Mikelancelo Antonioni film çəkməyə başlamazdan əvvəl kino haqqında yazırdı. Onun çalışdığı və sonradan qovulduğu ilk kino dərgisinin direktoru isə Benito Mussolininin oğlu Vittorio Mussolini idi.
Londonda çıxan "AnOther" dərgisi yazır ki, Mikelancelo Antonioni də, bir çox rejissor kimi, karyerasına müşahidəçi sifətində başlayıb. Bu görkəmli italyan rejissor "L'Avventura", "La Notte" və başqa klassik filmlərində orta sinfin portretlərini yaradıb. O, bir çoxlarının sevmədiyi, filmin ssenari və gedişatını hesaba almayan uzun səhnələrin, çətin sinirilən işlərin də müəllifidir. Başqa incəliklər, o cümlədən muzası sayılan Monika Vitti ilə mürəkkəb münasibətləri haqda çox şey bilinsə də, həyatının xeyli hissəsi araşdırılmamış qalıb. Faşizm Antonioninin gənc çağlarındakı həyatının gedişatını dəyişib.
"Cinema" dərgisində redaktorluq
1940-cı ildə gənc Antonioni uğur ardınca doğma şəhəri Ferraradan güneyə - Romaya gəlib. Gələrkən yazdığı film rəylərini də özüylə gətirib. Bir müddət katib və bank işçisi olan gənc yazılarını yerli "Il Corriere Padano" qəzetinə verərək öncə yazar, ardınca yeni qurulan "Cinema" dərgisində redaktor işi tapa bilir. Xaricdə də satılan və zəngin sponsorları olan bu dərgi gənc kino həvəskarı üçün irəliyə doğru ciddi bir addım idi. Tək problem dərginin direktorunun Mussolininin oğlu olması idi.
Vittorio Mussolini bir çox məsələdə atasından xeyli fərqlənirdi. O, Hollivudu sevir, atasının irqçiliyini rədd edir, bir çox solçu yəhudi rejissor, yazar və kino tənqidçisini dəstəkləyirdi. Ancaq bununla yanaşı, o, faşist rejiminin sadiq dəstəkçisi olaraq qalırdı.
Restorandan steyk oğurlayan Antonioni?
Antonioni dərgidə cəmi bir neçə ay çalışandan sonra qovulur. Onun qovulması ilə bağlı ayrıntılar dəqiq bilinməsə də, bunun solyönümlü rejissorla rəhbərlik arasındakı siyasi uzlaşmazlıqla bağlı olduğu məlumdur. Antonioniyə qovulduğu barədə öncədən xəbər verilməmiş, qərar anında qüvvəyə minmişdi. Bu olay gənc Antonionidən ötrü əsl travma olub: "Onlar məni qovanda cibimdə qəpiyim də yox idi. Mən hətta restorandan steyk oğurlamışdım".
Antonioni qarşıdakı aylarda dəyərli tennis mükafatlarını sataraq özünü dolandıra və beləcə, Romada qala bilmişdi. O zaman o, artıq Romadakı Eksperimental Kinematoqrafiya Məktəbində oxumağa, Roberto Rossellini kimi istedadlarla əməkdaşlıq etməyə, kino ssenariləri yazmağa və təcrübəli rejissorların köməkçisi olmağa başlamışdı. Dərgidən qovulması onu film izləmək və rəy yazmaq dünyasından itələyib praktik kino yaradıcılığı dünyasına salmışdı.
"Po vadisinin insanları"
1942-ci ildə Antonioni Marsel Karne ilə çalışmaq üçün Fransaya gedir. Daha sonra o, Jan Kokto ilə işləməkdən ötrü bu ölkədə bir qədər də qalmalıydı. Ancaq tale ona başqa planlar da hazırlayıbmış. Çox keçmədən Antonioni hərbi xidmətə çağrılır və doğma şəhərinə qayıtmalı olur. Burada o, yeni filmini çəkmək üçün pul toplamaq qərarına gəlir. O bu layihəsini hələ 1939-cu ildə - "Cinema" dərgisinə yazdığı məqalə əsasında hazırlamışdı. Məqalə İtaliyanın ən uzun Po çayı sahillərində yaşayan balıqçıların yaşam və işindən söz açırdı. Müharibə, 1943-cü ildən başlayaraq, çəkilişləri əngəlləməyə başlayır. Bu dövrdə Antonioni Mussolininin "Salo Respublikası"nın kino işlərinə yardımçılıqdan boyun qaçırmış, əvəzində "Hərəkət Partiyası" adlı gizli antifaşist şəbəkəsinə qoşulmuşdu.
Almanlar Antonioninin filminin əksər görüntülərini məhv etsələr də, əldə qalan görüntülərdən "Gente del Po" adlı qısa sənədli film çəkmək mümkün olub. Filmin debütü yalnız 1947-ci ildə, Venesiya Film Festivalında Alfred Hitçkokun "Spellbound" filmindən əvvəl – kinodərgi şəklində baş tutub. 1964-cü ildə isə Antonioninin "Il Deserto Rosso" filmi festivalda göstərilir və "Qızıl Şir" mükafatına layiq görülür.
"Həyat hər zaman xoşbəxt sayılmır… Ona bütün bucaqlardan baxmağa cəsarətiniz olmalıdır", - faşist rejimində yaşayıb-çalışmış bir sənətçinin bu sözləri ayrıca maraq doğurur.