Facebook, Instagram sosial şəbəkələri və Whatsapp messencerinin sahibi Meta Platforms 10 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Meta ötən noyabrda 11 min işçini ixtisara salmışdı.
BBC-nin xəbərinə görə, Meta Platforms-un rəhbəri Mark Zukerberq (Mark Zuckerberg) əməkdaşlara müraciətində yazıb ki, ixtisarlar “ağır” olacaq. Şirkət rəhbərliyi 5 min vakansiyaya işçi götürməkdən imtina qərarı verib.
Zukerberq hesab edir ki, Meta-nın gəlirinin kəskin azaldığı 2022-ci il şirkət üçün “ayıldıcı və həyəcanlı siqnal” olub. Onun fikrincə, yeni iqtisadi reallıq uzun illər qalacaq. Daha öncə Meta bildirmişdi ki, 2022-ci ilin son rübündə şirkətin gəliri 4% azalıb, ancaq il boyunca 23 milyard dolları keçib.
Bu gündən bildirişlər göndəriləcək
Bu gün – martın 15-də işəgötürmə bölmələrinə ixtisarlar haqda bildirişlər göndəriləcək. Aprelin sonunda texniki bölmələrdə, mayın sonuna isə biznes bölmələrində ilk ixtisarlar aparılacaq.
Zukerberqin müraciətinin bir hissəsi Meta-nın texniki işlərinin ofis rejiminə qayıtmasına həsr olunub. Şirkət rəhbərinin dəyərləndirməsəinə görə, “karyerasının ilk mərhələlərində mühəndislər həftədə azı 3 dəfə ofisə gələndə daha effektli işləyirlər”.
Meta – IT sektorunda işçilərini ixtisar edən yeganə şirkət deyil. Google-un sahibi Alphabet şirkəti artıq 12 min nəfəri ixtisara salıb. Amazon isə bildirib ki, “iqtisadiyyatda qeyri-müəyyənlik” səbəbindən 18 min işçi ixtisar olunacaq.
layoff.fyi saytının məlumatına görə, 2023-cü ildə IT sektorunda 128 mindən çox əməkdaş ixtisar olunub.