Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Michael Jackson-un ailəsi ‘Leaving Neverland’ə cavab verir


Michael Jackson
Michael Jackson

“Neverland Firsthand” adlı yeni sənədli filmdə amerikalı mərhum pop-ulduz Michael Jackson-un yaxın ətrafı ilə müsahibələr yer alıb.

Vanity Fair məcmuəsi yazır ki, filmdə HBO-nun çəkdiyi “Leaving Neverland” sənədli filmində səsləndirilən pedofiliya ittihamları sərt tənqid edilir.

“Neverland Firsthand” filmində Michael Jackson-un ailə üzvləri və keçmiş həmkarları HBO-nun çəkdiyi ikihissəli “Leaving Neverland” filmində mərhum müğənniyə qarşı səsləndirilmiş sarsıdıcı pedofiliya ittihamlarına cavab verirlər.

Film birbaşa Wade Robson və James Safechuck-ın ittihamlarına cavab kimi çəkilib. Bu iki şəxs “Leaving Neverland” filmində Jackson-un onları uşaq ikən cinsi təcavüzə məruz qoyduğunu iddia edirlər.

“Neverland çox dinc, əyləncəli yer idi”

2009-cu ildə vəfat etmiş Jackson sağlığında bu cinsi təcavüz ittihamlarını rədd edib. Ona uşaqlara cinsi təcavüzlə bağlı rəsmi ittiham irəli sürülsə də, 2005-ci ildə məhkəmədən sonra işə xitam verilib.

Məhkəmə 2005-ci ildə Michael Jackson-a qarşı ittihamlara xitam verib
Məhkəmə 2005-ci ildə Michael Jackson-a qarşı ittihamlara xitam verib

Eli Pedrazanın çəkdiyi “Neverland Firsthand” filmi ötən şənbə günü YouTube-a yüklənib.

Filmin YouTube-dakı təsvirində onun “HBO-nun filmindən çıxarılmış informasiyanı işıqlandırmaq məqsədilə” çəkildiyi qeyd olunur.

Filmdə Michael Jackson-un qardaşı oğlu Taj Jackson, qardaşı qızı Brandi Jackson, uzun zaman mərhum müğənninin texniki direktoru olmuş, eyni zamanda Neverland rançosunda işləmiş Brad Sundberg-lə müsahibələr yer alıb.

“Mən milyon ildə bir dəfə də Michael Jackson-un ətrafında qanıqara, incidilmiş, xətrinə dəyilmiş uşaq görmədim. Neverland çox dinc, təhlükəsiz, əyləncəli yer idi”, - Sundberg filmin prodüseri Liam McEwan-a müsahibəsində deyir.

Brandi Jackson-sa birbaşa uşaqlıqda tanış olduğu Robson haqda danışır. O yeddi il Robsonla sevgili olduğunu iddia edir:

“O elə əvvəldən bir qədər opportunist idi”, – deyən Brandi Robsonun bu hərəkəti maddi mənfəət üçün etdiyini iddia edib. “O özünü ona maddi qazanc gətirə biləcək vəziyyətlərə salmağı bacarır”.

Michael Jackson-un Santa Barbara yaxınlığındakı Neverland Rançosu
Michael Jackson-un Santa Barbara yaxınlığındakı Neverland Rançosu

Robsonun vəkili Vince William Finaldi daha öncə “Billboard” jurnalına müsahibəsində belə deyib:

“Xanım Jackson cinsi təcavüz baş verən zaman Wade və Michael Jackson-un yanında olmayıb və bu səbəbdən onun bu mövzuda deyə biləcəyi mənalı bir şey yoxdur”.

“İnsanlar bundan sui-istifadə edirlər”

Mərhum əmisini dəfələrlə müdafiə etmiş və cavab sənədli filmi üçün GoFundMe kampaniyasına başlamış Taj-sa, Michael Jackson-un bu məsələdə qurban olduğunu deyib: “Sən bir az üzüyumşaqsansa, insanlar bundan sui-istifadə edir”, – o, müğənniyə qarşı çoxsaylı məhkəmə şikayətlərindən danışarkən deyib.

30 dəqiqəlik filmə YouTube-da baxmaq mümkündür.

“Leaving Neverland” filminin efirə çıxması ərəfəsində Robson və Safechuck bir neçə müsahibə verərək öz ittihamlarının üstündə durublar.

Onlar hətta Oprah Winfrey ilə də uzun söhbət ediblər. Amerikanın televiziya əfsanəsi sayılan Oprah Winfrey öz efirində bu cütlük və “Leaving Neverland” filmini çəkən rejissor Dan Reed-in iştirakı ilə bir saatlıq müzakirəyə aparıcılıq edib. Müzakirə filmin ikinci hissəsinin efirə getməsindən sonra baş tutub.

Michael Jackson-a qarşı yenidən başlamış ittihamlara reaksiya yavaş-yavaş da olsa özünü göstərməyə başlayıb.

Kanada və Yeni Zelandiyada radiostansiyalar Jackson-a aid musiqini səsləndirməkdən imtina ediblər.

Populyar “The Simpsons” cizgi serialının yaradıcısı və iki prodüseri isə Jackson-un da yer aldığı epizodu efirdən birdəfəlik çıxarıblar.

Müğənninin fondu (Jackson Estate) məsələyə sənədli filmi tənqid etmək və HBO kanalına qarşı 100 milyon dollarlıq məhkəmə işi qaldırmaqla cavab verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG