Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:16

Ruslar Ağ evin müşavirinə 67 min dollar veriblər


M.Flynn və V.Putin RT kanalının tədbirində.
M.Flynn və V.Putin RT kanalının tədbirində.

Ağ evin keçmiş təhlükəsizlik müşaviri Michael Flynn, deyilənə görə, rus şirkətlərindən 67 min dollardan çox pul alıb. «Fox News» televiziyası bu haqda sənədləri demokrat konqresmenlərdən birinin üzə çıxardığını xəbər verir. Sənədlər pulların müşavirə ABŞ-da prezident seçkilərindən öncə ödəndiyini göstərir.

Nümayəndələr Palatasının üzvü Elijah Cummings D.Trump administrasiyasından M.Flynn-in xarici ölkə və təşkilatlarla əlaqəsi haqda ətraflı hesabat istəyib.

33 MİN 750 DOLLAR

Sənədlərə görə, M.Flynn 2015-ci ilin dekabrında – D.Trump-ın seçki müşaviri təyin ediləndən bir neçə ay əvvəl Rusiyanın dövlət nəzarətində olan televiziyası – «Russia Today»dən (RT) 33 min 750 dollar alıb. Müşavirə bu pul Moskvada hansısa konfransda iştirak etməkdən ötrü verilib. Sənədlər həmçinin, M.Flynn-in və onun oğlunun RT hesabına Moskvada bahalı oteldə qaldığını göstərir. Konfransda isə RT keçmiş Hərbi Kəşfiyyat Agentliyi (DIA) rəhbərinin –M.Flynn-in Rusiya prezidenti Vladimir Putin-lə yanaşı oturduğunu göstərib.

Buna da bax-'Rusiya məsələsi Vaşinqtonu dağıdır'

M.Flynn-in sözçüsü onun Moskvaya səfər edərkən, eləcə də səfərdən qayıdanda DIA-ə məlumat verdiyini söyləyib. DIA bu bilgini təsdiqləyir, M.Flynn-in bütün digər keçmiş rəsmilər kimi hərəkət edərək, səfəri barədə agentliyə hesabat verdiyini bildirir.

Konqresmen E.Cummings isə deyir ki, müşavirin RT ilə əməkdaşlığı ABŞ-ın konstitusiyasına ziddir, təqaüddə olan hərbçilərin xarici dövlətlərdən bəxşiş almasını yasaqlayan əsasnaməni pozur. Ona görə də, keçmiş müşavir həmin pulları dövlətə təhvil verməlidir.

Michael Flynn
Michael Flynn

Müdafiə naziri James Mattis və Federal Tədqiqatlar Bürosunun (FBI) direktoru James Comey-in də prezidentə göndərdiyi məktublarda keçmiş müşavirin konstitusiyaya zidd hərəkət etdiyi, «ABŞ-ın qlobal rəqibinin, ölkə demokratiyasına hücum etmiş» ölkənin agentindən 10 minlərlə dollar aldığı deyilir.

TÜRK ŞİRKƏTLƏRİNDƏN DƏ PUL ALIB

Nümayəndələr Palatasının araşdırmaları nəticəsində daha iki rus şirkətinin də M.Flynn-ə əməkdaşlıq müqabilində pul verdiyi bəlli olub. Ancaq diqqəti daha çox çəkən Rusiyanın dövlət kanalı hesab edilən, dövlətin təbliğat maşınına çevrilən RT kanalı ilə əməkdaşlıqdır.

Buna da bax-Ağ ev Trump-ın kürəkəninin də Rusiya səfiriylə görüşdüyünü etiraf edib

Keçən həftə ABŞ-ın Ədliyyə Nazirliyi M.Flynn-i və şirkətini xarici agent kimi qeydiyyata alıb, onun lobbiçilik fəaliyyətinin Türkiyə hökumətinə fayda verdiyi güman edilir. Belə ki, Flynn-in şirkəti türk biznesmenə məxsus bir şirkətdən ötrü 530 min dollarlıq lobbiçilik edib.

«Mən cənab Flynn-in Rusiya, Türkiyə və başqa xarici agentlərlə əlaqələri, eləcə də onun xarici mənbələrdən aldığı vəsaitlər haqda tam açıqlama verib-vermədiyini öyrənmək istəyirəm». E.Cummings-in Ağ evə müraciətində belə deyilir.

M.Flynn Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində cəmi 3 həftə qalıb. Onun ruslarla bağlılığı haqda yazılardan sonra prezident D.Trump onu istefaya göndərib. Kəşfiyyat M.Flynn-in Rusiya səfiriylə tez-tez ünsiyyətdə olduğunu, hətta səlahiyyətlərini aşaraq, səfirlə ABŞ-ın Rusiyaya sanksiyalarını müzakirə etdiyini üzə çıxarmışdı.

XS
SM
MD
LG