Milli Şura mitinq keçirməklə bağlı qərar verib.
Bu barәdә AzadlıqRadiosuna qurumun sәdri Cәmil Hәsәnli məlumat verib:
"Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış pullarının xalqa qaytarılmasıdır", Cəmil Həsənli vurğulayıb.
Onun sözlәrinә görә, bu barәdә Bakı Şəhər İcra hakimiyyətinə artıq məktub göndəriblər. Həmin məktubda mitinq günü kimi yanvarın 19-u göstərilib.
Milli Şura ötən il Bakıda “ Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya yox!” şüarı ilə aksiyalar keçirib. Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Üstəlik rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə bağlı mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.
Milli Şura kimi müxalifətdə olan Müsavat Partiyası da yanvarın 12-də “Mehman Hüseynov və başqa siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək istəyirdi. Amma şəhər rəhbərliyi buna müsbət cavab verməmişdi.
Lakin bloqqerin müdafiəsi ilə bağlı bu günlər Bakıda bir neçə razılaşdırılmamış piketlər keçirilib. Həmin aksiyalarda saxlananların bəziləri məhkəmə önünə çıxarılıb.
Kütləvi aksiyaların keçirilməsi qaydasını pozmaqda günahlandırılan bu şəxslərdən 5-i 20-25 gün arası inzibati qaydada həbs edilib, bəzilərinə də pul cəriməsi kəsilib.
Xatırlatma
Bloqqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.
Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqqer ittihamı qurama sayır.