Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:39

İlhamə Quliyevanın '3 milyonluq' əmlakı...


İlhamə Quliyeva
İlhamə Quliyeva

►“İlhamə Quliyevanın əmlakı araşdırılmadan 2 milyon 707 min manat dəyərləndirib”

Xalq artisti İlhamə Quliyeva ölümündən əvvəl prokurorluqda ifadə verərkən deyib ki, onun 2 milyon 707 min manatlıq əmlakı var.

Bunu mərhum müğənninin köməkçisi olmuş və onun əmlakını ələ keçirmək cəhdində təqsirləndirilən Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev məhkəmədə çıxışında bildirib.

“GİZLİ LENTƏ ALMAQ QADAĞANDIR”

Vəkil deyir ki, prokurorluq elə mərhum müğənninin şifahi şəkildə dediklərini əsas götürüb və heç bir araşdırma aparmadan onun əmlakını 2 milyon 707 min manat dəyərləndirib:

"Bunun həqiqət olub-olmadığı araşdırılmalı, onun əmlakının real dəyəri müəyyənləşdirilməlidir".

İlhamə Quliyevanın oğlu Orxan Nadirov prokurorluğa Mehriban Hüseynova ilə bağlı səs yazısı və video təqdim edib. Vəkil həmin video və audio yazıların da sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb:

"Qanunvericilik şəxsin özünün icazəsi olmadan onun səsinin və görüntülərinin gizli şəkildə lentə alınmasını qadağan edir. Həmin audio və videoyazılar da Mehriban Hüseynovanın razılığı olmadan lentə alınıb. Ən əsası, həmin görüntülərdə Mehriban Hüseynova təhqir olunur, onun şərəf və ləyaqəti alçaldılır".

Ümumiyyətlə, bu işdə cinayət tərkibi olmadığını deyən vəkil Vasif Mirzəyev eyni zamanda, Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynovun da məhkəmədə əlavə şahid kimi dindirilməsini istəyib.

Buna da bax: İlhamə Quliyevanın ölüm səbəbi açıqlandı

“HƏMİŞƏ ONU QORUMUŞAM”

Bundan sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Mehriban Hüseynova saxta sənədlər düzəltməklə İlhamə Quliyevanın əmlakını ələ keçirməyə cəhd göstərib. Ona CM-nin 29,180.3.2-ci (zərərçəkmişə külli miqdarda ziyan vurmaqla soyğunçuluq cəhdi) maddəsilə ittiham elan olunub.

Mehriban Hüseynova özünü təqsirli bilməyib. O, indiki mərhələdə ifadə vermək istəməsə də, qısaca çıxış edib:

"Mən həmişə onu qorumuşam. Başı ağrıyanda, təzyiqi qalxanda həmişə yanında mən olmuşam, təcili yardımı mən çağırmışam. Onun əmlakını ələ keçirmək niyyətim olmayıb. Onun ətrafında olanlar da onu necə qoruduğumu bilirdi. Hətta özü də televiziyada demişdi ki, "Mehriban olmasaydı, ölərdim, məni ayağa o qaldırdı". Bu ittiham başdan-ayağa yalandı. Bu qədər haqsızlıq olmaz axı..."

Məhkəmə prosesi avqustun 30-da davam edəcək.

Mehriban Hüseynova ötən ilin oktyabrında saxlanıb.

İlhamə Quliyeva isə bu ilin fevralında xəstəlikdən dünyasını dəyişib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG