırılması üçün tələb olunan vəsaitin yerdəqalan 1 milyard manatlıq hissəsinin yarısının Mərkəzi Bankın hesabına deyil, dövlət büdcəsi hesabına təmin olunmasıdır”.

MB son yarımildə ABB aktivlərinin sağlamlaşdırılması üçün 2 milyard manatlıq istiqraz satın alıb.

Ekspertlərin fikrincə, bank tam sağlamlaşdırılandan sonra özəlləşdirməyə çıxarılacaq. Samir Əliyev prosesin bu il başlayacağını güman edir.

Bazarda səhmlərə 10-13 qəpik arası təkliflər gəlir

Maliyyə Nazirliyi yeni buraxılan səhmlərin hamısını satın alarsa, bu zaman dövlətin bankdakı payı 90 faizə çatacaq. Bu halda dövlət hesabına “təmizlənən” bank investorlara yüksək qiymətlə təklif oluna bilər. Hər halda ekspertlər belə düşünürlər.

Hələlik, yeni buraxılan səhmləri yerləşdirmə vaxtı elan edilməyib.

Hazırda ABB səhmləri investorlara o qədər də cəlbedici görünmür. Amma o da var ki, bir çox treyder qiymətli kağızların məhz indi satın alınmasını daha əlverişli sayır. Nominal, yəni elan edilmiş qiyməti 27 qəpik olan səhmlərə bazarda 10-13 qəpik arası təkliflər gəlir. Bu, ABB səhmləri üçün “quyunun dibi” deməkdir.

Düzdür, bank 2013-cü ildən bəri səhmdarlarına dividend ödəmir. Amma analitiklər özəlləşdirmə öncəsi səhm qiymətinin sürətlə nominal qiymətə yaxınlaşacağını proqnozlaşdırırlar. Çünki özəlləşdirməyə çıxarılacaq səhmlər investorlara nominal qiymətindən yüksək təklif olunacaq.

Bu gün ABB-nin ödənilmiş nizamnamə kapitalı 641,3 milyon manatdır. Səhmdarlar bu məbləği yarım milyard manat artırmaq istəyirlər.

Buna da bax...

XS
SM
MD
LG