Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Michael Jackson fondu filmdən şikayətçidir


Michael Jackson
Michael Jackson

Michael Jackson fondu Britaniyanın Channel 4 telekanalına məktubla müraciət edib. Məktubda Michael Jackson-u uşaqbazlıqda suçlayan iki kişi haqda sənədli filmin yayım qaydalarına zidd olduğu bildirilir.

Fondun hüquqşünası Howard Weitzman tərəfindən yazılmış və Associated Press-in yaydığı məktubda deyilir ki, martda göstərilməsi planlaşdırılan “Leaving Neverland” filmində ittihamçıların iddialarına Jackson fondundan, müğənninin ailəsi və dostlarından hər hansı cavab almağa cəhd olunmayıb.

Məktubda daha sonra vurğulanır ki, qarşı tərəfin mövqeyini öyrənmək və Jackson-un nüfuzunu qoruyan adamların fikrini soruşmaq kanalın standartlarına və sadə jurnalist etikasına uyğun olardı.

Məktubda ictimaiyyətə açıq qaydalara istinadən deyilir ki, proqram “ciddi ittiham” irəli sürürsə, “məsələdə maraqlı tərəflərə cavab vermək üçün imkan və vaxt verilməlidir”.

İTTİHAMLARI JACKSON ÖZÜ SAĞLIĞINDA İNKAR EDİB

“Fikrimcə, hamımız sizin “sənədli filmdə”ki yanlış ittihamların “ciddi ittihamlar” olduğunu düşünürük. İstənilən şəxsə bundan daha ciddi ittiham irəli sürülməsini təsəvvür etmək çətindir.

Buna baxmayaraq, heç kimdən cavab istənməyib.

Bura sizin “sənədli filminizdə” Jackson-un “təcavüzünün” qurbanları qismində adı çəkilən adamlar - Robson və Safechuck da daxildir. Bu adı çəkilən şəxslər təcavüzə məruz qaldıqlarını açıq və inandırıcı şəkildə inkar edirlər”, – məktubda deyilir.

Channel 4 kanalının verdiyi açıqlamada isə deyilir ki, bu sənədli filmdə Jackson-a ittihamlar müğənninin həyatda ikən verdiyi təkzib bəyanatları vasitəsilə inkar edilir. Açıqlamada daha sonra deyilir ki, bu təkziblər təqdim edildiyi üçün bu proqram Britaniyanın rəsmi yayım məcəlləsinə uyğundur.

“Bu halda haqqında ciddi ittihamlar səsləndirilən şəxs dünyasını dəyişib. Məhz buna görə də onun həyatda ikən bu ittihamları rədd etdiyi məqamların proqrama salınması düzgündür”, - açıqlamada deyilir.

Filmin rejissoru Dan Reed daha öncə Michael Jackson fondunun tənqidinə cavab verərək açıqlamada bilərəkdən yalnız Robson və Safechuck-a fokuslandığını deyib.

“Filmi görən istənilən şəxs biləcək ki, bu film yalnız iki şəxsin və onların ailələrinin öz sözləri ilə danışdıqları hekayələtrini eşitmək haqdadır. Biz bu yanaşmadan qürur duyuruq”, – Reed deyib.

HBO KANALINA DA MƏKTUB GÖNDƏRİLMİŞDİ

Qurumun telekanala ünvanladığı üç səhifəlik məktub onun ötən cümə günü HBO kanalına göndərdiyi məktubla səsləşir. Həmin məktubda Wade Robson və James Safechuck-ın ittihamları “ləyaqətsiz” adlandırılmış, bu iki şəxsin keçmişi ilə bağlı araşdırma aparılmasına çağırış edilmişdi. HBO-ya göndərilən məktubun bir nüsxəsi də Channel 4-ə göndərilən məktuba əlavə edilib və bildirilib ki, orada yazılanlar bu kanala da şamil olunur.

Sözügedən iki kanalın birlikdə çəkdiyi sənədli film o zaman uşaq olan bu iki şəxsin həyatının şöhrətin zirvəsində olan Michael Jackson-la necə kəsişdiyindən, uşaqlıqda travma aldıqlarını iddia etmələrindən və bu travmanın sonradan yetkin yaşda üzə çıxmasından söz açır.

Filmin premyerası ötən ay Sundance Film Festivalında baş tutub. Burada auditoriya Robson və Safechuck-ı ayaqüstə alqışlayıb.

Bu şəxslərin hər ikisi daha öncə polisə Jackson-un onlara təcavüz etmədiyini deyib. Robson 2005-ci ildə Jackson-un başqa bir oğlan uşağını yoldan çıxarması ittihamı ilə bağlı keçirilən məhkəməsində ifadə verib. O zaman Jackson-a bəraət verilmişdi. Michael Jackson 2009-cu ildə vəfat edib.

Sözügedən hər iki şəxs sonradan məhkəməyə müraciət edib. Onların şikayəti təmin olunmadığından sonradan apelyasiyaya müraciət ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG