Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

Dövlətə xəyanət ittihamı ilə şərti cəza


Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimova 4 il sınaq müddəti olmaqla, 7 il şərti cəza verilib. O, dövlətə xəyanətdə ittiham olunurdu. Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovsa 5 il azadlıqdan məhrum edilib.

Beş ay Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses mayın 11-də yekunlaşıb. Hökmü Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.

Buna da bax:​ Məşədi Natiq: 'Qapalı məhkəmədə olanları yaya bilmərəm...'

Natiq Kərimov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş əməliyyatdan az sonra həbs olunmuşdu. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilən Məşədi Natiq təxminən bir ay həbsdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlandıqdan sonra – 2016-cı il yanvarın 19-da ev dustaqlığına buraxılmışdı.

İnqilab Əhədov isə həbsdə saxlanılırdı.

Məhkəmə iş materiallarında dövlət sirri sayılan məlumatların olduğunu əsas gətirərək, onların işinə qapalı baxılmasına qərar vermişdi.

Buna da bax: Hakim Məşədi Natiqin işinə baxmaqdan imtina etdi

Məşədi Natiq və İnqilab Əhədov xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, verilən tapşırıqları yerinə yetirməkdə, casusluq edib məlumatlar ötürməkdə suçlanır. Məşədi Natiq məhkəmənin əvvəlində jurnalistlərə açıqlamasında günahsız olduğunu və ittiham aktında yazılanları yalan saydığını söyləmişdi.

XATIRLATMA

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 90-a yaxın göstərilib.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

Buna da bax: 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırova 20 il, digərlərinə isə 10 ildən 20 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Buna da bax:​ Nardaran işi: Məşədi də Taleh Bağırovun əleyhinə ifadə verib

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG