Angela Merkel Almaniyanın kansleri olarkən Rusiyanın Ukraynaya qarşı müharibəsinə rəvac verəcək bir sıra qərarlar qəbul edib.
Bunun yerli telekanallara müsahibəsində Bundestaqın müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmerman (Marie-Agnes Strack-Zimmermann) deyib.
Onun sözlərinə görə ən birinci çox böyük səhv Almaniyanın Ukraynanın NATO üzvlüyünə yolunu kəsməsi olub.
Xanım Ştrak-Zimmerman xatırladıb ki, 2008-ci ildə NATO-nun bir çox üzvləri Ukraynanın ən tez bir zamanda alyansa qəbul olunmasına tərəfdar idilər.
Amma o vaxt Almaniya və Fransa Rusiyanın mövqeyinə görə Kiyevə belə bir imkanın verilməsini istəmədilər.
“Putin elə bilirdi ki, biz ölüvayıq”
Millət vəkili bildirib ki, “bu fransızların və Angela Merkelin o vaxt buraxdlıqları ən böyük səhv idi”:
"Bu ona görə baş verdi ki, Merkel və Fransanın ovaxtkı prezidenti Nikola Sarkozi Rusiyaya hörmət mənasında buna qarşı çıxdılar. Angela Merkelin tarixini xüsusilə də onun bir neçə illər ərzində vəziyyəti tamamilə yanlış qiymətləndirməsinə baxmaqla yenidən yazmaq lazımdır”.
Ştrak-Zimmerman bunu da bildirib ki, onun fikrincə Ukraynada müharibə I və ya II Dünya müharibələri qədər uzun sürməyəcək:
"Dəqiq deyə bilərəm ki, bu müharibə 4-5 il davam etməyəcək. Putin Ukraynaya belə geniş və möhkəm dəstəyin veriləcəyini düşünmürdü. Putin elə bilirdi ki, biz tam bir ölüvayıq”.
Deputat bu qənaətə gəlib ki, indi Almaniya Merkel hökumətinin səhvlərlə dolu son illərini nəzərə almaqla bütün bu dövrü təhlil etməli olur.
Ştrak-Zimmerman habelə deyib ki, Almaniya Rusiyanın müdaxiləsinin ilk günlərindən Ukraynanın tərəfində olmalı, onu silahla təchiz etməli idi.
Tənqidlərə Merkelin ikimənalı cavabları
Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyaya “üzgörəlik” etdiyinə görə bundan əvvəl də tənqidlərə hədəf olub.
Angela Merkelə qarşı buna bənzər tənqidi bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksey Reznikov da səsləndirmişdi.
O demişdi ki, Ukrayna və Gürcüstanın NATO üzvlüyünə qarşı ən güclü şəkildə məhz Almaniya çıxış edirdi.
Nazirin sözlərinə görə əgər o vaxt Almaniya bu üzvlük məsələsini bloklamasaydı, indiki müharibə olmazdı.
Keçmiş kansler habelə Putin Rusiyası ilə enerji sahəsindəki əməkdaşlığına, ölkəni və Avropa İttifaqını Rusiyanın qaz asılılığına saldığına görə ittiham olunur.
Merkel əvvəlcə belə tənqidlərə cavabında bir qayda olaraq bildirirdi ki, “Putinə heç cür təsir göstərə bilmirdi”.
Amma o daha sonralar özünün bütün qərarlarının düzgün olmasında israr etməyə başlayıb.