Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 01:10

Məhbus anası: 'Məni ən çox ağrıdan uşağımın soyundurulub işgəncə verilməsidir'


Elgiz Qəhrəman

“Məni ən çox ağrıdan uşağımı soyundurub alt paltarında işgəncə verilməsidir”

“Prokurorun dediklərini eşidəndə, ayaqlarım tutuldu. Dedim, daha zaldan çıxa bilməyəcəyəm”.

NİDA-çı fəal Elgiz Qəhrəmanın anası Səadət Məmmədova belə deyir. O, dövlət ittuhamçısı oğluna 6 il həbs cəzası istəyərkən, keçirdiyi hissləri AzadlıqRadiosu ilə bölüşür.

-Eşidəndə çox pis oldum. Dedim, evə gedə bilməyəcəyəm... Daha heç kimə ümidim qalmayıb. Ümidimi Allaha bağlamışam. Mənim uşağım narkotik nədir bilmir. Həmişə demişəm, yenə deyirəm ki, uşağım günahsızdır, ədalət gec-tez bərpa olunacaq. Bu qədər haqsızlıq olmaz. 6 il cəza istəyirlər Elgizə. Çaşmışam. 6 ili eşitdim, çox pis oldum. Başa düşmədim. Elə bildim 6 il iş verirlər. Demə, hələ davam edəcək. Hökm hələ gələn həftədir.

Buna da bax: Elgiz Qəhrəmanın anası: ‘Mən bu gün kiminsə qapısına şirniyyat aparacaqdım...’​

Elgiz Qəhrəman
Elgiz Qəhrəman

-Məhkəməni izlədiniz yəqin. Heç orda “Bəlkə oğlumun günahı var” deyə, bir anlıqtərəddüd yaşadınız?

-Elə şey ömründə ola bilməz. Mən uşağını tanımıram? Uşağım kitabla, elmlə məşğuldur. Ətrafındakıların da hamısı savadlı, mərifətli uşaqlardır. Elə şeyi yüz il qalsa ağlıma gətirmərəm. Verdiyim tərbiyəni bilirəm. Dörd uşağım var, heç biri o işlə məşğul ola bilməz. Elgiz də uşaqlarımın ən qiymətlisidir. Heç vaxt narkotiklə məşğul olmaz, onun rəngini də bilmir... Ona görə də bu olanlar mənə pis təsir edir.

-Sizcə, niyə tutublar oğlunuzu?

-Elə biz də bunun səbəbini 5 aydır axtarırıq. Səbəbini biz də bilmək istəyirik. Götür-qoy edirik, düşünürük....

Buna da bax: Prokuror NİDA-çı fəala 6 il həbs istəyir​

-Məhkəmədə Elgiz ona verilən işgəncələrdən danışıb...

-(Dərin ah çəkir) Həəə. Eşitməsəm yaxşıydı, Allah məni öldürsün. Əlbəttə, bunu eşitmək ağırdır. Ən çox məni ağrıdan uşağımı soyundurub alt paltarında işgəncə verilməsidir. Onu bu şəkildə təhqir etmələrini... Elgizə yaraşmayan hərəkət ediblər. Onu edənlərə ar olsun! Gərək düşünəydilər nə edirlər. İnsana baxanda bilirsən kimdir. Başa düşmədim niyə bunu ediblər... Elgizi təhqir etmək, şərəfinə toxunmaq istəyiblər? Vicdansızlıq ediblər. Belə əqidəli, ləyaqətli, şərəfli oğlanı sındırmaq istəyiblər... Bu, düzgün deyil, axı. Düzgün deyil. Sən onu alt paltarında işləməyə vadar elə. Əvvəla, hər günahın cəzası var, cəzası nədir onu ver. İkincisi də, mənm oğlum günahsızdır... Nə bilim. Görək necə olur. Hakimin hökmünü gözləyirik. Deyirlər ki, o, çox ədalətlidir. Belə şeylər birinci dəfədir başıma gəlir... Nə bilim. Həmişə uşaqlarımı ziyalı olmağa çağırdım, belə şeylərdən o qədər uzağıydım ki, nifrət edirdim. Amma ağla gəlməyən başa gəlirmiş. Gözləmədiyim vəziyyətdəyəm.

Elgiz Qəhrəman, Bakı bulvarında
Elgiz Qəhrəman, Bakı bulvarında

-Evdəkilər necə qarşılayıblar prokurorun istəyini?

-Onlar da məni kimi. Susmaqdan, gözləməkdən başqa yolumuz var? Evdəkilər deyir ki, biz daha çox gözləyirdik, hələ az istəyiblər. Bunu bir az da azaltsalar...

Buna da bax: 'Dedilər yaz ki, Fethullah Gülenlə birbaşa telefon əlaqən olub'

-Elgizlə görüşdünüz?

-O da ordaydı. Yaxınlaşa bilmədik. Onunla görüşəndə deyir ki, ay ana, bəlkə də burda yeganə günahsız mənəm. Gözləyirik. Görək yanvarın 11-də nə deyəcəklər. Ana üçün ən çətindir bu... İllərlə həyatını verdiyin övladın heç nədən gedirsə, o ana necə olar? Mən də nəticəni gözləyirəm. Onu oxudanda çox əzyyət çəkmişik. Qərib ölkədə oxuyurdu. Bir dəfə “Ana, pul göndər, çörəyim, pulum yoxdur” deyəndə, ana necə olardı? Savadına, oxumağına görə əziyyət çəkməmişik, maddi baxımdan çətinliyimiz olub. O pul istəyəndə çalışmışıq pis vəziyyətdə qoymayaq. Yoxsa, maşallah, savadlı uşaq olub. Fikri həmişə elmdə, təhsildə olub, məktəbi əlaçı qurtarıb, 600-dən yuxarı balla burda universitetə girmişdi, seçim edəndə Türkiyənin üstündə dayandı, biz də qərarına hörmətlə yanaşdıq. Deyirdim noyabrda evləndirəcəyəm səni, qız tap. 30 yaşı oldu noyabrın 1-də. Gecikdim evləndirməyə... Qismət... Nəsə. Görək hakim nə deyir...

Elgiz Qəhrəman CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.

NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG