Keçid linkləri

2026, 23 Fevral, Bazar ertəsi, Bakı vaxtı 16:29

Meksikada ən böyük narkokartel başçısı öldürülüb, iğtişaşlar var

Nemesio Oseqera Servantes
Nemesio Oseqera Servantes

Meksikada hərbi əməliyyat zamanı ən böyük narkokartellərdən biri – "Yeni nəsil Xalisko karteli"nin (CJNG) rəhbəri, El Menço ləqəbli Nemesio Oseqera Servantes öldürülüb. Məlumatı Meksikanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində yayıb.

Əməliyyat ölkənin qərbindəki Xalisko ştatının Tapalpa şəhərində keçirilib. Əməliyyat zamanı narkokartel üzvlərinin müqavimət göstərdiyi, hadisə yerində dörd nəfərin öldüyü bildirilir. Ağır yaralı üç nəfər hava nəqliyyatı ilə xəstəxanaya aparılarkən ölüb, El Menço onların arasında olub. Üç hərbçi yaralanıb.

"CBS News" xəbər verir ki, hərbi əməliyyatdan sonra, Xalisko daxil, bir neçə ştatda iğtişaşlar başlayıb. Narkokartel üzvləri avtomobilləri yandırıb, yolları bağlayıblar. Kartellər hərbi əməliyyatların qarşısını almaq üçün adətən bu taktikaya əl atırlar. Xalisko qubernatoru fövqəladə vəziyyət elan edib.

PBS-in məlumatına görə, "Yeni nəsil Xalisko" Meksikada ən güclü və sürətlə böyüyən cinayətkar təşkilatlardan biridir, ABŞ onu terror təşkilatı elan edib. Kartel hərbçilərə, helikopterlərə hücumlar gerçəkləşdirib, dronlardan istifadə etməyə, minalar yerləşdirməyə başlayıb.

2020-ci ildə kartel üzvləri Mexiko şəhərinin mərkəzində paytaxtın polis rəisinə, indiki təhlükəsizlik nazirinə sui-qəsd həyata keçiriblər. ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) bildirir ki, "Yeni nəsil Xalisko" fentanil və metamfetamin istehsalından milyardlarla dollar qazanır, ABŞ bazarına kokainin əsas tədarükçülərindən biridir.

El Menço 1990-cı illərdən narkotik ticarəti ilə məşğul olub. Gəncliyində ABŞ-yə mühacirət edib, 1994-cü ildə heroinin yayılması planında iştirakına görə təxminən 3 il həbsdə yatıb. Azadlığa çıxandan sonra Meksikaya qayıdıb, narkotik ticarətini bərpa edib. 2007-ci ildə El Menço və Erik Valensiya Salasar "Yeni nəsil Xalisko" kartelini yaradıblar.

ABŞ dövlət katibinin müavini Kristofer Landau El Mençonu ən "qaniçən və amansız narkobaronlardan biri" adlandırıb. "Bu, Meksika, ABŞ, Latın Amerikası və bütün dünya üçün böyük hadisədir. Yaxşı insanlar şər insanlardan güclüdür", – o yazıb.

Meksikanın Müdafiə Nazirliyi bildirib ki, əməliyyat ABŞ ilə əməkdaşlıq çərçivəsində keçirilib.

XS
SM
MD
LG