Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Türkiyə fransız fotoqrafı deportasiya edib


Mathias Depardon
Mathias Depardon

Türkiyə hakimiyyəti fransız fotoqraf Mathias Depardon-un bu ölkədə azad yaşayıb işləməsinə icazə verməlidir. Bu bəyanatla Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) çıxış edib. Depardon-un vəkili Emine Şeker fotoqrafın ötən cümə günü Fransaya deportasiya olunduğunu bildirib.

Fransa prezidenti Emmanuel Macron Twitter-də yazıb ki, fotoqrafın Fransaya qayıdacağından «çox xoşbəxtdir».

E.Şeker-in CPJ-yə bildirməsinə görə, o, hələ də müştərisinin hansı şərtlərlə buraxılmasını aydınlaşdırmağa çalışır. Fotoqrafa qarşı «terrorçu təşkilat üçün təbliğat aparmaq» maddəsiylə cinayət işi açılmışdı. Vəkil bu işin açıq qalıb-qalmadığını öyrənməyə cəhd edir.

«HEÇ SAXLANMAMALIYDI»

Depardon beş ildi İstanbulda yaşayırdı. Polis onu mayın 8-də ölkənin cənub-şərqində saxlayıb.

«Mathias Depardon-un buraxılması qeyd olunası hadisədir, ancaq o, heç saxlanmamalıydı. Türkiyə hakimiyyətini Depardon-u - o arzulayarsa - İstanbuldakı evinə buraxmağa, müdaxiləsiz işləməsinə icazə verməyə çağırırıq», – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.

«Human Rights Watch» insan haqları təşkilatı isə «Amnesty International»ın Türkiyə rəhbəri Taner Kılıç-ın saxlanmasını pisləyən bəyanat yayıb. Qurum hüquq müdafiəçi barəsində həbs-qətimkan tədbirinin seçilməsini ciddi ədalətsizlik adlandırıb.

Taner Kılıç
Taner Kılıç

T.Kılıç hüquqşünas və «Amnesty International» hüquq müdafiə təşkilatının Türkiyə bölümünün rəhbəridir. İyunun 9-da məhkəmə onu Fethullah Gülen təşkilatının üzvü olmaqda şübhəli bilib. Kılıç iyunun 6-da saxlanmışdı.

ƏDALƏTİN PARODİYASI

«Taner Kılıç-ın saxlanması və həbsə məhkum edilməsi ədalətin parodiyasıdır. Türkiyə hakimiyyəti ona qarşı ittihamları ləğv etməli, onu dərhal azadlığa buraxmalıdır», – «Human Rights Watch»un Avropa və Orta Asiya bölümünün direktoru Hugh Williamson deyib.

Ankara Gülen hərəkatının Türkiyədə ötənilki çevriliş cəhdinin arxasında durduğunu deyir. Gülen bunu təkzib edir.

Kılıç-la bağlı məhkəmə qərarında göstərilib ki, o, Gülen hərəkatının istifadə etdiyi mesajlaşma əlavəsini 2014-cü ildə telefonuna yükləyib, qaynı gülençi sayılaraq bağlanmış «Zaman» qəzetinin redaktoru olub, Kılıç «Zaman» qəzetinə abunə yazılıb, övladı fövqəladə rejim çərçivəsində bağlanmış məktəbə gedib.

«Bunların heç biri cinayət əməlinə dəlil sayıla, həbs-qətimkan tədbirini əsaslandıra bilməz», – «Human Rights Watch» bildirib.

Kılıç özü də Gülen hərəkatına hər hansı şəxsi bağlılığı olmadığını, mobil telefonuna mesajlaşma əlavəsi yükləmədiyini bildirib.

XS
SM
MD
LG