Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:39

Siyavuş Novruzovdan Facebook-la bağlı təklif


«Ölkəmizdə internet tam azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikir yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır, ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir».

Deputat Siyavuş Novruzov parlamentdə «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna dəyişikliklərin müzakirəsi zamanı belə deyib.

Buna da bax-Saytların da 'qara siyahısı' olacaq

APA-nın xəbərinə görə, deputat vurğulayıb ki, xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar, oradan xəbərləri götürüb verənlər olur.

İNTİHAR, QƏZA XƏBƏRLƏRİNDƏN NARAZILIQ

«Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir», - deyən deputat vurğulayıb ki, informasiya təhlükəsizliyi vacib məsələdir və müvafiq qanunlar daha da sərtləşdirilməlidir.

S.Novruzov ölkə mediasında intiharlar, avtomobil qəzaları barədə bilgilərin geniş işıqlandırılmasından narazı olduğunu da xüsusi qeyd edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da deputat həmkarının qanunvericiliyin sərtləşdirilməsi təşəbbüsünə dəstək verib.

Əflatun Amaşov
Əflatun Amaşov

«KİMLƏRSƏ CƏMİYYƏTİ ÇAŞDIRMAMALIDIR...»

«Dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir. Bu o deməkdir ki, internet məkanı virtuallıqdan reallıq müstəvisinə daxil olub. Nəticədə konkret məsuliyyət növləri müəyyənləşib. Azərbaycanda eyni proses gedir və getməlidir. Əlbəttə ki, müəyyən məsələlər var ki, onları mübahisələndirmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq», - deyən deputat qeyd edib ki, dəyişikliklər söz və ifadə azadlığının məhdudlaşdırılmasına yönəlməyib.

Ə.Amaşov müzakirəyə çıxarılan layihəni ifadə azadlığı hüququ baxımından tənqid edən vətəndaş cəmiyyəti nümayəndələrini qınayıb. «Kimlərsə məsələyə spekulyativ çalarlar gətirib cəmiyyəti çaşdırmamalıdır. Problemə obyektiv yanaşılmalıdır, tələsik qiymət verilməməlidir. Obyektiv yanaşma isə bundan ibarətdir ki, hər iki layihə bir-birini tamamlayır, ümumən internet məkanımızda tənzimləmə aparmağa xidmət edir. Dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir, ona dövrün tələbindən irəli gələn anlayışlar gətirir», - Ə.Amaşov bildirib.

XATIRLATMA

Bu gün, martın 10-da ölkə parlamenti «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna dəyişiklikləri qəbul edib.

Dəyişikliklər, əsasən, internet saytları sahiblərinin hüquqları, bu sahənin tənzimlənməsi ilə bağlıdır.

Dəyişikliyə görə, internet informasiya ehtiyatının, domen adının sahibi bəzi informasiyaları saytda aşkar etdikdə, onun ehtiyatdan götürülməsini təmin etməlidir. Belə halları provayderlər müəyyən etdikdə, onlar da həmin bilgilərin saytdan götürülməsindən ötrü tədbirlər görməlidir. Söhbət terrorçuluğun, zorakılığın, dini ekstremizmin, milli, irqi, dini nifrət və düşmənçiliyin təbliği, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlardan gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG