Güclü külək Mehdiabad qəsəbəsində də fəsadlar törədib. Güclü küləyin Mehdiabad qəsəbəsində məcburi köçkünlərdən ötrü inşa edilmiş binaların dam örtüyünü aşırdığı, xəsarət alanların olduğu bildirilir.
Mеhdiabad qəsəbəsinin icra nümayəndəliyindən “Turan” agentliyinə bildiriblər ki, fəsadlar “Qarant” şəhərciyində qeydə alınıb. Güclü külək həmin şəhərcikdəki 4 binanın dam örtüyünü aşırıb.
Verilən məlumata görə, binalardan birinin dam örtüyü tamamilə sıradan çıxıb. Digər binaların damı isə qismən zədələnib.
Dam örtüyünün bir nəfərə də xəsarət yetirdiyi bildirilir.
İcra nümayəndəliyindən küləyin fəsadlarının aradan qaldırılmasından ötrü gərəkli addımların atıldığı bildirilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əlaqəli şöbələrinin işçiləri şəhərciyin ərazisində təmizləmə və binaların damının durumunun öyrənilməsi ilə məşğuldurlar.
Komitədən açıqlama
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin press-relizində yazılır ki, külək “Qarant” şəhərciyindəki 7 mərtəbəli 4 binanın dam örtüyünü qopardıb. Binalardan birinin dam örtüyü tamamilə, digərlərininki isə qismən dağılıb:
“Komitənin tikinti-təmir və kommunal xidmətlər şöbəsinin, mənzil istismar departamentinin, tikilməkdə olan müəssisələr müdiriyyətinin rəhbərləri, məsul əməkdaşları dərhal hadisə baş verən şəhərciyə gediblər. Hazırda hadisə yerinə cəlb edilmiş təmir-tikinti briqadaları dam örtüklərinin qopmuş konstruksiyalarının şəhərciyin ərazisindən təmizlənməsi və binaların damındakı vəziyyətin araşdırılması ilə məşğuldur. Komitənin məsul əməkdaşları şəhərciyə və məcburi köçkünlərə dəymiş ziyanı müəyyənləşdirirlər”.
Komitə vurğulayır ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması binaların dam örtüyünün bərpa işləri tam başa çatanadək nəzarətdə saxlanacaq.
Xatırlatma
Son günlər külək Bakıda və ətraf qəsəbələrdə də bir sıra fəsadlar törədib.
Bakının bir neçə rayonunda ağaclar avtomobillərin üzərinə aşıb.
Hövsan qəsəbəsində isə ağac insanların üzərinə düşüb, bir neçə nəfər xəsarət alıb.