Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:04

'Məktəb əraziləri zəbt olunur, fərdi evlər tikilir'


Tikinti
Tikinti

«Məktəblərə məxsus stadionlar yoxa çıxır, əraziləri satılır, illərdir ki, tikintilər aparılır. Biri hündürmərtəbəli yaşayış binası tikir, biri villa...».

«KİMİN PULU ÇOXDUR...»

Xətai rayonu, Mehmandarov küçəsinin sakinləri eyni küçədəki 263 saylı orta məktəbin ərazisinin hissə-hissə satılmasından, məktəb ərazisinin kiçildilməsindən narazıdırlar. Onlar «Qaynar xətt»ə ərazinin zəbt olunduğunu bildirirlər. Demələrinə görə, 10 il ərzində ərazidə fərdi ev tikintiləri aparılıb.

Sakin Ruslan Atakişiyev deyir, bu evlərin sökülməsi üçün müxtəlif qurumlara müraciət olunsa da, valideynlər heç nəyə nail olmayıblar:

***Buna da bax-Qəbələdə ilanların qorxusundan dərs keçmək problemə çevrilib

«Ən azı, məktəbin ərazisinə düşən tikililəri sökdürmək olar. O vaxt məktəbin hasarını sökdülər, yerində ev tikdilər. Kimin pulu çoxdur, gedir başçını görür, gəlir məktəbin ərazisində özünə bir ev tikdirir. Bu, çox pis ənənədir və bu pis ənənənin qarşısı alınmadığından Xətai rayonu ərazisində bir neçə məktəb eyni aqibəti yaşayıb».

«SİNİF OTAQLARI ÇATIŞMIR»

Sakinlər bildirirlər ki, sağı, solu satılan məktəb yeni tikililərin arasında «gözəgörünməz» olub. Burada 1500-ə yaxın şagirdin təhsil aldığı bildirilir. Məktəb binasını dörd tərəfdən saran yeni tikililər məktəblilərin gediş-gəlişinə də darısqallıq yaradıb. Sakin Ülkər Şəfiyeva: «Məktəblərin ərazisini satmaqdansa, sinif otaqları çatışmır, o yerlərdə gətirib əlavə korpuslar tikəydilər ki, şagirdlər sıxlıqdan əziyyət çəkməyəydi. Zəbt edib tikirlər, sonra da məktəbin rəhbərliyini dəyişirlər. Gələn təzə direktor da deyir, «nə olubsa, məndən əvvəl olub». Bu özü də bir siyasətdir. Hasarı sökdülər, yerində evlər tikdilər, sonra da məktəbin rəhbərliyini dəyişdilər. O da gəlib köhnə hasarın yerini tələb etməkdənsə, məktəb binasına yaxın yerdən təzə hasar çəkdirdi, zəbt olunan ərazi təzə hasarın o tayında qaldı. İndi də deyir, «mənlik deyil, nə olubsa, məndən əvvəl olub». Halbuki, tikililərin sökülməsini tələb edib hasarı elə köhnə yerindən çəkdirməliydi».

***Buna da bax-'Polis qarşımızı almasaydı, 'Ovçular evi' də yerindəydi, şam ağacları da'

Sakinlər deyir, 263 saylı məktəblə eyni vaxtda 269 və 171 saylı orta məktəblərin də əraziləri zəbt olunub.

«O TİKİLİLƏRİN MƏKTƏBLƏRƏ AİDİYYƏTİ YOXDUR»

263 saylı məktəbin zəbt olunmuş ərazisində tikildiyi iddia olunan evlərdən birinin sahibəsi Hafizə Məmmədli deyir, 10 il əvvəl burda tikinti aparılanda, nə məktəb rəhbərliyi, nə də valideynlər narazılıq etməyib: «Bura məktəbin ərazisi olsaydı, indi danışan valideynlər o vaxt bizə daşı daş üstə qoymağa imkan verməzdilər. Evimizin Çıxarışı var, hər bir sənədi qaydasındadır».

Məktəbdən «Qaynar xətt»ə bildirilib ki, aparılmış tikinti işlərinin hazırkı məktəb rəhbərliyi ilə əlaqəsi yoxdur. Tikinti indiki direktorun təyinatından bir neçə il əvvələ təsadüf edir.

Xətai rayon İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə bildirilib ki, fərdi evlərin tikildiyi sahələrin məktəb ərazisinə aidiyyəti yoxdur: «Xəritə var, yerin planı var. Tikililər məktəbdən kənar məsafədədir. Heç bir məktəbin ərazisində ev tikilməyib. O tikililərin məktəblərə aidiyyəti yoxdur».

XS
SM
MD
LG