Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 04:18

ReAL-a görə, 'hələ də gec deyil'


N.Cəfərli

«Parlamentin buraxılması ReAL Partiyası olaraq bizim üçün sürpriz deyil. Ən azından son ilyarımda belə bir ehtimalın yüksək olduğunu dəfələrlə qeyd etmişdik...».

Bunu dekabrın 2-də Milli Məclisdə ölkə parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı gedən müzakirələri dəyərləndirən ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, keçən il qanunvericilik təşəbbüsü ilə bağlı başladıqları imzatoplama kampaniyası, 42 minə yaxın imzanın toplanıb parlamentə təhvil verilməsi təşkilatın test edilməsi və seçkilərə hazırlıq xarakteri daşıyıb.

N.Cəfərli deyib ki, əslində bu gözlənilirdi, ona görə də əvvəlcədən buna hazırlıqla bağlı siyasi partiyalara da müraciət ediblər. Onun sözlərinə görə, təqribən 4 ay bundan öncə əsas siyasi partiyalara seçkilərə hazırlıq, birgə iştirak və seçkilərin nəticələriylə bağlı birgə mövqe üçün koordinə edilmiş sənəd də hazırlayıb göndəriblər.

ReAL Partiyası təmsilçisinin sözlərinə görə, təəssüf ki, siyasi partiyalardan o zaman lazımı cavab ala bilməyiblər: «Amma hələ də gec deyil, erkən parlament seçkilərinə müxalif cameə olaraq birgə mövqe bildirməyə hazırlaşmaq üçün imkanlar tükənməyib. Parlamentin buraxılması əslində elita dəyişikliyinin son mərhələlərindən biridir. Bəlkə də sonuncudur».

N.Cəfərli əlavə edib ki, bu prosesin əsası 2016-cı ildə qoyulub, parlamentin də buraxılması gündəmə gəlməklə sonluğa yaxınlaşır.

A.Hacılı
A.Hacılı

«Seçkilərdə iştirakın da, boykotun da müsbət və mənfi cəhətləri var»

«Bu parlamentin buraxılması təbii idi. Çünki o, xalq tərəfindən seçilən, xalqın iradəsini ifadə edən bir parlament deyildi».

Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun fikrincə, bu Milli Məclis əslində qanunverici hakimiyyət funksiyasını yerinə yetirmirdi. Ancaq o vurğulayıb ki, parlamentin buraxılmasının motivləri bununla bağlı deyil: «Parlament məhz hakimiyyətdaxili ziddiyyətlərin aradan qaldırılması, bir tərəfin digər tərəf üzərində qələbəsini təmin etmək məqsədilə buraxılır. Əgər yeni seçkilərdə hər hansı islahatlar olmadan yenə də əvvəlki qayda ilə Milli Məclis formalaşacaqsa, o, bu Milli Məclisdən mahiyyət etibarilə fərqlənməyəcək».

A.Hacılı deyib ki, Müsavat Partiyası seçki islahatlarının aparılmasını tələb edir: «Amma, hələlik, hakimiyyət bizim tələblərimizə hər hansı reaksiya verilməyib».

A.Hacılı əlavə edib ki, Müsavat Partiyası öz strukturlarında seçkilərlə bağlı müzakirələr aparır. Dekabrın 3-də partiya qərargahında aparıcı partiyaların, ictimai təşkilatların rəhbərləri, eyni zamanda seçki ekspertlərinin dəyirmi masasını keçirməyi nəzərdə tuturlar: «...Yaranmış vəziyyətdə seçkilərdə iştirak etməyin də, boykotun da öz müsbət və mənfi cəhətləri var. İndiki siyasi şəraiti nəzərə alaraq müzakirələr apararaq bunlardan hansının cəmiyyət və Müsavat Partiyası üçün daha məqbul olduğu haqqında qərar qəbul edəcəyik».

S.Həzi
S.Həzi

Seymur Həzi: «Hər günün öz hökmü var»

«Azərbaycan parlamentinin buraxılması gözlənilən idi. Hakimiyyət müxalifəti hazırlıqsız yaxalamaq və öz oyunlarını rahat həyata keçirmək istəyir».

Bunu isə AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi bildirib. Onun fikrincə, hakimiyyət düşünür ki, bununla öz xeyrinə cəmiyyətdə yeni bir ajiotaj yaradır, islahat aparır, parlamenti buraxır və müxalifəti hazırlıqsız yaxalayır: «Bu günlərdə bəyanatımızda da bildirmişik ki, biz bu seçkidə iştirak etmək fikrindəyik. Ancaq o şərtlə ki, hökumət doğrudan da seçki keçirmək istəsin. Minimum islahatlardan sonra seçkidə iştirak etmək olar».

Onun fikrincə, əgər onların tələbləri yerinə yetirilməsə, seçki ilə bağlı mövqelərini daha da dəqiqləşdirəcəklər: «Hər günün öz hökmü var. Şəraitə uyğun olaraq qərarlarımız olacaq, bizim hazırkı bəyanatımız bu günə aid bəyanat, bu günə aid qərardır. Sonrakı vaxtlarda isə həmin vaxta uyğun qərarlar olacaq».

AXCP-nın daxil olduğu Milli Şura bu günlər qəbul etdikləri bəyanatda hakimiyyətə seçki islahatlarının aparılmasını təklif edib. Bəyanatda yazılıb ki, ölkədə minimum da olsa, seçki mühiti yaradılmalıdır.

«Milli Şuranın 2015 ( parlament) və 2018-ci il ( prezident) seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi...», - bəyanatda bildirilirdi.

Milli Şura seçki komissiyalarının yenidən formalaşmasını, namizədlərin qeydiyyatına əngəllərin olmamasını və bərabər təbliğat imkanlarının yaradılmasını vacib sayır.

Rəsmilər, hələlik, bu bəyanata münasibətlərini bildirməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG