Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 03:54

İmişlidə ictimai fəal 5 aylıq həbsə atıldı


Məhbub Zülfüqarov

İyulun 6-da İmişlidə yaşayan ictimai fəal, «Gündəm-xəbər» qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarov 5 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Jurnalist Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib. İmişli Rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırılmış iş üzrə proses hakim Ülvi Qənbərovun sədrliyi ilə keçirilib.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib. Onun sözlərinə görə, M.Zülfüqarovun həbsinə səbəb birinci vitse-prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə «Azərbaycan Standartlaşdırma İnstitutu» Publik Hüquqi Şəxsin Cənub Ərazi İdarəsinin direktoru Saleh Səmədov barəsində şikayət məktubları göndərməyi olub:

«Həmin müraciətdə yetərincə ciddi korrupsiya faktlarından söz açılıb. İctimai fəal onu kütləvi informasiya vasitələrində də dərc etdirib. Lakin bunlara heç bir reaksiya verilməyib. Halbuki Azərbaycan prezidenti yerlərdəki neqativ hallar, xüsusilə korrupsiya hüquqpozmaları barədə ona müraciət olunması üçün dəfələrlə vətəndaşlara çağırış edib».

YENİ PRESEDENT

Hüquq müdafiəçisinin fikrincə, bu həbs ölkədə yeni presedentlərə yol aça bilər:

«Əyalətlərdə müxaliffikirli insanların həbsi, adətən, «yuxarılar»ın sifarişi və ya razılığıyla gerçəkləşdirilir. Özü də onlar ictimai-siyasi fəaliyyətlərinə, dövlət orqanlarına müraciətlərinə, mətbuatda və sosial şəbəkələrdə yazdıqlarına görə mühakimə olunmur, hansısa cinayət əməlində təqsirləndirilirlər. Amma M.Zülfüqarovun həbsi bu cəhətdən istisnadır. Onu kiçikranqlı bir məmur öz təşəbbüsü və məhz barəsində şikayət etdiyinə görə tutdurub. Bundan sonra adamlar hətta kiçikçinli məmur barəsində tənqidi fikir səsləndirəndə, yaxud şikayət edəndə, həbs olunma təhlükəsini də gözə almalı olacaqlar».

Deyilənlərə adıçəkilən tərəfin mövqeyini almaq, hələlik, mümkün olmayıb. Ancaq hakimiyyət təmsilçiləri ölkədə fikir azadlığına görə heç kəsin cəza çəkmədiyini, hər kəsin konkret cinayət əməlinə görə həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG