Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 07:39

Milyarder Elon Maskı 'böyütmüş' 8 kitab


E.Mask
E.Mask

Bu il «SpaceX» və «Tesla»nın yaradıcısı Elon Mask NASA-ya məxsus uçuş meydançasından ilk kommersiya raketinin uçuşunu uğurla həyata keçirdi. Mask universitetdə fizika və iqtisadiyyat təhsili alsa da, əslində, ilk dəfə raketlər haqda məlumatı kitablardan alıb. Üstəlik, Maskın kitablarla bağlılığı onun son uğurlarından xeyli genişdir.

«Məni kitablar böyüdüb. Kitablar, daha sonra valideynlərim», – Mask «Rolling Stone» jurnalına müsahibəsində deyib.

Günə 10 saatdan çox oxuyub

Jurnal yazır ki, Mask 8 yaşına çatanadək Cənubi Afrikada hər iki valideyni, Mey və Errol Maskla birgə yaşayıb. Ancaq bu müddətdə valideynlərini az görüb, ona əsasən evin xidmətçisi baxıb. Mask deyir ki, xidmətçinin əsas işi onun nəyisə sındırmamasına nəzarət etmək idi.

«O məni güdmürdü. Kitab oxumaqda, partlayıcı, raket düzəltməkdə və məni öldürə biləcək işlər görməkdə sərbəst idim. Bütün barmaqlarımın yerində olmasına çox təəccüblənirəm», – Mask jurnala müsahibəsində deyir.

Kitablar bütün uşaqlığı boyu Maskın ambisiyalarını qidalandırıb. Deyilənə görə, o, doqquz yaşı olanda «Encyclopedia Britannica»nı tam oxuyubmuş və gündə 10 saatdan çox fantastik romanlar oxuya bilərmiş.

Maskın valideynləri ayrılandan sonra onun atasına yazığı gəlir və onunla yaşamağa qərar verir. Errol Mask 2015-ci ildə «Forbes» jurnalına verdiyi müsahibədə Elonun uşaqlıqda kitab oxumaqdan çox böyük həzz aldığını deyib: «Elon hər zaman introvert düşüncəli olub. Çox sayda insanın gözəl bir məclisə gedib çox yaxşı vaxt keçirdiyi, içərək reqbi və ya idman kimi müxtəlif şeylərdən danışdığı vaxtda Elon ev sahibinin kitabxanasını tapıb kitablarına baxacaqdı».

Elon Mask yeniyetmə yaşlarından bu günədək onu inqilabi sahibkar kimi yetişdirmiş səkkiz kitabın adını çəkib:

1. C.E.Qordon. «Konstruksiya, yaxud böyük şeylər niyə dağılmır». (Structures: Or Why Things Don't Fall Down)

Mask raketqayırmanı öyrənmək qərarına gələndə astrofizika və mühəndisliyə dair dərslikləri oxuyub. Fizika sahəsində mürəkkəb mətnləri oxumaq hamı üçün olmasa da, bu kitab «SpaceX»in arxasında duran asan mətnlərdəndir.

2. U.Ayzekson. «Bencamin Franklin: Bioqrafiya» (Benjamin Franklin: An American Life)

Publisist, ixtiraçı, alim və diplomat Ben Franklin Maskın qəhrəmanlarından biridir.

«Siz Franklinin sahibkar olduğunu görə bilərsiniz. O, sahibkar idi. Heç nədən başlamışdı. Onu dayandırmaq mümkün deyildi», – Mask deyir.

3. U.Ayzekson. «Eynşteyn: Onun həyatı və onun Kainatı». (Einstein: His Life and Universe)

Eynşteynin bəzi məşhur kəlamları Maskın baxışları ilə üst-üstə düşür.

4. N.Bostrom. «Süni intellekt. Mərhələlər. Təhlükələr. Strategiyalar» (Superintelligence: Paths, Dangers, Strategies)

Mask futurist olsa da, süni zəkayla dərindən maraqlansa da, bu texnologiya ilə bağlı potensial təhlükə və etik məsələlərdən narahatlığını da ifadə edib.

5. Erik M.Konuey və N.Oresks. «Şübhə tacirləri». (Merchants of Doubt)

Bu iki tarixçi siyasi və korporativ əlaqələri olan alimlərin ictimai səhiyyə ilə bağlı bir çox məsələləri bilərəkdən dolaşdırdığı qənaətindədir. Mask 2013-cü ildə bu kitabı Twitter postunda tövsiyə edib.

6. U.Qoldinq. «Milçəklər kralı». (Lord of the Flies)

Rəqabət, həyatda qalmaq və tamah haqda olan bu klassik roman texnologiya maqnatına ciddi təsir edib.

7. T.Piter. «Sıfırdan birə. Gələcəyi dəyişəcək startapı necə yaratmalı». (Zero to One: Notes on Startups, or How to Build the Future)

Til Piterin 2012-ci ildə Stenford Universitetində dediyi populyar dərs əsasında yazılmış kitabda startap təsisçilərinin unikal təfəkkürə məxsus olması zərurətindən söz açılır. Maskın sözlərinə görə, Paypal həmtəsisçisinin bu kitabı çox uğurlu şirkətin qurulma prosesini araşdırmaq baxımından maraqlıdır.

8. A.Azimov. «Təməl» trilogiyası («Foundation»)

Mask 2013-cü ildə «The Guardian»a müsahibəsində deyib ki, Ayzek Azimovun kitabları ona sivilizasiyaların dövri hərəkət etdiyini öyrədib.

«Bundan aldığım dərs odur ki, biz sivilizasiyanın ömrünü uzada, qaranlıq dövr varsa, onun müddətini qısalda biləcək addımlar atmalıyıq», – Elon Mask «Rolling Stone» jurnalına müsahibəsində deyib.

XS
SM
MD
LG