Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 05:06

İki il ötsə də, İrandakı etirazçı hərəkat əyilməzlik və yoldaşlıq ruhunu gücləndirir


2022-ci il iğtişaşlarından sonra artan sayda qadın ictimai yerlərdə məcburi hicab taxmaqdan imtina edir.
2022-ci il iğtişaşlarından sonra artan sayda qadın ictimai yerlərdə məcburi hicab taxmaqdan imtina edir.

Sentyabrın 16-da İranda hicabı məcburi qaydalara uyğun bağlamadığı üçün saxlanan və polis nəzarətindəykən yaşamını itirən iranlı Məhsa Əmininin ölümünün iki ili tamam olur.

Ailəsi və dostları arasında kürd adıyla - Cina kimi tanınan Əmininin ölümü ölkə boyunca aylarla sürən nəhəng etiraz dalğası doğurmuşdu. AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin qələmə aldığı məqalədə deyilir ki, bu hərəkat yarandığı 1979-cu ildən bəri islam respublikasının legitimliyini sorğulayan ən güclü hadisə oldu.

Tehran əxlaq polisinin geyim qaydalarını pozduğu iddiası ilə saxladığı Əmininin ölümünün ardınca "hicab qanunu"nun zor gücüylə tətbiqiylə tanınan əxlaq polisinin maşınları küçələrdən yoxa çıxmışdı. Etirazçılar İranın hər yerində aylarla və hər gün nümayişlər keçirirdilər. Bu olaylar nəticəsində "Qadın, həyat, azadlıq" (Zən, zendegi, azadi) hərəkatı yarandı.

"Qadın, həyat, azadlıq"

Etirazlar başlanandan iki il sonra AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə danışan iranlılar deyirlər ki, bu hərəkat cəmiyyətdə silinməz iz qoyub, dirənişin səviyyəsini artırıb və insanlara hiss olunacaq dərəcədə çox yoldaşlıq hissi aşılayıb.

"Mən düşünürəm ki, "[etirazlardan sonra] nə dəyişməyib" sualını vermək daha yaxşı olardı. Bizim hamımız özümüz olmaq cəsarəti tapdıq", - hərəkatın Fərhad adlı dəstəkçisi deyir. Bu yazıda Fərhadın və "Radio Fərda"ya danışan digər iranlıların gerçək adları onların güvənliyinin qorunması məqsədilə dəyişdirilib.

Etiraz hərəkatının ən heyrətamiz nəticələrindən biri insanlar arasında artan yoldaşlıq duyğusudur. Əgər bir zamanlar küçədəkilər başını örtmədiyinə görə hücuma məruz qalan qadını görməzdən gələrdilərsə, indi onun köməyinə gəlirlər.

"İnsanlar daha anlayışlı olublar", - bu yaxınlarda geyim qaydalarına əməl etməsi ilə bağlı ona irad tutan şəxslərlə mübahisəsi zamanı yad adamların onun köməyinə gəldiyini xatırlayan Atusə belə deyir.

"Bir neçə dəfə kimsə mənə yaxınlaşaraq hicabla bağlı xəbərdar edərkən adamlar ya mənə qoşulub həmin şəxsə cavab veriblər, ya da məni sözlə dəstəkləyiblər", - yenə onun sözləridir.

2022-ci ilin noyabrında üç iranlı qız Məhsa Əminin polis nəzarətində ölməsindən sonra Mahabad şəhərində etirazçılarla həmrəylik nümayiş etdirirlər.
2022-ci ilin noyabrında üç iranlı qız Məhsa Əminin polis nəzarətində ölməsindən sonra Mahabad şəhərində etirazçılarla həmrəylik nümayiş etdirirlər.

"İnsanlar bir-biriylə qarşıdurmaya daha az gedirlər"

Atusə bu yoldaşlıq dəstəyini hiss edən yeganə qadın deyil.

"İnsanlar ictimai yerlərdə [hicaba görə] bir-biriylə daha az qarşıdurmaya gedir və bir-birinin qayğısına daha çox qalırlar", - Məryəm belə deyir.

O, "Radio Fərda"ya bir neçə dəfə tanımadığı adamların küçənin başında polisin olması barədə xəbərdarlıq etdiyini, polis onu görmədən başını örtməsi gərəkdiyini söyləyib.

2022-ci ildə etirazlar günbəgün böyüyür, İranın hər yerindəki şəhər və qəsəbələrə yayılırdı. Hər yaşda kişi və qadınlar, özəlliklə gənc və yeniyetmələr küçələrə axışırdılar.

Osloda fəaliyyət göstərən İran İnsan Haqları qrupu qəddarlıqla yatırılan etirazlarda güvənlik qüvvələrinin 500-dən çox etirazçını öldürdüyünü bildirir. Azı, 10 kişi etirazlar zamanı güvənlik əməkdaşlarına hücum etdikləri iddiasıyla edam edilib.

Sentyabrın 10-da "Human Rights Watch" İran hökumətini etirazlarda öldürülən, yaxud iğtişaşlardan bəri həbs edilənlərin ailə üzvlərini susdurmaq və cəzalandırmağa davam etməkdə günahlandırıb.

Fariba adlı qadın deyir ki, "insanlar nə istədiklərini dəqiq bildiklərindən artıq basqıya boyun əyməyəcəklər".

Onun fikrincə, "heç bir hakim qüvvə bu dəyişikliyin qarşısını ala bilməz".

Atusə də bu fikri paylaşır. Onun sözlərinə görə, indi çox yerdə qadınlar daha az məhdudlaşdırıcı geyimlər geyinir və ictimai yerlərdə daha az qınaq atmacaları eşidirlər, axı sərt geyim qaydalarına meydan oxumaq normallaşır: "Göründüyünə görə, adətən daha sərt davranılan bəzi yerlərdə, məsələn, daxili hava limanlarında hakimiyyət geri çəkilib".

Əxlaq polisi
Əxlaq polisi

Qadınların baş örtüsündən imtina etdiyi yerlər var

Atusə deyir ki, həm iri, həm də kiçik şəhərlərdə qadınların təkcə başını örtməkdən imtina etməklə geyim qaydalarına son qoyduğu, hətta "gözəl" geyindiyi yerlər var.

Hökumət hicab qaydalarını sərtləşdirmək istədi. Əxlaq polisini yenidən işə salmaq, iş yerlərini bağlamaq və hətta apteklərə geyim qaydalarına tabe olmayan qadınlara dərman satmağı yasaqlamaq da daxil, müxtəlif üsullara əl atdı. Hətta mühafizəkar vətəndaşları hicab taxmayan qadınları sözlə xəbərdar etməyə çağırdı. Ancaq bu da qarşıdurmaya yol açdı.

"İsteblişmentin əlində güc var. O, yoldaşlıq duyğusunun gücləndiyini görüncə, onu məhv etməyə çalışır. Məncə, işin yaxşı tərəfi [insanların dirənişi] hər dəfə daha uzun çəkir", - Məryəmin sözləridir.

"Radio Fərda"ya danışan iranlılara görə, daim artan basqı qarşısında dirəniş artsa da, İran xalqı hələ də ümidsizlik və narahatlıqdan əziyyət çəkir.

"Gələcəkdə nə olacağı ilə bağlı qeyri-müəyyənliyin yaratdığı böyük ictimai narahatlıq var. Mən bunu yan-yörəmdə, hər yerdə görürəm. İctimai və iqtisadi məsələlərin doğurduğu narahatlıq var", - Atusə belə deyir.

Sara adlı qadınsa deyir ki, hər şeydə, özəlliklə yaşayış qiymətlərində "sabitlik qıtlığı" var. Bir çox adam dost və yaxınlarının ölkədən getməsi ilə barışmağa məcbur qalır və bu, işləri daha da çətinləşdirir: "Daim pul itirirsən, dostlarını və qurduğun münasibətləri itirirsən. Bu, çox dağıdıcıdır".

Sara acı zarafat kimi deyir ki, insanların bir-birindən hansı antidepressantı qəbul etdiyini soruşması hal-əhval tutmağın bir parçasına çevrilib.

Mehran adlı kişi isə deyir ki, bütün problemlərə baxmayaraq, insanlar hökumətə dirənməkdə davam edirlər. Onun proqnozuna görə, cəmiyyət qalib gələcək: "Həyatın inkişafına müqavimət göstərmək daim məğlubiyyətə düçar olub", - Mehranın sözləridir.

XS
SM
MD
LG