Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:52

Qəbələdə ilanların qorxusundan dərs keçmək problemə çevrilib


İlan
İlan

“Aradabir gətirib məktəbin ətrafına dərman səpib gedirlər. Ancaq bu, çıxış yolu deyil. Hər evdən məktəbə iki-üç uşaq gedir. Mənim qızım o məktəbdə oxuyur. O, evə dönüncə narahatlıqdan ürəyim yerindən çıxır”.


Qəbələnin Mamaylı kəndinin sakini Fərəh Məmmədli AzadlıqRadiosu-na kənd məktəbindəki durumdan danışıb. O, beşinci ildir ki, yaz gələndə məktəbin ətrafını ilanların sardığını deyir. Bu hal şagird və müəllimlərin həyatına təhlükəyə çevrilib.

“İLANLAR ÜZƏ ÇIXIB”

Valideyn deyir, bəzi müəllimlər sinif otaqlarına daxil olub dərs keçməkdən imtina ediblər:

"Havalar isinir, yenə ilanlar üzə çıxıb. Qonşunun uşağı dünən xırda ilanları tutub evə gətirib. Tənəffüsdə uşaqlar yığışıb ilan tuturlar. Bu, çox təhlükəlidir. Məktəbin ətrafı irili, xırdalı ilanla doludur. Hələ havalar qızındıqca lap çoxalacaq".

Sakin deyir, düz məktəbin böyründə bir yarımtikili var. İlanlar da ora toplaşırlar. Oradan məktəbin həyətinə və hətta dəhlizlərinə də üz tuturlar.

Ağsu rayonunda məktəb, 2016
Ağsu rayonunda məktəb, 2016

Sakinlər rayonun təhsil şöbəsinə, icra hakimiyyətinə, Təhsil Nazirliyinə müraciət ediblər. Onlar məktəbin ətrafının ilanlardan təmizlənməsini istəyirlər. Kənd sakini Gülnarə Rüstəmlinin sözlərinə görə, hər il icra hakimiyyətinə müraciət edəndən sonra məktəbin ətrafına dərman səpilir. Bu il, hələ ki, tədbir görülməyib:

"O yarımtikili sökülməyincə, xeyri yoxdur. Biz həm də müraciət etmişik ki, sökülsün. Heç nəyə yaramır, məktəbin binasına bitişikdir, ilanlar o binadan bu binaya daha çox dam örtüyü ilə keçir. Bir də baxırsan ki, sinif otağında tavandan ilan asılıb. Dərsin ortasında uşaqlar çığır-bağır salır, məlum olur ki, sinifə ilan girib. Bu halın bir çarəsi olmalıdır, ancaq deyəsən, gözləyirlər, bir-iki şagird, müəllim ilan sancmasından həyatınıitirsin, ondan sonra tədbir görülsün".

“DƏRMANLAMA İŞLƏRİ APARILIR”

Növbəti iş həftəsində tədbir görülməsə, bəzi valideynlər övladlarını məktəbə göndərməyəcəklərini deyirlər.

Qəbələ rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, növbəti həftə rayonun əlaqədar təşkilatları məktəbin ərazisində dərmanlama işləri aparacaq:

Qəbələ rayon icra hakimiyyəti
Qəbələ rayon icra hakimiyyəti

"Məlumatlıyıq, nümayəndəmiz də məktəbə baş çəkib. Hər il bu vaxtlar dərmanlama işləri aparılır, növbəti həftə yenə olacaq. Yox idi, havalar isinib, yenə üzə çıxıblar. Bir çarəsi görüləcək. Məktəbin əsaslı təmiri nəzərdə tutulub, o zaman həmin yarımtikili də söküləcək".

Hələliksə, şagirdlərə məktəbdən evə çantalarında ilan daşımaq qalır.

XS
SM
MD
LG