Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:56

Mehman Hüseynovu həbs etdirəni 'heç kim görməyib'


Mehman Hüseynov 2 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov 2 il həbs cəzası aldı

Həbsdə olan bloqqer, Facebook-dakı «Sancaq» səhifəsinin idarəedicisi Mehman Hüseynovun məhkəməyə ifadəsi ötən dəfə yarımçıq saxlanmışdı. Bloqqer ifadəsini noyabrın 10-da davam etdirməli idi. Amma vəkilləri bildirib ki, M.Hüseynov ifadəsini növbəti mərhələdə yazılı şəkildə təqdim edəcək.

Noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində vəkillər M.Hüseynovun işinə baxan, Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyasına bu haqda məlumat verib. Ona görə də vəkillər indiki mərhələdə ötən məhkəmə iclasında qaldırdıqları vəsatətlərə baxılmasını istəyiblər.

«MƏNİ BOŞ YERƏ NİYƏ GƏTİRİB-APARIRLAR?»

Ötən iclasda vəkillər həm də M.Hüseynovun həbsinin səbəbkarı olan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırmışdılar. Amma hakimlər bu məsələnin müzakirəsini sonraya saxlamışdı.

Məhkəmə vəkillərin fikrini nəzərə almayıb. Hakim bildirib ki, M.Hüseynov ifadə verəndən sonra bu məsələlərə baxılacaq.

Hakimlər bloqqerin məhkəməsini noyabrın 16-na qədər təxirə salıb. Bu da M.Hüseynovun etirazına səbəb olub.

«Məni boş yerə niyə gətirib-aparırlar? Guya əməlli-başlı iş araşdıracaqlar», – bloqqer etirazını bildirib.

Məhkəmədən sonra M.Hüseynovun vəkili Fuad Ağayev AzadlıqRadiosuna bildirib ki, mütləq M.Musayev məhkəmədə dindirilməlidir:

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

«Absurd bir vəziyyət yaranıb. Bu adamın xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında Mehman Hüseynov məhkum edilib. Amma həmin o Musa Musayevin özünü heç kim görməyib. O adam bir gəlsin, Mehman Hüseynov da ən azı bilsin ki, kimə görə məhkum olunub. Mehman guya, o adam haqqında böhtan söylədiyinə görə məhkum edilib. Absurd iddiadır».

XATIRLATMA

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG