Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, fevralın 4-də uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.
Qurumun İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5, faiz dəhlizinin aşağı həddi 5.5, yuxarı həddi isə 7.5 faiz səviyyəsinə endirilib. "Qərar qəbul edilərkən faktiki, proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik, beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyllər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb", - məlumatda bildirilir.
Qurum əlavə edib ki, hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir: "Son iki ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabrında 12 aylıq inflyasiya 5.2 faiz təşkil edib... Baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5.5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir".
Müstəqil iqtisadçılar bu rəqəmlərin gerçəkliyinə şübhə edirlər. Ötən il inflyasiyanın ikirəqəmli olduğunu bildirirlər.
Üstəlik, onların sözlərinə görə, Azərbaycanda uçot dərəcəsinin müəyyən edilməsi bir qədər formal xarakter daşıyır: uçot dərəcələri dəyişəndə belə bu bank faizlərinə təsir göstərmir. Əslində uçot dərəcəsi aşağı olarsa, kredit faizləri düşməlidir.
Müstəqil ekspertlər vurğulayırlar ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var.
AMB-nin qərarı ilə ötən ilin dekabrında da faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı.
"Alın, bu da sizə Azərbaycansayağı…"
İqtisadçı Rövşən Ağayev də Facebook səhifəsində yazıb ki, həm nəzəri baxımdan, həm də normal bazar mexanizmlərinin işlədiyi iqtisadiyyatlarda mərkəzi banklar uçot dərəcəsini azaldanda kreditlər ucuzlaşlamalıdır: "Yəni, bizim sevimli "transmissiya"nın əsas kanallarından, ya da nəticələrindən biri də budur və ya bu olmalıdır. Alın, bu da sizə Azərbaycansayağı "transmissiya": 2018-ci ilin sonunda uçot dərəcəsi olub 9.75 faiz, həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 15.9 faiz. 2025-ci ilin sonunda uçot dərəcəsi olub 6.75 faiz, həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 17.7 faiz".