Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Milli Şura seçkilərlə bağlı qərarını açıqladı


Milli Şuranın mitinqi. 2018
Milli Şuranın mitinqi. 2018

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) dünən, dekabrın 9-da gələn il keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərini boykot haqqında qərar qəbul edib.

Bu barədə AzadlıqRadiosuna Milli Şuranın üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi bildirib: «Ölkədə azad və ədalətli seçki üçün ən minimum imkanın olmaması, bu prosesin seçki adlana bilməsi üçün minimum standartların belə yoxluğu bizi Milli Şura olaraq məcbur etdi ki, boykot qərarı verək».

S.Həzi vurğulayıb ki, Milli Şura ölkədə siyasi proseslərdə aktiv iştirak edən qüvvədir, Azərbaycan hakimiyyətinin fəaliyyətini daim ardıcıl tənqid edən, ona öz etirazını bildirən, etirazları təşkil edən siyasi təşkilatdır. Onun fikrincə, qurumun bu qərarı ən aktiv siyasi proses olan seçkiyə də münasibətdə adekvatdır:

«Seçki tamaşasında iştirak etmirik»

«Ölkədə seçki mühitinin olmasından söhbət belə gedə bilməz. Sadəcə olaraq, biz belə prosesdə iştirak etməyi özümüzə rəva bilməmişik. Bu günə qədər elan etdiyimiz bəyanatlarda da bu tam əksini tapıb. Biz seçki tamaşasında iştirak etmirik. Kim də iştirak edirsə, ona uğur arzu edirik. Bu məsələdə heç bir qarşıdurma tərəfimizdən məqbul sayılmır. Düşünürük ki, hər kəs özünün məqbul saydığı qərara uyğun addım atmalıdır. Kim Azərbaycan xalqına xidmətdə səmimidirsə özünün məqbul bildiyi istiqamətlə getməlidir. Sadəcə, biz bu prosesdə yoxuq».

Milli Şuranın bu qərarına, hələlik, rəsmilərdən hər hansı münasibət almaq mümkün olmayıb.

Milli Şura bir neçə həftə öncə bu məsələlərlə bağlı da bir bəyanat vermişdi. Bəyanatda vurğulanırdı ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü minimum şərtlər yerinə yetirilərsə, onlar da prosesə qatıla bilərlər.


Bunlara seçki komissiyalarının yenidən formalaşması, qeydiyyat mərhələsində maneələrin yaradılmaması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və başqa şərtlər daxildir. Amma hakimiyyətdən bu şərtlərə hər hansı müsbət münasibət bildirilməyib. Rəsmilər hesab edirlər ki, hazırkı şəraitdə də azad və ədalətli seçkilər keçirilə bilər.

Müxalif siyasi qüvvələrdən ReAL, Müsavat və daha bir çox partiya isə növbədənkənar parlament seçkilərinə qatıldığını bəyan edib. Müsavat Partiyasının Ali Məclisi dekabrın 7-də növbədənkənar parlament seçkilərinə qatılmaq haqqında qərar verəndə həmin partiyanın başqanı Arif Hacılı AzadlıqRadiosuna bunları bildirmişdi: «Uzun müzakirələr oldu, müzakirələrin nəticəsində indiki ictimai-siyasi şəraitdə seçkilərdə iştirakın Azərbaycan cəmiyyətinin maraqlarına daha uyğun olduğu qənaətinə gəlindi və mütləq əksəriyyətin səs çoxluğu ilə iştirak etmək barədə qərar qəbul olundu».

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Əslində Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG