Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

Əli Kərimlinin müşavirinin məhkəməsində şahid: “3 dəfə ifadəmi cırdılar”


Məmməd İbrahim
Məmməd İbrahim

►"Məmməd İbrahimin əleyhinə ifadə almaq üçün polis idarəsində mənə təzyiqlər oldu, həbslə hədələdilər.

Amma yenə də düzünü danışdım, çünki üç balam var. Haqsız danışsam, Allah özümə də olmasa, balalarımın qarşısına çıxarar".

Bunu fevralın 1-də Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin məhkəməsində şahid kimi ifadə verən Vüqar Abbasov dedi. O bildirdi ki, Məmməd İbrahimlə Mikayıl Quliyev arasında mübahisə sosial şəbəkədə təhqirə görə olub:

"Məmməd İbrahim Mikayıla dedi ki, "məni "facebook"da niyə təhqir edirsən?" O da cavab verdi ki, "yaxşı eləyirəm". Ardınca Məmməd dedi ki, "qələt eləyirsən". Bundan sonra Mikayıl hücum elədi Məmmədin üstünə. Araya girib ayırdıq, mən Mikayılı tutdum, Aqşin də Məmmədi. Mikayılı dartanda köynəyi düymə yerindən azacıq cırıldı. Sonra aralandı, Məmməd də çıxıb getdi yaxınlıqdakı çayxanaya. Az sonra Mikayıl polis maşınında qayıdıb gəldi, onda artıq köynəyi boynuna qədər cırılmışdı. Elə orada Mikayılın özünə də dedim ki, “ayıbdı, bu nə hərəkətdi?"”

Buna da bax: Yanvar aksiyalarından sonra bircə məhsul ucuzlaşıb

“SƏN YAZ, KAMERAYA DÜŞÜB”

Şahid deyir ki, ibtidai istintaq zamanı da bu məzmunda ifadə verib, amma dindirmə protokolunu oxuyanda orada demədiyi fikirləri oxuyub:

"Mənim adımdan yazmışdılar ki, guya, Oruc Vəliyev və daha bir nəfər də hadisə yerində olub. Dedim ki, “axı mən belə şey deməmişəm, orada bizdən başqa heç kim olmayıb”. Dedilər ki, "sən yaz, kameraya düşüb". Dedim ki, “ola bilməz, kamera məsələsini düzüb-qoşa bilərsiz, vicdanınızı neyləyəcəksiz?” Məni hədələdilər ki, “səni salarıq "İVS"ə (müvəqqəti saxlama təcridxanası-red.), ağlın başına gələr”. Nə qədər təzyiq göstərsələr də, qol çəkmədim. Üç dəfə ifadəmi cırdılar".

Digər şahid Elçin Şükürov da eyni məzmunlu ifadə verdi. O da ibtidai istintaq zamanı dindirilərkən təzyiqlərə məruz qaldığını bildirdi:

"Mənim izahatımda elə adlar yazmışdılar ki, mən nə o adamları tanıyıram, nə onların adını çəkmişəm, nə də onlar, ümumiyyətlə, hadisə yerində olublar. Etiraz elədim, məni hədələdilər. İki dəfə izahatımı cırdılar".

Buna da bax: "Dedilər pul icra başçısına çatacaq"

“MÜSTƏNTİQ GƏLSİN”

Yalçın İmanov
Yalçın İmanov

Məmməd İbrahimin vəkili Yalçın İmanov şahidlərin dindirilərkən təzyiqlərə məruz qaldıqları barədə dediklərini əsas gətirərək, işin istintaqını aparmış müstəntiq Mübariz Süleymanovun məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırdı:

"Bu ifadələr bizim ehtimallarımızı bir daha təsdiqləyir ki, istintaq zamanı Məmməd İbrahimin əleyhinə qondarma sübut axtarışına çıxıblar və Oruc Vəliyev, Məhəmməd Qurbanovu ortaya atıb, şahidlərdən də hədə-qorxu ilə onların guya, hadisə yerində olması haqda ifadələr almağa çalışıblar. Müstəntiq gəlsin, burada bu məsələlərə aydınlıq gətirsin".

Hakim Turqay Hüseynov bildirdi ki, əsas şahidlər dindiriləndən sonra bu vəsatətə baxılacaq.

Məhkəmə prosesi fevralın 12-də digər şahidlərin dindirilməsilə davam edəcək.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG