Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:13

'Güzəştli mənzillər'in satışı təzədən aparılacaq


Güzəştli mənzillərin satış problemi
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Güzəştli mənzillərin satış problemi

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) «Yasamal» Yaşayış Kompleksində ilk mənzillərin seçimini yenidən təşkil edəcək.

Bu haqda MİDA-nın bu gün, mayın 17-də yayılan məlumatında bildirilir.

«Yasamal» Yaşayış Kompleksində ilk 260 mənzilin satışına mayın 7-də başlandığını bildirən agentlik vurğulayır ki, onda «Elektron hökumət» portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayı kütləvi xarakter daşıdığından əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanıb.

Satış təzədən keçiriləcək

««Güzəştli mənzil» sistemində qeydə alınmış səhvlər nəticəsində sistemə daxil ola bilən vətəndaşlardan 1963 nəfərinə mənzil seçimi ilə bağlı yanlış bildirişlər göndərilib. Həmin şəxslərdən 260 nəfəri mənzil seçimi ərizəsini imzalayıb təsdiq edə bilsə də, qalan 1703 nəfər baş vermiş texniki problemlər nəticəsində bu prosesi başa çatdıra bilməyib. Bununla da, yaranan texniki nasazlıqlar səbəbindən elektron imzalanma proseduru və mənzil seçimi prosesinin ardıcıllığı pozulub», - agentlik qeyd edir.

***Buna da bax-Azərbaycanda güzəştli mənzil müəmmasını rusiyalı ekspert izah edir

Agentliyin açıqlamasına görə, baş vermiş texniki problemlərin yaranma səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb.

MİDA vurğulayır ki, yaranmış problemlər ilk satış zamanı sistemin istifadəçilərinin mənzil seçimi imkanlarının qeyri-bərabər olmasına gətirib çıxarıb. Bu isə elektron sistemin əsas iş prinsiplərinə zidd olub. Bütün bunları diqqətə çatdıran agentlik mayın 7-də keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrini ləğv edib, seçimin yenidən təşkilinə qərar verib.

Güzəştli mənzillər nə qədər şəffaf satılır?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Nə baş vermişdi

Mayın 7-dən «Yasamal» Yaşayış Kompleksində sosial mənzillərin satışına başlandığı açıqlanmışdı. Ancaq vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranmışdı.

Baş verənlər sosial şəbəkələrdə sadə insanlara yaradılan maneələr kimi dəyərləndirilmiş, ancaq agentlik bunu texniki səbəblərlə əlaqələndirmişdi.

Həmin satış mərhələsində 4 binadakı 260 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılmışdı.

MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi «Elektron hökumət» portalında yaradılmış «Güzəştli mənzil» sistemi vasitəsilə elektron qaydada həyata keçirilməlidir. Yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

***Buna da bax-İndi maaşınızla neçə ilə ev ala bilərsiz? [Sorğu]

Satışa çıxarılmış ən ucuz 1-otaqlı mənzillərdir - qiymətlər 29 min 925 manatdan başlanır. 2-otaqlı mənzillərin 47 min 282, 3-otaqlıların isə 65 min 626 manatdan satışa çıxarıldığı açıqlanıb.

Vətəndaşlar mənzilləri İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına da əldə edə bilməlidirlər. Həmin kreditlər 3-30 illiyə, 4 faizlə verilməlidir. Güzəştli ipoteka krediti vasitəsilə alındıqda minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.

Ancaq bəzi ekspertlər də deyirlər ki, satışa çıxarılan mənzillərin «sosial mənzillər» adlandırılması düzgün deyil. Onların bildirməsinə görə, bu layihədə güzəştdən çox qazancdan söhbət gedir.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. «Yasamal» Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG