Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Masazır sakini: 'Bir də görürsən, növbə pozuldu, qırğın düşdü'


Su maşını. Foto arxiv
Su maşını. Foto arxiv

«Biz tərəflərdən yazmısız... Çox sağ olun. Ancaq bu tərəflərin dərdi təkcə qazla, yolla bitmir ki... Burda məhəllələr var ki, su maşını gələndə su almaq üçün iri növbələr yaranır, sakinlər vedrələri bir-birinin başına keçirdir. Bunları da yazın».

Bütün bunlar Bakı-Sumqayıt yolundan cəmisi 50 metr aralıda – hasarın arxasındakı Masazırda baş verir. Bu yaxınlarda Masazırdan zəng vuran sakinlər yol və mavi yanacaq sarıdan əziyyət çəkdiklərini bildirmişdilər.

MƏHƏLLƏDƏ CƏMİ BİR DƏMİR DİRƏK VAR

İndisə Masazırın Əziz Əliyev küçəsinin sakinləri şikayət edir. Sakin Soltan Ələkbərov deyir, hazırda həmin küçədə işıqlar kəsilib. Səbəb də hörümçək torunu xatırladan işıq dirəklərindəki naqillərdə tez-tez qısaqapanmaların olmasıdır:

***Buna da bax-Havalar soyudu, sərfiyyat artdı, qaz yoxa çıxdı...

«Bu dəqiqə işıqsızıq... Yəni birinci dəfə deyil, bir həftə əvvəl də gəlsəydiz, qaranlıqdaydıq. Bu boyda məhəllədə cəmi bir dəmir dirək var, üstündə bir-birinə dolaşan o qədər naqil var ki, adam bilmir, evinə gedəni hansıdır. Yağış yağır, su dəydikcə, ətrafa iri qığılcımlar sıçrayır. Sonra da dirəyin başından kiçik partlayışı xatırladan səslər gəlir, məhəllələr qaranlığa bürünür. Burda bir gün çox böyük yanğın olacaq, üzü ona gedirik. Yazmadığımız, getmədiyimiz qurum qalmayıb, hamı bir-birinin üstünə göndərir».

«ADAM ÖZÜNDƏN UTANIR»

Məhəllədəki su problemi sakinləri boğaza yığıb. Məhəllə sakini Mahmud Nəbiyev deyir, həftədə, iki həftədə bir dəfə su maşını gəlir:

«Qırğın olur... Keçmişdə arvadlar başlarında səhəng bulaq üstünə gedərdilər, bizim məhəlləyə su maşını gələndə də eyni vəziyyətdədir. Camaat başında, əlində vedrəylə, su qablarıyla su maşınının qarşısında növbəyə dururlar. Bir də görürsən, biri növbəni pozdu, qırğın düşdü, bir-birinin başına vedrə keçirən kim, suyu yerə dağılan kim... adam 21-ci əsrdə yaşadığını tamamilə unudur. Adam bu vəziyyətdə yaşadığına görə özündən utanır».

***Buna da bax-Qarabağ əlili: 'Dedilər, Mehriban Əliyeva gedincə burda qalmalısan'

Ərazidə kanalizasiya xətləri olmadığından, bir neçə gün davam edən yağışın suları əvvəl həyətləri, sonra evləri basıb. Evlərini tərk etmiş sakinlərin bir qismi hələ də geri dönməyib.

«ŞİKAYƏTLƏR YENİ SALINAN ƏRAZİLƏRDƏNDİR»

Abşeron Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Masazırla bağlı sosial layihələr qüvvədədir və zaman-zaman həyata keçirilir:

«Qəsəbənin mavi yanacaq, işıq, su təminatı, yolların təmiri – hamısı aidiyyəti qurumlar tərəfindən gerçəkləşdirilir. İcra hakimiyyəti olaraq biz də işlərin sürətləndirilməsi üçün vaxtaşırı həmin qurumlara məktublarla müraciət edirik. Hazırkı Masazır bir neçə il əvvəlkindən çox irəlidədir. Problemlər ölkənin hər yerində var və həllinə çalışırıq. Nəzərə alaq ki, bu qəsəbənin böyük hissəsi yeni salınıb, əsas şikayətlər də həmin ərazilərdəndir. Zamanla hər şey qaydasına düşəcək».

Sakinlərsə hesab edirlər ki, hökumətin irimiqyaslı yol, su, qaz layihələri daşa dəyib. Onlar bunun səbəbini iri sosial layihələrə ayrılan maliyyə vəsaitlərinin mənimsənilməsində görürlər. Son on il ərzində Bakı və Bakıətrafı qəsəbələrin sosial inkişafı proqramı çərçivəsində nəzərdə tutulan belə layihələrə milyonlarla pul vəsaiti ayrılıb.

XS
SM
MD
LG