Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:01

Ağ ev Trump-ın kürəkəninin də Rusiya səfiriylə görüşdüyünü etiraf edib


Jared Kushner
Jared Kushner

Ağ ev prezident Donald Trump-ın kürəkəni Jared Kushner-in, keçmiş təhlükəsizlik müşaviri Michael Flynn-in də Rusiya səfiri Sergei Kislyak-la görüşdüyünü açıqlayıb.

SEÇKİÖNCƏSİ GÖRÜŞLƏR

M.Flynn-in səfirlə telefon söhbəti ortaya çıxandan sonra o, istefaya getməyə məcbur olmuşdu. Dünən – martın 2-də isə ABŞ-ın baş prokuroru Jeff Sessions Rusiyanın seçkilərə müdaxiləsiylə bağlı araşdırmalardan kənar duracağını elan edib. Çünki mətbuat onun da rusiyalı səfirlə görüşdüyünü və bu görüşlərin keçən il – seçki ərəfəsində keçirildiyini aşkara çıxarıb.

«The New York Times», əslində, keçid hökuməti rəsmilərinin hansısa ölkə rəsmisiylə görüşündə bir qəbahət olmadığını qeyd edir. Amma söhbət Rusiyanın seçkilərə müdaxiləsindən getdiyi vaxtda məhz rus səfiriylə telefon danışıqları, görüşlər, həm də bu görüşlərin seçki ərəfəsinə və seçkidən sonraya düşməsi, üstəlik, rəsmilərin dinləmələrdə bu haqda danışmamaqları, ya da hər dəfə bir cür danışmaqları ABŞ-da əməlli-başlı səs-küy yaradıb.

«The New York Times» qəzeti görüşlərin Rusiyanın seçkiyə müdaxiləsini araşdıran Federal Tədqiqatlar Bürosundan (FBI) ötrü önəmli olduğunu vurğulayır.

MƏSƏLƏNİN YOLUNA QOYULACAĞINI DEYİBMİŞ

Ağ evin sözçüsü Hope Hicks deyib ki, J.Kushner başqa ölkələrin də təmsilçiləriylə, 20-yə yaxın ölkə lideri və təmsilçisiylə görüşüb. Onun sözlərinə görə, rusiyalı səfirlə toplantıda M.Flynn də olub və gələcək müşavirlər ölkələr arasındakı münasibətləri müzakirə ediblər, ünsiyyət yaratmağa çalışıblar.

Michael Flynn
Michael Flynn

Halbuki yanvarda M.Flynn-in səfir S.Kislyak-la əlaqəsi haqda suallara cavab verəndə, Ağ ev onların yalnız telefonla, həm də sanksiyalardan öncə danışdığını bildirmişdi. Sonralar hər şeyin başqa cür olduğu, danışıqların səfir Dövlət Departamentinə çağrılandan, Obama administrasiyası rus diplomatlarını ölkədən qovduğunu bildirəndən dərhal sonra baş tutduğu ortaya çıxdı.

Dövlət Departamentindəki söhbətdən xəbəri olanlar səfir S.Kislyak-ın sanksiyalara görə qəzəbli olduğunu, Rusiyanın buna cavab verəcəyini dediyini söyləyirlər. Departamenti tərk edəndən sonra isə onun məhz M.Flynn-ə zəngi qeydə alınıb. Sonrakı 36 saat ərzində isə səfirin hər iki zəngdən birini M.Flynn-ə etdiyi müəyyən olunub. Kəşfiyyat agentliklərinin əldə etdiyi səs yazıları M.Flynn-in rusları sanksiyalara cavab verməməyə çağırdığını, D.Trump-ın prezidentliyi dövründə münasibətlərin yoluna qoyulacağını dediyini göstərib. Amma sonrakı müsahibələrində müşavir bu haqda doğru-dürüst məlumat vermirdi, elə ona görə də cəmi 3 həftədən sonra vəzifədən getməli oldu.

«BÜTÜN DİPLOMATLAR BELƏ EDİRLƏR»

Ağ evin M.Flynn-in, J.Kushner-in səfirlə görüşü haqda açıqlaması yeni suallar yaradıb. D.Trump-a yaxın olanlardan, seçki kampaniyasının təşkilatçılarından daha kimlərin rus rəsmiləriylə görüşdüyü, hansı məsələləri müzakirə etdiyi, bu görüşlərin tez-tezmi, ya təsadüfənmi baş tutması qaranlıq qalır.

Rusiyanın ABŞ-dakı səfiri S.Kislyak keçmiş təhlükəsizlik müşaviri M.Flynn-lə 2013-cü ildən tanış olduğunu, seçki kampaniyası zamanı əlaqə saxladıqlarını etiraf edib. «Bütün diplomatlar belə edirlər», – səfir «The Washington Post» qəzetinə müsahibəsində deyib. Amma M.Flynn-lə hansı məsələləri müzakirə etdiklərini açıqlamaq istəməyib.

AP agentliyi və «USA Today» qəzeti isə D.Trump-ın seçki kampaniyası zamanı xarici siyasət məsələləri üzrə müşavir olmuş Carter Page-in, həmçinin milli təhlükəsizlik məsələləri üzrə direktor J.D.Gordon-un da «Heritage» fondunda Rusiya səfiriylə görüşdüyünü yazır. J.Sessions-un səfirlə görüşlərindən biri həmin tədbir çərçivəsində olub.

XS
SM
MD
LG