Moskva məhkəməsi hakimiyyətin "xarici agent" kimi tanıdığı politoloq Sergey Markovu 35 min rubl (700 manat) məbləğində cərimələyib. O, "xarici agent"in fəaliyyət qaydalarını pozmaqla bağlı inzibati maddə üzrə təqsirli bilinib. Xəbəri "Ostorojno, novosti" və "SOTAVision" yayıb.
Markov özünü prezident Vladimir Putinin, Ukraynadakı təcavüzkar müharibənin tərəfdarı kimi təqdim edir.
Markov Qaqarin rayon Məhkəməsinə üzərində Putinin şəkli və "Rusiya naminə!" yazısı olan futbolkada gəlib. Markova ittihamın məğzi budur ki, hakimiyyət onu "xarici agentlər" reyestrinə daxil etməzdən öncə o, özü siyahıya salınması üçün müraciət etməyib.
Vəkil Aleksey Moloxov bildirib ki, Markovun törətdiyi bildirilən hüquqpozmanın tərkibi Konstitusiyaya və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarına ziddir: "Bu norma sağlam məntiq baxımından absurddur. Adam "The Washington Post"a müsahibə verir. [Putinin sözçüsü] Peskov da müsahibə verir. Bu, ayrıseçkilikdir".
Markov özünü "Rusiya dövlətinin sadiq oğlu" adlandırıb, Rusiyanı "atasından şilləni itaətlə qəbul edən oğul kimi" sevdiyini deyib. Onu da vurğulayıb ki, Putinin opponentləri ilə müzakirə apararaq onun mövqeyini müdafiə edərkən "xarici agent" elan olunacağını heç ağlına gətirməyib: "Vladimir Putinin tərəfdarıyam, onun etibarlı nümayəndəsi olmuşam, Xüsusi Hərbi Əməliyyatı dəstəkləmişəm. Ədliyyə Nazirliyinin qərarından təkcə mən deyil, hamı şoka düşdü… Avtobusa minməmisiniz, amma sizi biletsiz sərnişin elan ediblər. Bu necə olur?!".
Dövlət Dumasının deputatı və siyasi tok-şouların iştirakçısı olmuş Markov ötən ilin avqustunda "xarici agent" elan edilib. Bu qərar Rusiya ilə Azərbaycan arasında gərginliklə əlaqələndirilib. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevi dəfələrlə tərifləmiş Markov onun iştirakı ilə keçirilən konfransın qonağı olub. Əliyev isə həmin konfransda bir neçə dəfə Ukraynaya dəstəyini ifadə edib.
Ötən ilin iyulunda Şuşada 3-cü Media Forumunda olmuş çexiyalı jurnalist Voytex Bohaç yazırdı ki, səfərin bütün xərcləri ödənib, "yerli istehsal əla konyakdan daha bir qədəh içirəm. Ucuz deyil, amma dəxili yoxdur. Pulunu mən ödəmirəm".
Bohaç oteldəki qonaqların kremlpərəst təhlilçi Markovun "propaqanda turu"na qatıldıqlarını, Markovun isə, deyilənlərə görə, Azərbaycan üçün lobbiçilik etdiyini yazırdı.