Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:31

Mikayıl Cabbarov vergilər naziri oldu [reaksiyalar]


Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu işdən çıxarıb. Onun yerinə təhsil naziri Mikayıl Cabbarovu təyin edib.

Bununla bağlı dövlət başçısı bu gün, dekabrın 5-i sərəncamlar verib.

F.Məmmədov 2000-ci il prezident Heydər Əliyevin sərəncamı ilə vergilər naziri təyin edilmişdi. 53 yaşlı nazir artıq 18 ilə yaxın idi ki, bu postda çalışırdı.

M.Cabbarov isə 20013-cü ilin aprelindən təhsil naziri idi. O, 2004-2009-cu illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda 41 yaşı var.

* * *

“Birinci xanımın komandası gücləndirilir”

“Görünən budur ki, birinci xanımın komandasının gücləndirilməsi prosesi gedir”, – “Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev prezidentin son təyinatlarını qiymətləndirərkən belə deyir: “Bunu gələn ilki prezident seçkilərinə hazırlıq da hesab etmək olar, başqa şey də. Amma bütünlükdə daxili dəyişmə prosesi gedir”.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Mehman Əliyev
Mehman Əliyev

Dekabrın 5-də dövlət başçısı İlham Əliyev təhsil naziri Mikayıl Cabbarovu vəzifəsindən azad edərək vergilər naziri Fazil Məmmədovun yerinə təyin edib.

Mehman Əliyev ilin sonuna kimi başqa kadr dəyişikliklərinin olacağını, “20 ildən artıq” vəzifədə olan nazirlərdən bir neçəsinin gedəcəyini ehtimal edir:

“Komandanın dəyişməsi, rotasiyası gedir. Orda uzun illər oturmuş nazirlər, əsasən də hüquq-mühafizə orqanlarının başında duranlar böyük bir problemə çevriliblər. Vəzifə təyinatı islahat deyil. Ancaq personajların dəyişməsi yeni oyun qaydalarını ortaya çıxaracaq. Yenə deyirəm ki, əslində, baş verənlər birinci vitse-prezidentin komandasının gücləndirilməsinə xidmət edir”.

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Yeri gəlmişkən, bu ilin əvvəlində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin də birinci vitse-prezident Mehriban Əliyevaya yaxınlığı ilə seçildiyi bildirilir. O, vaxtilə Heydər Əliyev fondunda çalışıb.

“Başlıca sual: təhsil nazirinin yerinə kim gətiriləcək?”

Siyasi şərhçi Azər Rəşidoğlu isə hakimiyyətdaxili savaşın növbəti mərhələsinin başlandığını və bugünkü təyinatdan sonra bu savaşda hələlik paşayevlərin qalib olduğunu düşünür:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

“Dəfələrlə vurğulamışıq ki, seçkilər yaxınlaşdıqca hakimiyyətdaxili klanlar öz mövqelərini gücləndirməyə çalışacaqlar. Baxmayaraq ki, Fazil Məmmədov paşayevlərə yaxın nazir kimi tanınırdı, ancaq onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da, hakimiyyətdəki Naxçıvan qruplaşmasi ilə də əlaqələrinin olması barədə məlumatlar yayılmaqda idi. Mikayıl Cabbarov isə ikinci hakim ailənin kadrı kimi tanınır”.

Buna da bax: Vitse-prezidentlik genişlənir... [video]

Azər Rəşidoğlunun fikrincə, indi başlıca sual təhsil nazirinin yerinə kimin gətiriləcəyidir:

“Güman edirəm ki, həmin posta paşayevlərə daha yaxın bir şəxsin gətirilməsi prezident seçkilərində ikinci hakim ailənin prezident seçkilərində iddiasının daha ciddi olduğuna işarə edəcək”.

Kəmaləddin Heydərov da gedə bilərmi?

Buna da bax: 'Hakimiyyətin paşayevlərə keçməsi elə də asan olmayacaq' [video]

Bir gün öncə dekabrın 4-də “Trend” fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yeznəsi - Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazovun tutduğu vəzifədən azad edilməsi haqda məlumat yaymışdı. Keçmiş nazir Fazil Məmmədovun da Kəmaləddin Heydərova yaxın olduğu barədə iddialar səslənib. O zaman seçkilərə kimi mətbuatın “fövqəlgüc” kimi təqdim etdiyi Heydərov da vəzifədən gedə bilərmi? Azər Rəşidoğlu buna inanmır. O deyir ki, həmin şəxs postunda qalacaq, “o, oyun qaydalarını yaxşı bilən məmur kimi tanınır, üstəlik, səlahiyyətləri də məhdudlaşıb, əvvəlki “fövqəlgücü”də yoxdur”.

Buna da bax: Hikmət Hacızadə: 'Yeni ümidlər yayılır. Guya Mehriban xanım gələcək...'

Mehman Əliyev də, Azər Rəşidoğlu da yaxınlarda növbəti dəyişikliklər olacağını deyirlər. Hətta “ictimai rəydə nüfuzunu itirmiş” nazirlərin, misal üçün, səhiyyə naziri Oqtay Şirəliyevin gedəcəyi də güman edilir.

Bəs vəzifədən gedəcək nazirlər sonradan başağrısına çevrilməyəcək ki? Mehman Əliyev deyir ki, Azərbaycanda vəzifədən gedənlər, adətən, vəziyyətləri ilə barışırlar.

Deputat "Kimin kadrı olması əsas deyil"

Buna da bax: Pedaqoq: 'Dərslər formal keçilir, uşaqlar oxumur...'

“Mikayıl Cabbarovun kimə bağlılığı haqda məlumatım yoxdur. Ancaq hakimiyyət elitasında həm prezident, həm də Mehriban xanım Əliyeva aparıcı rol oynayırlar. Ona görə də bu məsələdə onların rəyi ortaya qoyulur”, – deputat Fazil Mustafa prezidentin son təyinatından danışarkən belə deyir.

Fazil Mustafa
Fazil Mustafa

“Kimin kadrı olması əsas deyil, əsas odur ki, layiqli kadrlar seçilsin. Bu haqda nə qədər fikir səslənsə də, yenə də son iradə ölkə prezidentinə aiddir. O, kimi seçirsə, kimin üzərində dayanaraq sərəncam verirsə, bu haqda danışmaq doğru olardı. Yoxsa kimin adamı söhbəti hüquqi yanaşma deyil və belə müzakirələrdə iştirak etmək də doğru olmazdı”.

Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Deputat Fazil Mustafa yeni nazir təyinatının ümumiyyətlə, prezidentin müstəsna səlahiyyətinə aid odluğunu, ona görə bunun parlament müstəvisində müzakirəyə çıxarılmadığını da qeyd edir.

“Bir də Avropada, Türkiyədə artıq nazirlər menecment rolunu oynayırlar. Məsələn, Norveçdə müdafiə naziri ordudan gəlməyib. Və ya Türkiyədə səhiyyə naziri ixtisasca həkim deyil. Yəni demək istədiyim odur ki, nazir qurumun idarəçiliyi ilə məşğuldur. Görünür, bizdə də bu məsələ qabardılmağa başlayır. Açığı, bunu normal qəbul edirəm”, – deputat bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG