Bakı Apellyasiya Məhkəməsində keçmiş MTN generallarının şikayətlərini araşdıran hakim Sahibxan Mirzəyev məhkəmə iclaslarında danışılanların yayılmasını istəmir. Dekabrın 20-də məhkəmədə S.Mirzəyev özü bunu jurnalistlərə açıq şəkildə deyib. Bildirib ki, bu iş haqqında yazıları qadağan edir.
Amma hakim hansı qanuna əsaslanıb belə bir qadağa tətbiq etdiyini söyləməyib. Çünki qanunda belə bir qadağa yoxdur. Açıq məhkəmə iclasında hər kəs, o cümlədən jurnalistlər də iştirak edə bilər. Məhkəmədə araşdırılan hansısa sirrin (dövlət sirri, ailə sirri, kommersiya sirri və s.) yayılmaq ehtimalı olduqda iclas qapalı keçirilir. Prosesin açıq keçirilməsi şəffaflığa xidmət edir.
Sabiq MTN-çilərin işində dövlət sirri hesab olunan məqamlar var və o məsələlər araşdırılanda iclas qapalı elan olunur, proses iştirakçılarından başqa kimsə iştirak etmir.
Saxta aksiz markaları
Bir neçə məhkəmə iclasıdır ki, MTN işində nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev ifadə verir. O, dövlət təşkilatlarının büdcə vəsaitlərini adı olub, özü olmayan şirkətlər, bu iş üzrə peşəkarlaşan dəllallar vasitəsilə dağıdılması, sifarişli işlərdə saxta şahidlərdən istifadə olunması və başqa məsələlərdən danışmış, bütün bunlar da media vasitəsilə yayılmışdı.
Dekabrın 20-də jurnalistlər məhkəmədən çıxarılandan sonra yenə F.Əliyevin ifadəsi davam edib. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, təqsirləndirilən polkovnik məhkəmədə zərərçəkənlərdən Ağaisa Mahmudov və Saleh Səmədov haqqında danışıb. Deyib ki, onlardan MTN-də pul alınması barədə ittihamlar yalandır. F.Əliyev iddia edib ki, bu şəxslər spirtli içkilərin hazırlanmasıyla məşğul olur, xaricdən saxta aksiz markaları gətirirdilər. Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinə bu barədə məlumat verilib. İdarənin əməkdaşları onları müəyyənləşdirib.
F.Əliyevin sözlərinə görə, saxta aksiz markaları məsələsiylə MTN-in başqa bir idarəsi məşğul olurdu. Ona görə də sözügedən adamların işini həmin idarə araşdırıb: «Bizim sonrasından xəbərimiz olmayıb».
MTN polkovniki yada salıb ki, saxta aksiz markaları məsələsiylə bağlı prezidentin də göstərişi olub: «Bildiyimə görə, yenə də bu istiqamətdə mübarizə gedir».
Keçmiş nazirin qohumunun villası
Amma zərərçəkənlər istintaqa ifadələrində fərqli danışıblar. İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi şöbəsinin müdiri olmuş Saleh Səmədov dövlət qulluğunda çalışmasına baxmayaraq, sahibkarlıqla məşğul olduğunu etiraf edib. Deyib ki, 2003-cü ildə «Araz» MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər:
«Uzun söhbətdən sonra 300 min dollar verməyə razılaşdım, axşam saat 5 radələrində məni buraxdılar. Faktiki məni bir sutka yarımdan çox MTN-də saxladılar».
Ağaisa Mahmudov isə «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun villasını aldığına görə MTN-ə çağrıldığını bildirib. B.Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. O, öz yeznəsi ilə birlikdə ucuz qiymətə aldığı villanı satmaq istəyib. Villanı banka girov qoyulmaqla satmağa razılaşıblar. Amma alan adam pulunu tam ödəməyib və B.Hüseynovgilin xəbəri olmadan başqa bir adama etibarnamə verib. Həmin şəxs də villanı A.Mahmudova satıb.
Zərərçəkən A.Mahmudov ifadəsində deyib ki, MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb. Daha sonra isə villanın geri qaytarılması prosesi başlayıb: «Buna görə də məndən 300 min aldılar. Mən Beytulla Hüseynovla görüşərək villanın təmirinə xərclədiyim 250 min manatı istədim. Beytulla Hüseynov isə pul verməyəcəyini, bu işə görə əsəbləri korlandığını, Eldar Mahmudova da 100 min manat pul verdiyini dedi».
F.Əliyev isə deyir ki, bu ifadələrin hamısı yalandır, nə özü, nə də rəis müavini olduğu idarənin digər əməkdaşları A.Mahmudovdan pul alıb.
F.Əliyev ifadəsinin davamında sirr hesab olunan məsələlərdən danışıb, ona görə də o hissədə məhkəmə qapalı keçirilib.
Xatırlatma
2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.
Generallardan Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi S.Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri T.Quliyev, Əməliyyat-Texniki İdarəyə başçılıq etmiş N.Mürvətovanın da daxil olduğu 10 nəfərlik qrupun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.
Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu qrupdakılardan general S.Qurbanov və onun müavini olmuş F.Əliyevin hər biri 14 il, T.Quliyev 12 il, Z.Məmmədov və N.Alıyevin hər biri 10 il 6 ay, A.Şirəliyev və E.Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.
Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general N.Mürvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş F.Atayev və E.Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.
Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlakların müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.
Azadlıqdan məhrumetmə cəzası alanlardan A.Şirəliyev və E.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.
Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.